Saytımızı qiymətləndirin


 
 

İrəvan-Ankara yaxınlaşması: Növbəti mərhələdə səfirliklər AÇILIR?
Tarix: 14-02-2022 | Saat: 12:32
Bölmə:Karusel / Siyasət | çapa göndər

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində xüsusi nümayəndələr fevralın 24-dә Avstriyanın paytaxtı Vyanada görüşəcəklər. Növbəti görüşdə sərhədlərin açılması və digər məsələlərin müzakirəsi gözlənilir. 

 

Qeyd edək ki, Türkiyə nümayəndəsi Serdar Kılıç və Ermənistan təmsilçisi Ruben Rubinyan arasında ilk görüş yanvarın 14-dә Rusiyanın paytaxtı Moskvada keçirilmişdi.

 

Bu dəfə Avstriyada baş tutacaq görüşdə iki ölkə üçün hansı məsələlər masada olacaq, növbəti mərhələ səfirliklərin açılması ola bilərmi?

 

Türkiyənin Fransadakı keçmiş səfiri, sabiq diplomat Uluç Özülker Ankara və İrəvan arasında davam edəcək prosesləri Modern.az-a şərh edib.

 

 

Eks-səfirin sözlərinə görə, iki ölkə arasında əlaqələrə dair prosesləri diqqətlə izləmək lazımdır. Səfirliklərin açılmasına gəlincə, diplomat hesab edir ki, əvvəlcə sərhədlərin açılmasına ehtiyac var:

 

“Ölkələrdə səfirliklərin açılması dövlətlər arasında əlaqələrin normallaşması deməkdir. Amma hələ o nöqtəyə gəlinməsi üçün müzakirə edilməsi lazım olan bir çox məsələ var. Əvvələcə sərhədlərin açılması və ticarətin yenidən başlanmasına ehtiyac var. Bundan əvvəl iki ölkə arasında protokol imzalanmışdı. Amma həyata keçirilə bilmədi. Bunun isə iki səbəbi vardı. Birinci səbəb Türkiyə tərəfdən Azərbaycanla bağlı idi. Türkiyə Qarabağ məsələsi həll olunmayana qədər əlaqələrin normallaşmayacağını bəyan edirdi. Bu mövzuda hər zaman dost, qardaş ölkə olan Azərbaycanın yanında dayanmışıq.

 

İkinci səbəb Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlıdır. Türkiyənin altı vilayəti Ermənistan torpağı olaraq göstərilir. Bu məsələlər həllini taparsa, diplomatik nümayəndəlik yaradıla bilər”.

 

Qeyd edək ki, Türkiyə 16 dekabr 1991-ci il tarixində Ermənistanın müstəqilliyini tanıyıb və müstəqillik əldə etdikdən sonra ciddi iqtisadi problemlər yaşayan bu ölkəyə humanitar yardım göstərib. Lakin bu günə kimi Ermənistanla diplomatik münasibətlərin qurulması və ikitərəfli münasibətlərin inkişafı üçün Ermənistan tərəfindən əlverişli şərait yaradılmayıb.

 

İki ölkə üçün diplomatik nümayəndəliyin açılması məsələsi 2009-cu ildə gündəmdə olub. 22 aprel 2009-cu ildə Türkiyə, Ermənistan və İsveçrə XİN-ləri birgə bəyanatla çıxış edərək, iki ölkənin "əhatəli çərçivə haqqında razılığa gəldiyini və normallaşma üçün yol xəritəsinin müəyyən olunduğunu" elan ediblər.

 

31 avqust 2009-cu ildə iki protokol üzrə razılıq əldə edilib. Onlardan biri "Diplomatik əlaqələrin qurulmasına dair Protokol", digəri isə "Əlaqələrin inkişafı haqqında Protokol" olub. Bu sənədlər qüvvəyə mindikdən sonra sərhədin açılmasına start veriləcəkdi. Ancaq protokolların Ermənistan və Türkiyə xarici işlər nazirləri tərəfindən imzalanması və hər iki ölkənin parlamentində təsdiqlənməsi üçün çətin bir proses nəzərdə tutulurdu.

 

Türkiyədə müxalifət partiyaları buna etiraz edib protokollara səs verməyəcəklərini bildirdilər, ölkədə kiçik miqyaslı etiraz aksiyaları keçirildi. Bu etirazlar fonunda Ankara və Yerevan danışıqları davam etdirdilər və nəhayət, 2009-cu il oktyabrın 10-da İsveçrənin Sürix şəhərində ABŞ-ın ovaxtkı Dövlət katibi Hillari Klinton, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransanın xarici işlər naziri Bernard Kouchner-in iştirakıyla Türkiyə və Ermənistanın xarici işlər nazirləri Ahmet Davutoğlu və Edvard Nalbandyan protokolları imzalayıb. Amma hələ də əlaqələrin normallaşması üçün addım atılmayıb. Bunun başlıca səbəbi Ermənistan tərəfinin danışıqlardan yayınaraq, destruktiv mövqe sərgiləməsi olub. 



Xəbəri paylaş

299 dəfə oxunub.

Digər xəbərlər
8-09-2022, 12:45 Sabah hava necə olacaq?