Saytımızı qiymətləndirin


 
 

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib
Tarix: 27-01-2018 | Saat: 16:10
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Bu gün Baş Prokurorluqda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2017-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

 

"Qarabaginfo" xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən "Apa.az"a verilən məlumata görə, Baş prokuror Zakir Qaralov kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edib. O, 2017-ci ilin ölkəmizdə dərin, köklü və nəticə verən iqtisadi islahatlar həyata keçirilməklə gələcək onilliklər üçün əsası qoyulmuş layihələrin təməlinin atılması ilə zəngin olduğunu bildirib.

 

Baş prokuror işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin açılışı və Şıxarx qəsəbəsində yeni şəhərciyin salınması ilə “Böyük Qayıdış” prosesinə start verilməsini ölkəmizin həyatında mühüm hadisə olduğunu diqqətə çatdırıb.

 

Xüsusi olaraq vətəndaş məmnunluğunun təmin edilməsində əvəzsiz rol oynayan “ASAN” xidmət mərkəzlərinin səmərəli fəaliyyəti qeyd edilməklə mərkəzlərə yarandığı gündən 20 milyona yaxın müraciət edilməsinin, həmçinin 2019-cu ilin sonuna qədər ölkəmizdə “ASAN xidmət” Mərkəzlərinin sayının 20-ə çatdırılmasının dövlət qulluqçusu - vətəndaş münasibətlərində dövlətin həyata keçirdiyi siyasətin mühüm təzahürü kimi vurğulanıb.

 

Cari hesabat dövrünün ölkəmiz üçün müsəlman Şərqində ilk demokratik, parlamentli respublikanın - Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi ilə əlamətdar olacağı bildirilməklə, Azərbaycan Prezidentinin dövlətçilik irsimizə ehtiramın müstəsna nümunəsi kimi 2018-ci ili “Azərbaycan Xalq Cumhuriyyəti ili” elan etməsinin önəmi xüsusi qeyd edilib.

 

Bununla yanaşı, cari ilin prokurorluq orqanlarının yaradılmasının 100 illik yubileyinin qeyd edilməsi ilə də xüsusi əhəmiyyətə malik olacağı bildirilməklə, prokurorluq orqanlarının hər bir əməkdaşının səmərəli fəaliyyəti və üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə Cümhuriyyətin, o cümlədən Prokurorluğun yaradılmasının 100 illiyinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.

 

Kollegiya iclasında bildirilib ki,  2017-ci ildə də cinayətkarlığa qarşı mübarizə gücləndirilib, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizə, o cümlədən vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahələrində zəruri tədbirlər görülüb.

 

Hesabat müddətində hərbi prokurorluq orqanları tərəfindən Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla əlaqəli şəkildə hərbi birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunmuş, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı aparılıb.

 

Kollegiya iclasında Baş prokuror tərəfindən İşgəncələrə qarşı Avropa Konvensiyası üzrə ölkəmizin götürdüyü öhdəliklərin, müvafiq qanunvericilik aktlarının və Baş Prokurorluq üzrə təsdiq edilmiş əmrin tələblərinə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar tərəfindən dönmədən əməl edilməsi, cinayət təqibi zamanı işgəncə vermə, yaxud digər formada fiziki və ya psixi zora məruz qalma ilə əlaqədar müraciətlərə təxirəsalınmadan baxılmaqla prinsipial yanaşma göstərilməsi, təqsiri müəyyən edilmiş şəxslər barəsində qanunla nəzərdə tutulmuş qəti tədbirlərin görülməsi barədə konkret tapşırıqlar verilib.

 

Eyni zamanda diqqətə çatdırılıb ki, ibtidai araşdırma zamanı işgəncələrin və insan ləyaqətini alçaldan digər hərəkətlərin qarşısının alınmasına gündəlik nəzarət həyata keçirilməklə hər bir əməkdaşın fərdi məsuliyyət hissi artırılmalı, bu cür faktlar üzrə dərhal müvafiq araşdırmalar  aparılmaqla zərurət olduqda cinayət işləri başlanmalıdır.

 

Hesabat məruzəsində adıçəkilən Konvensiyanın tələblərinə əməl edilməsi ilə əlaqədar prokurorluğun və daxili işlər orqanlarının struktur qurumlarına Baş prokuror və daxili işlər naziri tərəfindən imzalanmış göstəriş xarakterli məktubun göndərildiyi bildirilib.

 

Azərbaycan Respublikası Prokurorluğu orqanları tərəfindən  hesabat dövründə  vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin daha da təkmilləşdirilməsi  istiqamətində zəruri tədbirlər həyata keçirildiyi vurğulanıb.  2017-ci ildə bütövlükdə prokurorluq orqanlarına 83 mindən çox, o cümlədən Baş Prokurorluğa 45 min ərizə və şikayət daxil olmaqla, onlardan 32 mininin  müvafiq qaydada həlli, o cümlədən 4480 müraciət üzrə vətəndaşların qaldırdığı məsələlər təmin olunub. Prokurorluq orqanlarında 32 mindən çox, o cümlədən şəxsən prokurorlar tərəfindən 15 min, Baş Prokurorluqda isə 6 minə yaxın vətəndaş qəbul edilib.

 

Prokurorluğun əlaqədar qurumlarından  tələb edilib ki,  müraciətlərə baxılması və vətəndaşların qəbulu  sahəsində  əməkdaşların məsuliyyətinin artırılması, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə olunması, müraciətlərə formal yanaşma və süründürməçilik, qəbula gələnlərə biganə münasibət göstərilməsi hallarına son qoyulması təmin olunsun.

 

Xüsusi vurğulanıb ki, Dövlət başçısının tapşırıq və tövsiyələrinə müvafiq olaraq Baş prokuror tərəfindən respublikanın 12 bölgəsində prokurorluğun rəhbər işçilərinin iştirakı ilə 290 vətəndaşın qəbulu keçirilməklə, qaldırılan məsələlərin yerində həll edilməsi və əsaslı müraciətlərin təmin olunması istiqamətində hərtərəfli tədbirlər həyata keçirilib.

 

Kollegiya iclasında görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil  olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddətlər ərzində aradan qaldırılması üçün konkret tapşırıqlar verilib. Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə 2017-ci ilin nəticələrinə görə artımı müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.

 

Kollegiya iclasında çıxış edən Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Baş prokurorun müavini - Respublika Hərbi prokuroru Xanlar Vəliyev, Baş prokurorun müavini Namiq Əsgərov, Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi Natiq Hüseynov, Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Murad Dadaşov və digər natiqlər  çıxışlarında 2017-ci il ərzində görülmüş işlər barədə ətraflı məlumatlar verilməklə, “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin daha da artırılması, prokurorluq orqanlarının işinin müasir məzmunda təkmilləşdirilməsinə yönəldilmiş konkret təkliflər irəli sürülüb.

 

Kollegiya iclasına yekun vuran Baş prokuror prokurorluq orqanlarının kollektivi adından Azərbaycan İlham Əliyevi əmin edib ki, Azərbaycan Prokurorluğunun kollektivi öz qüvvələrini səfərbərliyə almaqla, bundan sonra da digər əlaqədar dövlət təsisatları ilə birlikdə  dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcək, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi yolunda öz xidmətlərini göstərəcək.



Xəbəri paylaş

662 dəfə oxunub.

Digər xəbərlər