Saytımızı qiymətləndirin


 
 

“Rövşən Cavadov Rəsul Quliyevin 120 nəfərlik  “ölüm eskadronu” yaratmasından danışdı...
Tarix: 27-03-2019 | Saat: 13:57
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Картинки по запросу Rövşən Cavadov 1995-Cİ İL MART

“Onun “qara siyahısı”nda öncə mən, daha sonra tanınmış biznesmenlər, hərbçilər, ziyalılar var...”

Ta ki, 1995-ci il martın 15-16-dək Rövşən Cavadov xalqı, gəncləri Heydər Əliyevin ətrafında birləşməyə çağırırdı... 

 

 

 

Xalqımız və dövlətçiliyimiz üçün  olduqca həlledici, həm də ziddiyyətli, kritik bir mərhələyə təsadüf etmiş 1995-ci il Mart olaylarından artıq 24 il ötür. Müstəqilliyimizin bərpası ərəfəsindəki və sonrakı bir sıra hadisələr kimi,  QARDAŞ QIRĞINIYLA nəticələnmiş həmin olayların da hələ də  bir çox qaranlıq, sirli məqamları açıqlanmayıb...

 

Hələ bu günədək bəndənizə tam aydın deyil: “Necə oldu ki, 1993-cü ilin iyununda, ölkənin vətəndaş müharibəsinə hamilə olduğu, hər bir siyasi lider üçün qorxulu, təhlükəli və gərgin günlərdə o zaman Naxçıvan Muxtar Respublikası Ali  Sovetinin sədri olan mərhum Prezident Heydər Əliyevin mühafizəsini təşkil edərək Bakıya- düz Prezident Aparatınadək gəlməsinə şərait yaratmış, bizlərə verdiyi  müsahibə və çıxışlarında daim Qarabağı işğaldan azad etmək üçün xalqı və gəncləri Heydər Əliyev ətrafında sıx birləşməyə çağıran Daxili İşlər nazirinin müavini, torpaqlarımızın müdafiəsi və azad edilməsi uğrunda ən gərgin döyüşlərin iştirakçısı olmuş, qəzet və kitablarda ermənilərin başına külli miqdarda pul qoyması barədə yazılan “OMON” komandiri olan şəxs və ona sadiq onlarla döyüşçü iki il ötməmiş  ölkənin Prezidentinə, Ali Sovet sədrinə qarşı çıxdı və sonda özü və ətrafındakılar dövlət çevrilişinə cəhddə ittiham olundular?”... 

 

Düzdü, dövlət orqanları istintaq aparıb, cinayət işi açılıb, yüzlərlə hadisə iştirakçısı, bəndəniz də qarışıq şahidlər dindirilib, hökm verilib, cəzalarını çəkənlər çəkib və hələ də çəkənlər var, amma bu günədək içimizi gəmirən və cavabsız qalan suallar  var... 

 

(Əvvəli bu linkdə:http://www.moderator.az/news/263358.html)

“Əgər Vətəni sevmək –siyasət hesab olunursa, bəli, mən siyasətlə məşğulam...”   

.

..1994-cü ilin avqust-sentyabrından sanki hansısa gizli xarici və daxili qüvvələr  Cavadov qardaşlarıyla hakimiyyətin daha iri fiqurları arasındakı ziddiyyətləri gücləndirməkdə idi.  Hadisə və proseslərin təhlilindən belə təsəvvür yaranırdı  ki,  Rövşən Cavadov yalnız Azərbaycandakı  korrupsioner şəbəkənin deyil, beynəlxalq “demokrat” diktatorların – müsəlman-türk düşmənlərinin, hətta qardaş Türkiyə iqtidarındakı neft acgözlərinin də planlarına mane ola biləcək bir gücdür… Odur ki, onu nə yolla olur-olsun, ya sui-qəsdlə, ya da siyasi oyunların tələsinə salıb aradan götürməyə çalışırdılar...

 

Artıq beynəlxalq siyasi güclərin və medianın diqqətini cəlb etmiş Rövşən Cavadovun 1994-cü ilin oktyabrında bir tədbirdən sonra  “Nizami” metrosu yaxınlığındakı, “Xudu Məmmədov” Xeyriyyə Cəmiyyətinin qərargahının  yerləşdiyi 16 mərtəbəli binanın qarşısında avtomobilə minməmişdən ayaqüstü dediyi, yanında dayanmış 3-4 şəxs və digər bir neçə jurnalistlə  bərabər   eşitdiyim bir cümləsi məni daim düşündürür. Sabiq Daxili İşlər nazirinin müavini belə söylədi: “ Biz Amerikanın məşhur Qobl planının, yəni Şuşa və Laçının Mehri  ilə dəyişdirilməsinin qəti əleyhinə olduğumuzdan bəzi xarici qüvvələr bizi təqib edir, məhv etməyə çalışır...” 

Keşmiş “OMON” komandirinin dediklərinin tam mahiyyətini açıqlaya bilməsək də, onun siyasi oyunların qurbanına çevrilməsində deyilənlərin rolunun olmasını qəti deyə bilməsək də, xatırladaq ki, “Qobl planı” Amerika politoloqu Pol Qoblun adı ilə bağlı idi. 1990-ci illərin əvvəlindən gündəmə gəlmiş həmin plana əsasən   Qarabağ “problemi”nin həlli aşağıdakı şərtlərlə aparılmalı olan ərazi mübadiləsində görülürdü:

 

  • DQMV- nin bir hissəsi Azərbaycana tərəf axan çayların mənbələri ilə birlikdə Ermənistana verilir. 

 

  • Ermənistanın Azərbaycan Respublikasını Naxçıvanla birləşdirən Mehri rayonu ərazisi Azərbaycanın nəzarətinə keçir.

Qobl, planda “DQMV-nin bir hissəsi” dedikdə Kəlbəcər və “Laçındəhlizi” arasındakı bir sıra Azərbaycan ərazilərinin Ermənistan nəzarətinə verilməsini önə çəkirdi. Bunun əvəzində Azərbaycana Ermənistanın cənubunda yerləşən Mehri rayonundan Naxçıvana birləşmək üçün dəhlizin verilməsini nəzərdə tuturdu. Rövşən Cavadov və onun tərəfdarları isə Laçın və Şuşa rayon mərkəzlərinin, eləcə də əsasən çılpaq təpə və dağlardan ibarət Mehri zolağından fərqli olaraq ətraf bir sıra zəngin təbiətli, meşəli-çəmənli, bulaqlı, çaylı, göllü, müxtəlif təbii sərvətli ərazilərin ermənilərə verilməsinin əleyhinə idi. Bu gün də Azərbaycan xalqını belə bir ərazi mübadiləsi ilə razılaşdırmaq çətin məsələdir...

 

Əslində normal hüquqi(!), demokratik(!) dövlət dəyərləri prizmasından yanaşsaq, Daxili İşlər nazirinin müavini kimi Rövşən Cavadov siyasi proseslərə qoşulmaqla səhv edirdi: o, ikisindən birini seçməli: ya güc strukturundakı vəzifəsindən uzaqlaşaraq ictimai-siyasi fəaliyyətlə məşğul olmalı, ya da necə deyərlər, başını aşağı salıb nazir müavini vəzifəsini icra etməli idi. Lakin çapında şəxsən bəndənizin iştirak etdiyi müsahibələrindən birində Rövşən Cavadov özünün siyasətə qarışması barədəki suala belə cavab vermişdi: “Əgər Vətəni sevmək –siyasət hesab olunursa, bəli, mən siyasətlə məşğulam...”    

 

O günlər Rövşən Cavadov fiquru beyinlərdə o dərəcədə güclənmişdi ki,  bəzilərinə elə gəlirdi, artıq yaxın aylarda o, hakimiyyəti devirərərək prezident olacaq. Odur ki, öncə də dediyim kimi, əvvəllər digər iqtidarlara, sonradan indiki hakimiyyətə vəzifə, ad-san, var-dövlət əldə etmək məqsədilə yalmananlar o vaxtlar Cavadovların, Azərbaycan Demokratik Gənclər Birliyinin, “Xudu Məmmədov” Xeyriyyə Cəmiyyətinin dörd bir yanında dolanırdı... Hətta 1994-cü ilin yayında yuxarılarda  “OMON”un ləğv olunması barədə söhbətlər dolaşanda  Prezident Heydər Əliyevə ünvanlanmış, Rövşən Cavadov başda olmaqla “omon”çulara təriflər yağdırılan  müraciəti imzlayan ziyalı-filan hesab edilənlərin xeyli hissəsi 1995-ci ilin məlum Mart olaylarından sonra mövqelərini 180 dərəcə dəyişdilər.  Həmin hadisələrədək “Təzadlar” qəzetində adı, məqaləsi çıxması üçün can-fəşanlıq edən və bununla  fəxr edən kimləri görməmişik? Yadımdadır ki, Yeni Azərbaycan Partiyasının Bakının rayonlarından birindəki şöbəsini sədri olan bir “ziyalı” redaksiyamızda, bəndənizin qarşısında Rövşən Cavadova, eləcə də onun ata-anasına, “OMON”a necə mədhnamələr oxuyur,  qəzetdə R.Cavadov  haqqında özünün adından  məqalə dərc olunması üçün necə dil tökürdü... Amma R.Cavadovun ölümündən sonra da həmin şəxs YAP-dakı fəaliyyətini uğurla(?) davam etdirdi...

 

“Çevriliş” xəyalıyla yaşayanların düşündüklərinə rəğmən ta ki, 1995-ci il martın 15-16-dək Rövşən Cavadovun hər hansı bir tədbirdə, mətbuat konfransında və s.  şəxsən öz dilindən birbaşa o vaxtkı Prezident Heydər Əliyev əleyhinə danışmasını xatırlamıram. Əksinə, daim çıxış və müsahibələrində xalqı, gəncləri Prezident ətrafında birləşməyə çağırırdı. Lakin  o zaman Ali Sovet sədri olan Rəsul Quliyevə qarşı kəskin mövqe açıq-aydın hiss olunurdu... 

 

1994-cü ilin oktyabrındakı məlum hadisələrdən sonra “OMON” bazasında keçirdiyi  mətbuat konfransında R. Cavadovun dediyi və onlarla digər jurnalistin də eşitdiyi bu informasiya da dəqiq yadımdadır:  

“Bizdə olan məlumata görə, Rəsul Quliyev 120 nəfərlik “ölüm eskadronu”  yaradıb ki, “qara siyahı”da olan adamları aradan götürsünlər. Həmin  "qara siyahı"ya mən(Rövşən Cavadov) başda olmaqla tanınmış ziyalılar, biznesmenlər, hərbçilər və s. daxildir…”

 

Maraqlıdır ki,  Mart faciəsindən bir ay ötməmiş, 1995-ci il aprelin 12-də Qarabağ savaşı başlayandan sonra Rusiyadakı karyerasını atıb Vətəninə gəlmiş  tanınmış xeyriyyəçi biznesmen, Azərbaycanın ilk rəsmi milyarderi Yelmar Məmmədov qətlə yetirildi, 1996-cı ildə deputat, iş adamı Əli Ansuxski öldürüldü, 1997-ci ildə böyük ziyalı, sovet dövründən erməni tarixçilərinə meydan oxuyan Ziya Bünyadov ağzından atıldı, 1999-cu ildə isə bir il öncə Rövşən Cavadova öldürüləcəyini xəbər vermiş məşhur görücü-ekstrasens, gözəl insan, din və mənəviyyat adamı Etibar Elkin iki oğlu ilə birgə namaz qılarkən qəddarlıqla qətlə yetirildi, daha sonra “Qara polkovnik” Fətulla Hüseynov öldürüldü...

Düzdür, 1996-cı ildən sonra artıq Rəsul Quliyev hakimiyyətdə yox, ABŞ-da mühacirətdə idi. Amma bütün hallarda adı çəkilən qətlə yetirilmiş insanlar bütövlükdə xalqın və ya onun müəyyən təbəqələrinin arasında böyük nüfuzu olan, tanınmış(!) şəxslər olublar. Öncə dediyim kimi, həqiri-bəndəniz yalnız gözü ilə gördüyü, qulağı ilə eşitdiyi faktları yazır...Və bəndəniz iddia etmir ki,  Rövşən Cavadovdan üzü bəri adları çəkilənləri məhz onun ölümündən 4-5 ay öncə Rəsul Quliyev tərəfindən yaradıldığını təkidlə söylədiyi həmin “ölüm eskadronu”  qətlə yetirib. Kim bilir, bəlkə həmin gizli qrup xarici yağılarla bağlı elə bir daxili düşmən güc tərəfindən təşkil edilib ki, onun  “qara siyahısı”ndakı qətllər  bu günədək davam edib və hələ bundan sonra da davam edəcək?.. Hər halda 2015-ci ildə ləğv edilmiş və bir sıra rəhbər əməkdaşları həbsdə olan  MTN-də 11 il ərzində baş vermiş hədsiz qudurğanlıq və özbaşınalıqlar çox mətləblərdən xəbər verir... 

 

Amma o da var ki, 17 mart 1995-ci ildə Prezident Heydər Əliyevin yanındakı iclasda spiker Rəsul Quliyevin simasında açıq-aydın sezilən sevinclə Rövşən Cavadovun öldürülməsini xəbər verməsi  çoxlarının yadında olar…Hələ həmin və digər iclaslarda R.Quliyev R. Cavadov başda olmaqla “OMON” üzvlərini xain əməllərdə, o cümlədən dövlət çevrilişinə cəhddə günahlandırmışdı. Bəs nədən 2012-ci ildə, üzərindən 17 il ötmüş  Mart faciəsinin ildönümü ərəfəsində ABŞ-da mühacir həyatı yaşayan və mövcud hakimiyyətə müxalifətdə olduğunu bəyan etmiş Rəsul Quliyev “Azadlıq” qəzetinə verdiyi müsahibəsində etiraf etdi ki, Rövşən ölməyə layiq oğlan deyildi? Əgər o dövrdə Heydər Əliyev hakimiyyətinin ikinci şəxsi, özü də Cavadovlarla, demək olar ki, düşmən münasibətlərdə olmuş bir fiqur bunları etiraf edirsə, görün, sadə vətəndaşların gözündə Rövşən Cavadov kim olub… 

 

Gördüyüm, bildiyim bir gerçəyi də  nəzərinizə çatdırmaq istəyirəm. Qəlbimdə yaranan təəssürata görə, Rövşən Cavadov digərləri kimi o qədər də dəbdəbəli yaşayışa can atmır, sadə həyat tərzi sürürdü. Onun öz evində olmasam da, ölümündən sonra ata-anasının yaşadığı evdə dəfələrlə olmuşdum; divarları bir neçə yerdən su verirdi. Rəhmətlik anası  Tamara xanım danışırdı ki, Rövşəndən evlərimizi nə vaxt təmir etdirəcəyini soruşanda cavab verirdi ki, nə vaxt çadırlardakı on minlərlə qaçqın öz yurd-yuvasına qayıdıb dağılmış evlərini bərpa edəcəklər, onda da mən sizin evinizi təmir etdirəcəyəm… 

 

Hələ 90-cı illərin sonlarında Rövşənin ata evi möhtəşəm villalarla mühasirəyə alınmaqda idi.. Atası Bəxtiyar Cavadovun vəfatı və oğlu Laçının müəmmalı ölümündən sonra Tamara xanım o evi satmaq qərarına gəldi… Bu gün həmin evin yerində də villa ucaldılıb…Amma tarixdə villa, qəsr ucalığı deyil, namus, qeyrət, mənəviyyat, vətənpərvərlik  ucalığı qalır. Vaxtı, zamanı gələndə qaranlıqlar aydınlaşacaq, Allah dərgahında və xalqın qəlbindəki zirvələri fəth etmiş əsl ucalar daha aydın görünəcək... 

 

P.S. 1995-ci ilin aprelində Respublika Baş Prokurorluğunun istintaq qrupuna üç gün ardıcıl verdiyim ifadələrdə, sonrakı aylarda  “OMON”çuların məhkəmələrində dəfələrlər şahid kimi çıxışlarımda Rövşən Cavadov və “OMON” döyüşçüləri barəsində  dediklərimin üzərində bu gün də dayanıram... Hansısa qərəzli, siyasi məqsədli fikir,  mülahizə söyləməkdən uzağam, yalnız gözümlə görərək qulağımla eşitdiklərimi, gerşək bilib düşündüklərimi söyləmişəm və söyləyəcəm... Əgər bununla bir günah, cinayət işləmisəmsə, öncə Allah Özü, sonra da  hüquqi(!) dövlətimiz  barəmdə qərar versin...

 

Sultan Laçın



Xəbəri paylaş

868 dəfə oxunub.

Digər xəbərlər