Saytımızı qiymətləndirin


 
 

“Prezident bu dəfə nə eyham vurdu, nə də diplomatik dillə danışdı, açıq şəkildə dedi ki....”
Tarix: 13-01-2022 | Saat: 10:42
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Prezident bu dəfə nə eyham vurdu, nə də diplomatik dillə danışdı, açıq şəkildə dedi ki....”
Ötən günün ən mühüm hadisəsi, şübhəsiz ki, Prezdent İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsidir. Bu müsahibədə dövlət başçısı ciddi mesajlar verdi, Azərbaycanın bu günü və gələcəyi ilə bağlı suallara aydınlıq gətirdi. Əlbəttə, ölkə rəhbərinin çıxışının hər cümləsində dərin məntiq var, onun hər kəlməsi önəmlidir. Amma Prezidentin iki məsələyə münasibəti ölkəmizin gələcəyi, dövlət başçısının planlarını ictimaiyyətə açıqlaması baxımından daha çox diqqəti cəlb edir. 
Jurnalistlərin rəsmi Bakının Yerevana sülh təklifi ilə bağlı sualına cavabında İlham Əliyev tarixə ekskurs edərək, bir az da dərinə gedərək Azərbaycanın təklifini qəbul etməməsinin Ermənistana baha başa gələcəyinə eyham vurdu. Prezident bir daha İrəvanın və Zəngəzurun qədim Azərbaycan şəhəri olduğunu xatırlatdı: “Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün bəlkə də yüz dəfə daha çox əsasımız var, nəinki onların bizim ərazi bütövlüyümüzü tanımaması üçün. Çünki hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Yəni, bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün, necə deyərlər, bir çox amillərimiz var”.
Prezident İlham Əliyev azərbaycanlıların İrəvana qayıtmasında nə qədər qətiyyətli olduğunu öz çıxışlarında dəfələrlə vurğulayıb. Dövlət başçısı hələ 2020-ci ildə, 44 günlük müharibədən bir neçə ay əvvəl Tərtərdəki çıxışında beynəlxalq ictimaiyyətin diqqəti qədim Azərbaycan torpağı olan İrəvana cəlb etmişdi: “Mən deyəndə ki, İrəvan bizim qədim torpağımızdır, tam həqiqəti deyirəm. Bunu hər kəs bilir. Əgər belə olmasaydı, Azərbaycan Demokratik Respublikası nə üçün onda qərar qəbul edib ki, İrəvanı Ermənistana versin, bağışlasın...”
İlham Əliyev bu güclü arqumentdən istifadə edərək dünən Ermənistana növbəti dəfə açıq xəbərdarlıq etdi. Sülh naminə, ölkələrarası əlaqələrin qurulması naminə, Ermənistanın ağlını başına yığacağı, ərazi bütövlüyümüzü tanıyacağı təqdirdə sülhə hazır olduğumuza, İrəvanı Ermənistanın ərazi bütövlüyü çərçivəsində qəbul edəcəyimizə işarə etdi.
Amma İlham Əliyevin Zəngəzurla bağlı suallara cavabında fərqli baxış, yanaşma açıq-aydın sezilirdi. Prezident Zəngəzurla bağlı planları barədə ilk dəfə belə açıq danışırdı. Əvvəla dedi ki, Zəngəzur dəhlizi termininin müəllifi mənəm: “Nə üçün mən bunu məhz Zəngəzur adlandırdım? Ona görə ki, birincisi, bu, Zəngəzurdur, bunun tarixi adıdır. Azərbaycan toponimidir, necə ki, Zəngilan, Zəngəzur, Zəngi çayı, - hansı ki, ermənilər indi Razdan adlandırırlar, - Azərbaycan toponimidir. İkincisi, biz bu dəhlizə, sadəcə olaraq, dəmir yolu kimi baxmırıq. Çünki bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək. Bizim planımızda var, gələcəkdə oradan Naxçıvana elektrik xətləri çəkilsin. Çünki bizim elektrik enerjisi ilə bağlı çox böyük ixrac planlarımız var... Ona görə biz elektrik xətləri də nəzərdə tuturuq. Ondan sonra ola bilsin ki, qaz xətləri də oradan keçsin. Bir xətt Qafandan, bir xətt Mehridən keçə bilər. Bir xətt Qarakilsədən keçə bilər, onlar Sisyan adlandırırlar. Ona görə Zəngəzur dəhlizi bütün Zəngəzur bölgəsini əhatə etməlidir”.
İlham Əliyev Zəngəzura addım-addım yaxınlaşdığımızı belə ifadə etdi: “Onu da bildirməliyəm ki, bizim səylərimiz nəticəsində artıq bu termin beynəlxalq leksikona da daxil edilib. Hətta qeyd etdiyiniz kimi, xarici jurnalistlər mənə sual verdikdə də Zəngəzur dəhlizi deyirlər”.
 “Real” televiziyası əməkdaşının “Cənab Prezident Zəngəzurla bağlı biz bilirik ki, Sizin şəxsi tarixçəniz də var. Siz Naxçıvana səfəriniz zamanı öz əcdadlarınızı ziyarət etdiniz. Şuşa azad olunanda Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət etməyinizi bunun davamı hesab edə bilərikmi?” sualına cavabında Prezident dedi: “Məhz bu idi mənim ürəyimdə olan fikirlərim və ürəyimdə olanları mən hələ ki, deməyəcəyəm. Amma babamın məzarını ziyarət etməklə, eyni zamanda, ürəyimdə olan sözləri dedim. Baxmayaraq ki, mən babamı görməmişəm, o, həyatdan gedəndə mən hələ doğulmamışdım. Amma bildiyiniz kimi, o, Zəngəzurda doğulmuşdur, erməni etnik təmizləmə siyasətinin də qurbanı olmuşdur, onun ailəsi məcburən oradan köçüb Şahbuza, ondan sonra Naxçıvanda yerləşmişdir. Əlbəttə ki, biz əcdadlarımızın yolu ilə getməliyik. Onların ruhlarını həmişə şad etməyə çalışmalıyıq”. 
Prezident İlham Əliyev bu dəfə nə eyham vurdu, nə də diplomatik dillə danışdı. O, hisslərini ifadə edərək demək istədi ki, atamın babama, mənim də atama və xalqıma sözüm var: Zəngəzur Azərbaycana qaytarılacaq. 
“Orada babamın məzarı önündə ürəyimdə dediyim sözləri ola bilsin ki, nə vaxtsa dilə gətirəcəyəm” deyən ölkə rəhbəri ata vəsiyyətini tam başa çatdırmadığı üçün bəzi məqamları və ürəyində olanları dilə gətirmədi. Bu çıxış tarixi torpağımız olan Qərbi Zəngəzurun Şərqi Zəngəzur və Qarabağ kimi Azərbaycana qaytarılacağının, Naxçıvanın ölkəmizin əsas ərazisi ilə birləşəcəyinin anonsu sayıla bilər.
Prezidentin müsahibənin sonuncu sualına cavabında yeni dünya düzənin formalaşdığı dövrdə güc amilinin önə çıxması ilə bağlı fikirləri də təsadüfən deyilmədi: “Prezident seçiləndə mənim 41 yaşım var idi və təcrübəm də o qədər böyük deyildi və mən o vaxt beynəlxalq hüquqa inanırdım. İnanırdım ki, ədalət haradansa göydən düşüb bizim məsələmizi həll edəcək. Sonra başa düşdüm ki, ədaləti biz özümüz bərpa etməliyik”. 
Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli və güclü Azərbaycan tarixi ədaləti bərpa edir, itirilmiş torpaqlarımızı xalqımıza qaytarır. Ölkə rəhbərinin illərdir söylədiyi “Biz güclü olmalıyıq” tezisi bu gün öz təsdiqini tapır. Bəli, biz güclü olduğumuza görə, düşmənə qalib gələrək itirilmiş ərazilərimizi geri ala bilirik. Biz güclü olduğumuza görə, beynəlxalq aləmdə dəstəklənir, haqq işimizi müdafiə edirik. Azərbaycanın yaratdığı yeni reallıqları bütün dünyaya qəbul etdirən bizim gücümüzdür. Ermənilərin uzun illərdir yaratdığı yenilməzlik mifini dağıdan, onları rəzil duruma salan, düşməndən qisasımızı alan Azərbaycanın dəmir yumruğudur. Bu gücümüzü qorumaq və daha da güclü olmaq üçün bu gücü yaradan LİDERİN ətrafında sıx birləşməli, Azərbaycanı uğurdan-uğura aparmalıyıq. 
Dövlət başçısının müsahibənin sonunda səsləndirdiyi fikirlər yeni dünya düzəninə Azərbaycanın hazır olduğuna tam əminlik yaratdı: “...biz Qarabağ problemi kimi ağır yükü çiynimizdən atdıq və hesab edirəm ki, yeni dünya düzənində də təşəbbüs göstərən ölkələrdən biri olacağıq. Çünki de-fakto bu, artıq baş verib və biz bu de-fakto vəziyyətə tam hazırıq, bütün daxili resurslarla hazırıq. Həm mənəvi, həm xalqımızın səfərbərliyi, xalq-iqtidar birliyi, iqtisadi müstəqillik, enerji müstəqilliyimiz, siyasi gündəliyimiz və Qarabağ Zəfərindən sonra xüsusilə artan imkanlarımız - biz tam hazırıq, istənilən varianta hazırıq. Əgər dünya ənənəvi yollarla inkişaf etməyə davam etsə, - halbuki, mən buna inanmıram, - hazırıq. Əgər dünya, beynəlxalq arxitektura tamamilə çöksə, biz buna hazırıq. Yəni, biz komanda kimiyik. Hər an hazır olmalıyıq ki, özümüz öz gücümüzə əsaslanaraq istənilən vəzifəni istənilən yerdə yerinə yetirək və bayrağımızı həmişə uca tutaq”.
İndi bizim bir xalq kimi məhv olmamağımız və yeni dünya düzənində güclü yerdə dayanmağımız, tarixi ədaləti bərpa edərək öz dədə-baba yurdlarımıza qayıda, bütöv Azərbaycanı qura bilməyimiz üçün əsas vəzifəmiz hər şeyə hazır Prezidentin yanında olmaqdır. 
 
Tural Səfərov,
tədqiqatçı-jurnalist


Xəbəri paylaş

247 dəfə oxunub.

Digər xəbərlər