Tarix: 15-11-2021 | Saat: 08:15
Bölmə:Karusel / Sosial | çapa göndər
Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin sakinləri yolsuzluqdan əziyyət çəkirlər.
Sakinlərin virtualaz.org-a ünvanladığı müraciətdə deyilir ki, qəsəbənin əsas girişinə yaxın məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsi üçün illərlə etdikləri müraciətlər nəticəsiz qalıb. Kanalizasiya sisteminin olmaması nəticəsində minlərlə sakinin yaşadığı məhəllənin yolları yaylı-qışlı su ilə dolur.
Şikayətçilər bildiriblər ki, aidiyyatı təşkilatlardan ümidlərini üzüblər, gecə-gündüz Allaha yalvarırlar ki, hava quraqlıq keçsin, yağış yağmasın.
“Yol bərbad vəziyyətdədir, amma xüsusilə payızda, qışda məhəlləyə girmək müşkül olur. Yağış yağan kimi gölməçələr yaranır, palçıq dizə qədər qalxır. Evdən çıxanda özümüzlə rezin çəkmələr götürürük, dayanacağa çatandan sonra rezin çəkməni çıxarıb ayaqqabı geyirik”, - sakinlərdən Arif Məmmədov bildirib.
Digər sakin isə bildirib ki, yaşadığı məhəllə magistral yola yaxındır. Qəsəbədə iki məktəb var, biri yeni tikilib, biri isə əsaslı təmir edilib. Uşaqların palçıqlı ayaqqabı ilə məktəb ərazisinə daxil olmasına icazə verilmir. Uşaqlar da məktəbə valideynləri, yaxud yaxınları ilə gedirlər ki, palçığa batmış qaloşları geri qaytaran olsun: “Qəsəbədə asfalt örtüyü çəkilən məhəllələr çoxdur. Bizim məhəllə Kürdəxanı qəsəbəsinin girişində yerləşir, 2000-ci ildən salınıb, amma kanalizasiya sistemi hələ də yoxdur. Sakinlər imza toplayaraq dövlət qurumlarına şikayət göndəriblər, amma nəinki gəlib vəziyyətimizlə maraqlanan var, hətta müraciətimizə cavab da verilmir”.
Sakinlər redaksiyaya məhəllənin vəziyyətini əks etdirən görüntülər də göndəriblər.
Kürdəxanı bələdiyyəsinin sədri Ağaəli Məsimov isə deyib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə qəsəbəətrafı və məhəllədaxili yolların 97 faizinə astalt örtüyü çəkilib.
“Kürdəxanıda 15 mindən çox sakin yaşayır. Qəsəbədə 156 küçə var, bağlar massivi istisna olmaqla böyük əksəriyyəti, təxminən 115-i tam təmir edilib. Sabunçu ilə Abşeron rayonu ərazisində neytiralda qalan ərazilərə asfalt örtüyü çəkilməyib. Sözügedən məhəlləyə gəldikdə isə, həmin yer Kürdəxanı qəsəbəsinin inzibati ərazisidir. Həmin məhəllədaxili yolun təmiri üçün və Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edilib”, - bələdiyyə sədri belə deyib.
Digər xəbərlər