Tarix: 17-02-2022 | Saat: 23:01
Bölmə:Karusel / Gündəm | çapa göndər
İspan iş adamı Vinsente Saraqosa və italiyalı Renato Polonya Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makronun danışıqlar apardığı uzun masanı kimin şirkətinin hazırlaması ilə bağlı mübahisə ediblər.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Mübahisə Saraqosanın İspaniya radiostansiyalarından birinə verdiyi müsahibədə dövlət başçılarının oturduğu masanın Valensiyadakı istehsalat müəssisəsində hazırlandığını qeyd etməsindən sonra başlayıb. Onun sözlərinə görə, masa ağ alp fıstıq ağacından hazırlanıb və əsl qızıl yarpaqla işlənib.
Bu açıqlamadan sonra Komo şəhərində yerləşən “Oak” müəssisəsinin qurucusu Renato Polonya Saraqosanın masanın hazırlanmasında iştirakı ilə bağlı dediklərinin yalan olduğunu bildirib. O deyib ki, bu model 1990-cı illərin ortalarında hazırlanıb və həmin illərdə onun fotoşəkilləri Rusiya jurnal və qəzetlərində geniş şəkildə yayılıb.
“Tanımadığım bu adam deyir ki, bu masanı 2005-ci ildə düzəldiblər. Bu, yalandır. Bunun sübutu kimi bizdə görülən işlərə və hətta o vaxt Boris Yeltsinin prezident kimi tanınması dövrünə dair bütün sertifikatlar var”, - deyə Polonya bildirib.
Qeyd edək ki, fevralın 7-də Kremldə Putin və Makron arasında danışıqlar 5 saatdan çox davam edib. Danışıqlardan sonra onların ətrafında müzakirə apardıqları masa sosial şəbəkələrdə məzhəkə mövzusu olub.
Digər xəbərlər