Tarix: 07-02-2022 | Saat: 16:23
Bölmə:Karusel / Gündəm | çapa göndər
10 noyabr bəyanatının 4-cü bəndinin öhdəliklərindən irəli gələn prosesin icrasında faktiki olaraq durğunluq nümayiş etdirilir.
4-cü bəndə əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir.
Amma keçən müddət ərzində biz erməni separatçıların çıxarılmasını yox, əzələlərini şişirtməyə meyil etdiyinin şahidi olmuşuq.
Burada önə çıxan versiya budur ki:
1. Separatçı tör-töküntülər Ermənistan rəhbərliyinin iradəsindən kənara çıxır və İrəvana tabe olmaqdan boyun qaçırır. Amma belə vəziyyətin yaranması Ermənistanı da qane edir.
2. Onların qol-budaq atmasını qidalandıran Rusiya sülhməramlılarıdır.
Səbəb nə olursa-olsun, Azərbaycanın strateji səbrinin bir hüdudu var, bu sərhədin aşılması isə Bakını hərbi güc tətbiq etməyə məcbur edəcək.
Azərbaycan post-konflikt dövrü olsa da, 44 günlük Vətən müharibəsinin nəticələrini təhlil edərək yeni hərbi-strateji xətt yürüdür və ehtiyat tədbir kimi antiterror əməliyyatlarını gündəlikdə saxlayır.
Düzü başa düşmək çətindir ki, separatçı quldurlar kimə və nəyə güvənir, onların qidalandıran erməni revanşist duyğulardırsa, bunun da praktiki faydası yoxdur.
Fevralın 4-də separatçılar Rusiya sülhməramlılarının çətiri altında gizlənərək Ağdam istiqamətində səngər qazıblar, necə deyərlər, bu səngər deyəsən onların məzar yeri olacaq.
Fevralın 6-da isə Tərtər rayonunun Qapanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri fasilələrlə atıcı silahlardan atəşə tutulub.
Azərbaycan Türkiyə modelli nizami ordu sisteminə keçid edib və proses davam edir, artıq komando birlikləri yaranıb, rəsmi informasiyalardan çıxarış etsək, belə hərbi birliklərin sayı 3-dür.
Antiterror əməliyyatları üçün digər qoşun növlərinin koordinasiyalı işini bir kənara qoyaq, təkcə komando birlikləri ermənilərin başını əzməyə qadir qüvvədirlər.
Hələ bura işğaldan azad edilmiş ərazilərdə açılan digər hərbi hissələrin resursunu da əlavə etsək, o zaman ermənilərin taleyi üçün növbəti qara günün başlanması tezləşmiş olar.
Bu, nə pafosdur, nə də şişirtmə, hərbi cəhətdən müqayisədir, bu müqayisə belə deməyə əsas verir ki, Azərbaycan Ordusu kiçik resurslarla belə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində eşələnən erməni quldurları məhv edə bilər.
Rusiya sülhməramlılarına gəlincə, onların səngər qazmaq əməliyyatlarında iştirakı bir başqa sual doğurur, axı niyə bu elementi 10 noyabr bəyanatının icra mexanizmi kimi qələmə verilməsi görüntüsü yaradırlar?
Bakı vaxtaşırı bu cür məsələlərlə bağlı sülhməramlılara etiraz edir, izahat tələb edir, amma buna məhəl qoyulmaması yəqin ki, hansısa bəhanə ideyalarına əsaslanır.
Bakı isə belə bəhanələrə toxdur, onun səbrinin sərhədləri var. Bu gedişat isə Bakıya hərb variantından başqa çıxış yolu qoymur. Yaxşı olar ki, separatçı ünsürlər ağıllarını başlarına yığıb məhdud saylarının Ermənistana sağ-salamat geri qayıtması üçün çalışsınlar. Əks təqdirdə isə, onların meyitləri evlərinə yola salınacaq.
Aqşin Kərimov
Digər xəbərlər