Tarix: 19-02-2022 | Saat: 13:06
Bölmə:Karusel / Kriminal | çapa göndər
Samux rayonunun Füzuli kəndində 25 yaşlı gəncə bir neçə nəfər ağır xəsarətlər yetirib.
Qarabaginfo.az Report-a istinadən xəbər verir ki, Samux rayon Kolayır kənd sakini, 25 yaşlı M.Əliyev bir neçə nəfər tərəfindən yaşadığı kənddən Füzuli kəndinin ərazisinə aparılıb. Orada gənci döyən şəxslər onun qulağının birinin yarıdan çox hissəsini kəsiblər.
Baş və üz nahiyəsindən ağır zərbələr alan gənc tanınmaz hala düşüb. O, daha sonra hadisə olan yerdən sürünə-sürünə kənd sakinlərindən birinin evinin qarşısına gəlib və kömək istəyib.
Məsələ ilə bağlı dərhal polisə və təcili tibbi yardıma məlumat verilib, ağır xəsarətlər alan gənc Gəncə şəhər Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onun qulağı tikilib, digər tibbi yardımlar göstərilib. Hazırda xəstəxanada müalicəsi davam etdirilir.
Hadisənin baş vermə səbəbləri hələ ki məlum olmasa da, özünün dediyinə görə 6 nəfər tərəfindən döyülüb.
Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
***
Daxili İşlər Nazirliyi (DİN) Samuxda 25 yaşlı oğlanın ölümcül döyülməsi ilə bağlı məlumat yayıb.
Nazirliyin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Kolayır kənd sakini Mirzaman Əliyevin naməlum şəxslər tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alması barədə məlumat daxil olub.
Dərhal Samux RPŞ-nin əməkdaşları təxrəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirərək vətəndaşa xəsarət yetirən şəxslərin kimliyini müəyyən edib. Araşdırmalar zamanı məlum olub ki,rayonun Füzuli kəndində yerləşən “Şəhidlər bulağı”nın su krantını qırdığına görə M. Əliyevi həmin kəndin sakinləri Rahib Bayramlı, Nərman Qələndərli, Həsrət Qəmbərli və Rüfət Əliyev döyərək müxtəlif bədən xəsarətləri yetiriblər.
Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, hazırda Samux Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Digər xəbərlər