Saytımızı qiymətləndirin


 
 

Zəngəzur dəhlizilə bağlı YENİ MESAJ: İrəvandan hansı xəbərlər gəlir...
Tarix: 27-01-2022 | Saat: 09:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

Müstəqil siyasət həyata keçirən hər bir dövlət özünün suveren hüquqlarını qorumaq, dövlət müstəqilliyini möhkəmləndirmək, beynəlxalq münasibətlər sistemində layiqli yer tutmaq və meydana çıxmış münaqişələri həll etmək üçün ardıcıl və prinsipial xarici siyasət yeridərək, qonşu ölkələr və dünyanın nüfuzlu dövlətləri ilə yanaşı, onların təmsil olunduğu bütün beynəlxalq təşkilatlarla da geniş əməkdaşlıq əlaqələri qurmağa ehtiyac duyur. 30 ilə yaxın davam edən işğal prosesindən sonra müharibə yolu ilə torpaqlarını azad etməyə nail olan Azərbaycan Zəfər qazandıqdan sonra region ölkələri və beynəlxalq təşkilatlarla əlaqələrin inkişaf etdirilməsinə xüsusi önəm verir.

 

Lakin 44 günlük müharibədə məğlubiyyətə rəğmən, regionda sülhü pozmağa davam edən, qonşu dövlətlərlə sabitlik, sakitlik şəraitində yaşamaqdan boyun qaçıran Ermənistan tərəfi yenə öz pozucu missiyasını davam etdirməyə çalışır. Rəsmi İrəvan Azərbaycanın sülh təkliflərinə razılaşmaq əvəzinə, özünün “ərazi” iddialarını irəli sürməkdə davam edir, qonşu ölkələrin ərazi bütövlüyünü tanımaqda birmənalı mövqe sərgiləmir.

 

Ermənilərin müharibədən sonrakı addımları, Azərbaycana və Türkiyəyə qarşı absurd iddiaları haqqında Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov əvvəlcə Prezident İlham Əliyevin Ermənistandan müsbət xəbərlər alınması barədə sözlərini xatırladıb. Onun fikrincə, dövlət başçısının həmin mesajı birbaşa Zəngəzur dəhlizinə aiddir:

 

 

“Ermənistanın uzlaşma haqqında mesajlarını digər məsələlərə şamil etmək düzgün olmaz. Diqqətə çatdırmaq istərdim ki, rəsmi İrəvan rəhbərliyinin sülh prosesi ilə əlaqədar ortaya qoyduğu təkliflərin ümumi istiqamətləri bəllidir. Dırnaqarası təkliflər verərkən, Nikol Paşinyan baş nazir kimi 200 milyon dollardan çox maliyyə vasitəsini Qarabağ mövzusuna aid edir. Belə ki, bizim azad etdiyimiz ərazilərdə bu və ya digər proqramların icrasına həmin vəsaitin yönəlməsi barəsində hökumətin qərarı var. Bu göstərir ki, Ermənistan qonşu dövlət olaraq, Azərbaycana aid ərazidə qeyri-qanuni və Azərbaycanın icazəsi olmadan hansısa proqramları maliyyələşdirir. Yəni qondarma, separatçı qurumlara havadarlıq edir. Ona görə, bu şəraitdə verilən təkliflərə də biz ciddi tənqidi baxmalıyıq. Çünki Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını bu ölkə qəbul etmir, qəribə mövqe sərgiləyir. Rəsmi İrəvanın delimitasiya və demarkasiya prosesini başlamaqda niyyəti Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanımaq deyil. Onlar istəyir ki, sovetlər vaxtında formalaşmış Ermənistan sərhədlərini Azərbaycan tərəfinə tanıtsınlar. Göründüyü kimi, İrəvan rəhbərliyi qeyri-balanslı mövqeyindən əl çəkmir.

 

Təbii ki, Azərbaycan bunu qəbul etməyəcək. Çünki Ermənistanın niyyəti köhnə “miatsum” siyasətini davam etdirmək, region dövlətlərinə qəbul etdirməkdir. Məğlubiyyətə baxmayaraq, “miatsum”dan əl çəkməsələr, bu dəfə daha ağır nəticələrlə qarşılaşacaqlar. Azərbaycan Ermənistandan cavab gözləyir və həmin cavab çox konkret olmalıdır. Ermənistanın öz sərhədindən kənarda nə isə etməyə ixtiyarı yoxdur. Hansısa layihələrin maliyyələşdirilməsi, kimlərinsə bura dəvət edilməsi, Azərbaycanın ərazi bütövlüyünə zidd bəyanatların verilməsi qanunsuzdur. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qismən tanıyır. Bu Ermənistanın əvvəlki mövqeyindən heç də fərqlənmir”.  

 

 

Tofiq Zülfüqarov Prezident İlham Əliyevin daha bir fikrini diqqətə çatdıraraq vurğulayıb:

 

““Azərbaycan il yarımdır gözləyir, Ermənistan bu səhv siyasətini davam etdirsə, onun üçün nəticələr daha acınacaqlı olacaq”. Bu ona işarədir ki, əgər Ermənistan Azərbaycan sərhədlərini tanımaq istəməyəcəksə, Azərbaycan da Ermənistanın sərhədlərini tanımayacaq. Tarixi həqiqət barəsində mövzuların Azərbaycan siyasətində gündəmə gəlməsi qaçılmazdır. Tarixi həqiqət isə Zəngəzur, Göyçə, İrəvan və digər ərazilərin qeyri-qanuni şəkildə 102 il əvvəl Ermənistana verilməsidir.

 

Diqqəti dərin tarixə yönəltmək fikrində olmasaq da, 102 il bundan əvvəl Azərbaycanın olan həmin ərazilər Azərbaycan xalqının iradəsinə zidd şəkildə Ermənistana verildi. Təbii ki, biz tarixi ədaləti bərpa etmək üçün siyasət həyata keçirməliyik.

 

Ərazi iddiaları siyasəti 30 il ərzində Ermənistanı iflic hala saldı, hərbi cəhətdən məğlubiyyətə düçar oldular. Əhalinin Ermənistanı tərk etməsi katastrofik hala çevrildi. Hətta köç dalğası ölkənin prezidentinə də gəlib çatdı. Ermənistan prezidenti ərizəsini yazıb, İngiltərəyə köçüb. Hər kəs yaxşı bilir ki, Ermənistanın ərazi iddiaları ilə bağlı siyasəti müsbət nəticə verməyəcək. Onların buna iqtisadi, siyasi, hərbi gücü yoxdur. Onlar qarşıda Azərbaycan-Türkiyə birliyini görə-görə ərazi iddiaları ilə dolu siyasəti həyata keçirirlər. Bu təbii ki, fantastik və qeyri-real məsələdir. Sadəcə öz varlığının vaxtını uzatmaq üçün belə addımlardan mədəd umurlar. Amma kimi isə bununla aldatmaq az qala mümkün deyil. Belə davam edəcəyi təqdirdə, Azərbaycan Ermənistana adekvat cavab verəcək”.

 

 

 



Xəbəri paylaş

260 dəfə oxunub.

Digər xəbərlər