Saytımızı qiymətləndirin


 
 

“Heydər Əliyev irsi: Azərbaycanda dövlət-din münasibətləri”
Tarix: 07-04-2021 | Saat: 10:24
Bölmə:Gündəm | çapa göndər

Heydər Əliyev və İslam həmrəyliyi | Xalq Qəzeti

Tarixən milli və dini baxımdan həmişə tolerant bir ölkə olmuş Azərbaycanımızda nümunəvi dövlət-din münasibətləri formalaşmışdır. Bu münasibətlərin əsasını məhz Azərbaycan xalqının böyük oğlu Ulu Öndər Heydər Əliyev qoymuşdur. Ümummilli Liderimizin dövlət-din münasibətləri sahəsində yürütdüyü uğurlu siyasət nəticəsində ölkəmizdə dini etiqad və vicdan azadlığı maneəsiz təmin edilmiş, dini radikalizm və ekstremizmin ölkəmizdə ayaq açmasının qarşısı alınmışdır.

Ulu öndər Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə (1993-2003-cü illər) xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, İslam mədəniyyəti nümunələri olan məscidlərin, tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı əsaslı tədbirlər həyata keçirilmişdir. Təbii ki bütün bunlar dahi liderin xalqa olan mənəvi bağlılığından və İslami dəyərlərə sədaqətindən irəli gəlirdi.

Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı Azərbaycanın başının üstünü almış bütün bəlalardan qorudu. Ulu Öndər gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmış, məsuliyyətdən çəkinməmiş, çətinliklərə, maneələrə mətinliklə sinə gərərək Allahın ona bəxş etdiyi fədakarlıq, dəmir məntiq, mübarizlik, özünəinam və siyasi uzaqgörənliklə ideya və fikirlərini sadə şəkildə geniş xalq kütlələrinə çatdırmaqla xalqı vətəndaş qarşıdurmasından, müstəqilliyi itirmək təhlükəsindən qurtarmışdır. Ona görə də, biz bugün iftixar hissi ilə deyirik ki, Azərbaycan dövləti Ümummilli Liderimizin şah əsəridir.

Heydər Əliyevin böyüklüyü həm də onda idi ki, müxtəlif dinlərə mənsub ölkə vətəndaşları arasında ayrı-seçkilik aparmır, bütün səmavi dinlərin nümayəndələrinə eyni gözlə baxır, istər məscid, istər kilsə, istərsə də sinaqoqların bərpasına və tikintisinə dəstək verirdi. Onun həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan Respublikası dövlət-din münasibətlərində həssas nəzarətlə bərabər, ölkədə etiqad azadlığı üçün şərait yaradıldı, dini dəyərlərə, ibadət yerlərinə və din adamlarına xüsusi qayğı göstərilməyə başlanıldı. Əsas məqsəd isə dövlət-din arasında qarşılıqlı anlaşma və əməkdaşlığı gücləndirmək idi. Ulu Öndər Heydər Əliyev islamiyyətlə bağlı olan dini-mərasim və adətlərin də layiqincə keçirilməsi üçün hər cür şərait yaratmışdı. 1994-cü ildə Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində müqəddəs Kəbəni ziyarət etməsi, Mir Möhsün Ağa ziyarətgahında din xadimləri və möminlərlə görüşməsi, Bibiheybət məscid-kompleksinin yenidən qurulmasına xeyir-dua verməsi Ulu Öndərin dini-əxlaqi dəyərlərə sadiqliyinin real təsdiqi idi.

İslam dinini Azərbaycan xalqının milli-mənəvi sərvəti hesab edən Ulu Öndər Heydər Əliyev islamın insanları paklığa, sağlığa çağırdığını vurğulamışdır. Heydər Əliyev mütəmadi olaraq müxtəlif dinləri təmsil edən din xadimləri ilə görüşər, ibadət ocaqlarını ziyarət edər, dindarlar qarşısında çıxışlar edər, dini bayram və mərasimlər münasibətilə onları təbrik edərdi. 1994-cü il 26 avqust tarixində mövlud bayramı münasibətilə Təzəpir məscidində təntənəli mərasimdə dindarlar qarşısında çıxış edərkən Heydər Əliyev İslam dininin tərbiyəvi əhəmiyyətindən bəhs edərək demişdir: “İslam dini həmişə insanları sağlığa, təmizliyə, ülvi mənəviyyata dəvət etmişdir. Qurani-Kərim insanları düzlük, mənəvi paklıq ruhunda tərbiyə edir. Müstəqil Azərbaycan Respublikasının bu ağır, çox çətin, keşməkeşli dövründə bütün bunların bizdən ötrü böyük əhəmiyyəti var”.

Sovet İttifaqı dağılandan sonra dinə cəmiyyətdə sərbəstlik verilmişdi, milli-mənəvi dəyərlərə qayıdış baş vermişdi. Təbii ki, bu çox müsbət proses idi. Lakin bu müsbət şəraitdən istifadə edərək din pərdəsi altında təhdid və təhlükə törətməyə cəhd etmək istəyən qüvvələr var idi. Ulu Öndərin dini-ideoloji təhlükəsizliyimiz istiqamətində gerçəkləşdirdiyi siyasi və ictimai addımlar nəticəsində dini radikalizm və ekstremizm bəlası ölkəmizdə ayaq aça bilmədi. Belə ki, dini radikalizmin oyanmasına səbəb olan savadsızlıq, səfalət, ədalətsizlik kimi mənfi sosial təzahürlərin qarşısının alınması üçün Heydər Əliyev tərəfindən uzaqgörən və mütərəqqi addımlmar atıldı və müasir dövrdə də cənab Prezidentimiz İlham Əliyev  bu müdrik siyasəti mükəmməl şəkildə həyata keçirir.

Ulu Öndər Heydər Əliyevin fəaliyyətindən danışan zaman Azərbaycanımızın multikulturalizm ənənələrinin bərpa edilməsi istiqamətindəki rolunu da xüsusi vurğulamaq istəyirəm. Azərbaycan multikulturalizminin siyasi banisi məhz Heydər Əliyevdir. O deyirdi: “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir”. Ulu Öndərin təşəbbüsü və göstərişi ilə Azərbaycan multikultural ənənələrinin dövlət tərəfindən qorunması hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Konstitusiyasında əks olundu. Multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi Azərbaycan Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə əks olunub.

Hər il may ayının 10-da Vətənin, Azərbaycan dövlətinin və xalqının xilaskarı Heydər Əliyevin doğum günü ölkəmizin hər yerində təntənəli şəkildə qeyd olunur. Ulu Öndərin doğum gününün ümumxalq bayramı kimi qeyd edilməsi xalqın öz liderinə minnətdarlıq hissindən irəli gəlir. Dünya Azərbaycanlılarının da yaşadıqları ölkələrdə bu tarixi günü yüksək səviyyədə qeyd etmələri Heydər Əliyev şəxsiyyətinin böyüklüyünün və unudulmazlığının bariz nümunəsidir.

Ulu Öndərin dövlətçilik prinsiplərinə sadiq qalan ölkə Prezidenti İlham Əliyev tərəfindən bu gün sabitliyə və tolerantlığa əsaslanan dövlət-din münasibətlərinin möhkəmləndirilməsi üçün bir çox işlər görülür. Dövlət dini icmalara daima xüsusi qayğı ilə yanaşır. Bu səbəblə Möhtərəm Prezidentə təşəkkürlərimi bildirirəm. Cənab Prezidentimizə bu böyük siyasi irsi və dövlətçilik təcrübəsini miras qoyan Ulu Öndər Heydər Əliyevi bir daha rəhmət və hörmətlə yad edirəm.

 

Balakən rayonu Püştətala kənd məscidi

dini icmasının sədri:                                                   Qudavasov Qurban Ənvərbəy oğlu

 

04.04.2021-ci il.

 

 



Xəbəri paylaş

1356 dəfə oxunub.

Digər xəbərlər