Tarix: 09-04-2019 | Saat: 10:08
Bölmə:Karusel / Sosial | çapa göndər
Xəbər verdiyimiz kimi, aprelin 5-də Nazirlər Kabineti daxili bazarda qiymət artımı müşahidə olunan soğan, kartof və kələmin ixracına əlavə rüsum tətbiq edib. Qurumun qərarı ilə soğan və kələmin ixracına 1 kiloqram üçün 2 dollar, kartofda isə 1 dollar rüsum müəyyənləşdirilib.
Soğan və kələmin ixracına rüsum tətbiq olunması razılıqla qarşılansa da, kartofla bağlı atılan addım etirazlara səbəb olub. Cənub bölgəsində faraş kartof yetişdirən fermerlər etirazlarını rayon icra strukturlarına çatdırmaq üçün toplantı belə keçiriblər. Bu etirazlar Nazirlər Kabinetinin kartof ixracına əlavə rüsum tətbiq etməsinə dair qərarının doğru addım olub-olmadığına dair müzakirələrə yol açıb.
"Qarabaginfo" "Qafqazinfo"ya istinadən xəbər verir ki, sabiq maliyyə naziri, professor Saleh Məmmədovun məsələ ilə bağlı Musavat.com-a dediyinə görə, kartofun qiymətindəki bahalaşma mövsümi xarakterli olub: “Qiymət artımı mövsüm üçün xarakterik bir haldır: köhnə məhsul bitmək üzrədir, yeni isə bazara çıxmayıb. Bir-iki həftəlik müddətdə çox da yüksək həddə olmayan bahalaşma baş verdi. Bu, hər il baş verən prosesdir. Bunu bilə-bilə Nazirlər Kabinetinin kartofun bir tonu üçün birdən-birə 1000 dollar rüsum təyin etməsi məntiqsiz və heç bir iqtisadi qanunauyğunluğa sığmayan addımdır. Bu qərar meşədən meyvə və giləmeyvələrin yığılmasına cərimə tətbiq olunması qərarı qədər absurd, bütün bazar prinsiplərinə ziddir. Digər tərəfdən, son vaxtlar ölkədə müəyyən qədər iqtisadi fəallıq müşahidə olunur, iqtisadi artım müəyyən qədər sürətlənib. Bu isə istər-istəməz qiymətlərə də artım yönündə təsir edir. Qiymətlərin uzun müddət dəyişməməsi və ya azalması iqtisadi durğunluqdan xəbər verir. İnkişaf etmək istəyiriksə, qiymət artımının da davamlı olacağını nəzərə almalıyıq. Hökumət müəyyən iqtisadi rıçaqlarla bahalaşmanın effektiv həddə saxlamağa çalışmalıdır. Bu rıçaqlar bazar iqtisadiyyatı prinsiplərinə uyğun olmalıdır, əks halda, iqtisadi fəallığı zəiflədəcək.
Başqa bir tərəfdən, qərar prezident İlham Əliyevin müəyyən etdiyi qeyri-neft ixracının dəstəklənməsi siyasətinə, islahatlar kursuna qarşıdır. Bu siyasət qeyri-neft məhsullarının ixracının dövlət tərəfindən bir neçə istiqamətdə dəstəklənməsini nəzərdə tutur: ixracın təşviqi, prosedurların sadələşdirilməsi və sair. İxracat ölkənin valyuta ilə təminatı, qeyri-neft istehsalının stimullaşdırılması deməkdir. Bu qərar isə həyata keçirilən siyasətə qarşı yönəlib və düşünürəm ki, prezident onu dayandıracaq”.
S.Məmmədov bildirir ki, faraş kartof böyük əziyyət və maliyyə tələb edən məhsuldur: “Faraş kartof istixana şəraitində yetişdirilir, çox da baha başa gəlir. Yəni əldə olunan məhsulun maya dəyəri yüksək olur. Bunun əziyyətini və xərcini çəkib becərən fermer-kəndli ümidini ona bağlayır ki, məhsulunu xaricə satıb qoyduğu xərci çıxaracaq, əlavə də qazanc əldə edəcək. Nazirlər Kabinetinin qərarı isə onları nəinki əlavə gəlirdən, həm də qoyduqları vəsaiti geri qaytarmaqdan məhrum edir. Çünki faraş kartof-soğanı uzun müddət saxlamaq qeyri-mümkündür, iki-üç həftəyə məhv olub gedir. Məhsulun yenicə çıxarılmasına başlandığı günlərdə bu qərarın verilməsi istehsalçının gözlədiyi bütün gəlirini əlindən almaq deməkdir. Yüz min tonlarla kartofu Azərbaycan bir neçə həftəyə istehlak etmək gücündə deyil. Buna görə də qərar qüvvədə qalarsa, yüz minlərlə ton məhsul məhv olacaq. Digər tərəfdən, ixrac edilən ölkələrlə əvvəlcədən müqavilələr imzalanıb, onlar məhsul gözləyirlər. Bu məhsulu almasalar, növbəti il bir daha Azərbaycandan nəsə almayacaqlar, beləliklə də fermerlər böyük bir bazarı itirmiş olacaqlar və beynəlxalq etibardan düşmə, kəskin ziddiyyətlər olacaq”.
Professor deyir ki, belə qərarlar məhsul istehsalı planlaşdırılarkən elan olunmalıdır: “Minlərlə fermer işini planlaşdırıb, məhsul istehsal edib. Bu adamlara 5-6 ay əvvəldən məlumat verilməliydi ki, onların da işlərini başqa istiqamətdə qurmağa vaxtları olardı. Məsələn, indi qərarı gələn ilin məhsulu ilə bağlı qəbul etmək mümkündür, əgər bu bütün bazar prinsiplərinə uyğundursa. Məhsul yetişən zaman bu cür qərar verlməsi peşəkar baxımından da qəbuledilməzdir. Başqa bir tərəfdən, ötən ilin istehsal dövründə soğanın qiyməti 10 qəpik idi. Dövlət həmin vaxt daxili istehlakı planlaşdırmaqla, məhsulun bir qismini alıb anbarlarda saxlamalı idi. Bu, həm məhsul yetişdiyi dövr üçün hədsiz ucuzlaşmanın qarşısını almağa imkan verərdi, həm də indiki bahalaşma dövründə bazara məhsulla intervensiya edib qiymətləri tənzimləməyə. Bütün dünya bu yolla gedir, çünki bazar iqtisadiyyatı prinsipləri bunu tələb edir. Düşünülməmiş inzibati qərar ciddi siyasi və iqtisadi zərərləri ola biləcək bir addımdır və ümid edirəm ki, dövlət başçısı bu prosesi dayandıracaq”.
Digər xəbərlər