Saytımızı qiymətləndirin


 
 

"Keşlə"nin futbolçusu: "Bəzən oyundan sonra 2 gün fikirdən yata bilmirəm"
Tarix: 20-02-2022 | Saat: 14:41
Bölmə:Karusel / Gündəm | çapa göndər

Keşlənin futbolçusu: Bəzən oyundan sonra 2 gün fikirdən yata bilmirəm

"Elə olur ki, oyundan sonra 2 gün fikirdən yata bilmirəm".

Qarabaginfo.az bildirir ki, bunu "Report"a açıqlamasında "Keşlə"nin futbolçusu Şəhriyar Əliyev komandanın uğursuz çıxışı barədə danışarkən deyib.

30 yaşlı müdafiəçi bildirib ki, hazırkı vəziyyət oyunçulara pis təsir edir: "Fikirləşirik ki, bəlkə fərqli oynasaydıq, qələbə qazanırdıq. Hər oyundan sonra öz aramızda danışırıq. Bizim üçün çox çətindir. Yaxşı oyunlarımız da olur. Bu statusdan çıxmaq istəyirik. Kubokda mübarizəni dayandırdığımız üçün bütün fikrimizi çempionata yönəltmişik".

Paytaxt klubu qış fasiləsindən sonra keçirdiyi 4 matçda 11 top buraxıb. Əliyev problemin təkcə müdafiə xəttindən qaynaqlanmadığını söyləyib: "Müdafiə hücumdan başlayır. Boşluqlar buraxır, kompakt müdafiə oluna bilmirik. Qol buraxmaq isə komandaya psixoloji cəhətdən təsir edir. Təqvim də bizim üçün yaxşı deyil. Kubokda 2 dəfə "Qarabağ"la oynamışıq. Çempionatda isə "Zirə" və "Neftçi" ilə üz-üzə gəlmişik. Növbəti görüşümüz yeni Ağdam klubuna qarşıdır".

Təcrübəli oyunçu evdə "Neftçi"yə 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın XVI tur matçına da toxunub: "Oyuna çox yaxşı başlamışdıq. 4-5 real qol vəziyyətini dəyərləndirə bilmədik. Ümumiyyətlə, rəqib qapısına yol tapmaqda çətinlik çəkirik. Komanda çox qol buraxırsa, bu tək qapıçının və müdafiəçilərin deyil, hamının səhvidir. Tək-tək günahkar axtarmaq lazım deyil".

O, "Neftçi" ilə oyunda əvəzləndikdən sonra aqressiv olmasının səbəbini də açıqlayıb: "Meydandan çıxmaq istəmirdim. Uduzduğumuz üçün komandama kömək etmək fikrində idim. Adam içəridən yanır, qıcıqlanır. Paltarlarım soyunub-geyinmə otağında olduğu üçün ora getdim. Qeyri-adi səbəbi çoxdur. Uduzanda adam əsəbi olur. İndiyədək hansı komandada oynamışamsa, formanın haqqını verməyə çalışmışam. Çünki oradan pul qazanıram".

Əliyev uğursuz nəticələrə görə tənqid olunan "Keşlə"nin baş məşqçisi Sənan Qurbanovun iş prinsipindən də söz açıb: "Nə vaxt baxırsan, bazadadır. Bəlkə də həyatda tək işi budur. Futbolla alışıb-yanan insandır. Təlim-məşq toplanışına gedə bilmədik. Futbolçular optimal formada deyil. İlk dövrədə də belə olmuşdu. 3-4 oyundan sonra özümüzə gələ bilmişdik. Baş məşqçinin işi barədə nəsə deyə bilmərik. Bu, rəhbərliyin işidir. Biz verilən tapşırıqları maksimum yerinə yetirməyə çalışırıq. Son turda "Neftçi"yə qarşı pis oynamadıq. Sadəcə, ustalıq səviyyəsi öz sözünü dedi".



Xəbəri paylaş

1254 dəfə oxunub.

Digər xəbərlər