Tarix: 28-01-2022 | Saat: 14:20
Bölmə:Karusel / Dünya | çapa göndər
Yanvarın 26-da Cənubi Çin dənizində keçirilən təlimlər zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinin Carl Vinson təyyarədaşıyan qruplaşmasının tərkibində olan F-35 qırıcısı göyərtə ilə toqquşma nəticəsində dənizə düşüb.
Qəza zamanı pilot katapult edib, onu dənizdən xilasetmə dəstəsinin vertolyotu çıxara bilib, lakin təyyarə bir qədər suyun üzündə qaldıqdan sonra dənizin dibinə batıb. Və indi onu dənizin dibindən çıxarmaq üçün Rusiya və ola bilsin Çin öz sualtı qayıqlarını göndərib. ABŞ Hərbi Dəniz Qüvvələri isə təyyarəni mümkün qədər tez çıxarmağa çalışır ki, onun hazırlandığı texnologiya və məxfi avadanlıqlar Rusiya və Çinin əlinə keçməsin.
Qəzanın “bədbəxt təsadüf” nəticəsində baş verdiyi bildirilir. Pilot qırıcını təyyarədaşıyanın göyərtəsinə endirərkən göyərtəyə çatmağa az qalmış hündürlüyü qəfildən itirib və ikinci dövrə vurmaq üçün sürət yığmağa çalışıb, lakin bu zaman qırıcı təyyarədaşıyanın göyərtəsinə toxunub və suya düşüb. İnsident zamanı göyərtədəki yeddi hərbçi xəsarət alıb. Onlardan üçü Filippinə aparılıb və hospitala yerləşdirilib.
Qırıcının düşdüyü rayona çatmaq üçün ABŞ-ın xilasetmə gəmisi azı 10 gün yol getməlidir. Bu isə Çinə imkan verə bilərdi ki, qırıcının düşdüyü yerə öz sualtı qayıqlarını daha tez göndərsin.
“Biz şübhəsiz ki, F-35 qırıcısının dəyərini bütün yönlərdən başa düşürük. Və təyyarəni geri qaytarmaq cəhdlərini davam etdirərkən bunu hər şeydən əvvəl təhlükəsizliyi və bizim milli təhlükəsizlik maraqlarımızı nəzərə almaqla edirik”, - Pentaqon nümayəndəsi Con Kirbi bildirib. Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan isə jurnalistlərə bildirib ki, onların suya düşmüş həmin təyyarəni tapmaq ambisiyaları yoxdur. “Bu, Cənubi Çin dənizində birinci qəza deyil. Biz onların təyyarələri ilə maraqlanmırıq. Maraqlı ölkələri regionda əzələ oynatmaq əvəzinə sülhə və sabitliyə xidmət etməyə çağırırıq”, - o deyib.
Lakin BBC ekspertləri qeyd edirlər ki, çinlilər dənizdə batan qırıcını tapmağa çox can atırlar və onlar bu “uçan kompüteri” əldə edə bilsələr texnoloji baxımdan ciddi sıçrayışa nail olacaqlar. İşi qəlizləşdirən həm də budur ki, təyyarənin qara qutusunun akumlyatorları Amerika xilasedici gəmiləri regiona çatana qədər “yatacaq” və nəticədə qırıcının yerini müəyyən etmək çətinləşəcək. Nəzəri olaraq amerikalılar qırıcını sudan çıxarmayıb dənizin dibində məhv edə bilərlər, amma bu variant hələ nəzərdən keçirilmir.
Amerikanın “The Drive” nəşri isə yazır ki, Çindən əvvəl Rusiya bu qırıcını ələ keçirməyə can atır. Çünki təyyarəni çıxarmaq üçün rusların daha çox imkanları var və onlar artıq qəza rayonuna öz sualtı qayıqlarını göndəriblər.
“Rusiyanın o qədər də böyük olmayan, amma yüksək döyüş qabiliyyətli sualtı qayıqları, habelə dənizin dərinliklərində xilasetmə və casus əməliyyatları keçirmək üçün suüstü gəmiləri var”, - nəşr xatırladır. (virtualaz.org)
Digər xəbərlər