Saytımızı qiymətləndirin


 
 

Bar qızları
Tarix: 08-04-2022 | Saat: 15:18
Bölmə:Karusel / Yazar | çapa göndər

 Bar qızları

Azərbaycanda əylənmək problemdir. Gənc olmaq problemdir. İçmək də problemdir, çəkmək də... Gənclər enerjisini harada istifadə edəcəyini bilmir. Gecə klubu mədəniyyəti ümumi götürsək, yoxdur. Bara gedənlərə əxlaqsız kimi yanaşmaq ən normal haldır. Ümumin nəzarəti hər zaman hər kəsin üzərindədir.

Cəmiyyətdə hər kəs rahib və rahibə olmalıdır deyə bir qayda yoxdur. Təfəkkür və yanaşmalardakı terror insanları bəlli dairənin içərisində yaşamağa məcbur edir. Adamlar var bütün həyatını eyni trayektoriyada keçirir. Nə sağa dönür, nə sola. Onun üçün fərqli ünvan anlayışı yoxdur. Monoton həyat onu sıxsa da, cəmiyyətlə hesablaşmağa çalışır. 

Mövzu indi daha aktualdır. Gecə klubunda baş verən partlayış içimizdəki əxlaq “uçastkovu”larını hücuma keçməyə sövq etdi. Guya orada olanların hamısı əxlaqsızlar olub və Allah-Təala da həmin adamlara bəla göndərib. Qarğışın biri bir qəpikdir. Biz özümüzü hər zaman başqalarının, hətta tanımadığımız adamların həyatı üçün müəllim hesab edirik. Onların geyimindən tutmuş hərəkətinə kimi hər şeyə qarışmaq haqqını özümüzdə görürük. Bu niyə belədir? Biz niyə neqativlərlə dolu ətrafa sahibik? Niyə başqaları kimi rahat yaşaya bilmirik?

Başa düşürəm. Dolanışıq çətindir, qazanc azdır, təhsil yoxdur, iş yoxdur, ev yoxdur. Amma bunların heç biri bizdən daha yaxşı yaşayanlar və yaxud elə bizim kimi imkanlara sahib ola-ola anı yaşaya bilən insanlara nifrət püskürməyimizə əsas vermir axı. Bacarırıqsa, elə olaq. Bacaqmırıqsa, dilimizi qarnımıza qoyub başqalarının həyatına, həyat tərzinə qarışmayaq.

Azərbaycanda əyləncə həyatının yoxluğunun toplumun düşüncə tərzi ilə birbaşa əlaqəsi var. Amma məncə bu təkcə düşüncə ilə bağlı deyil. Bizim əyləncə dünyasında olan iş adamları bu biznesin inkişaf etməsi üçün azacıq imkan belə yaratmırlar. Bakıda demək olar ki, əhalinin orta təbəqəsinin büdcəsinə uyğun olan gecə klubları yoxdur. Onların hamısı varlılar üçün nəzərdə tutulub. Orta gəlirli şəxs gecə klublarının hazırkı qiymətləri ilə heç onların dəhlizlərinə keçə bilmir. 

Bu da həmin məkanlara gedə bilməyənləri dəhşətli dərəcədə qıcıqlandırır. Onların yerində ola bilməmək aqressiyaya səbəb olur. Nəticədə də kin, nifrət püskürülür. Tərəflər bir-birinə qarğış edir. 

“Bar qızı” ifadəsi bəlkə də dünyanın heç bir yerində bizdəki səs tonu, üz ifadəsi, iyrəncliyi ifadə etmək manerası ilə işlənmir. Bu söz birləşməsinin başqa dillərdə qarşılığı varmı görəsən?! Bəllidir, “bar qızları” rahibə deyillər. Onları heç kim buna məcbur da edə bilməz. Onlar öz həyatlarını istədikləri kimi yaşamaq azadlığına sahibdirlər. Bu azadlığı onlara təbiət, ölkə qanunları verir. Amma bizdən nə həyat, nə də dövlət qanunları tələb etmir ki, onları söyək, qarğış edək. Qoy, onlar istədikləri kimi yaşasınlar. Əgər bizə mane olmurlarsa, əgər qanunları pozmurlarsa, bizə nə düşüb? Niyə özümüzü onların valideynləri kimi aparmağa çalışırıq? 

Demokratik cəmiyyət müxtəliflik deməkdir. Başqalarının fərqli fikirlərinə, həyat tərzinə, dini görüşünə, hörmətlə yanaşmaq, hörmət göstərməsən belə qarışmamaq deməkdir. Amerikanı Amerika edən bu qaydalar deyilmi?



Xəbəri paylaş

1239 dəfə oxunub.

Digər xəbərlər