Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqının təşəbbüsü ilə keçirilən üçtərəfli görüşdə Azərbaycan Avropanın siyasi arenasında da Ermənistanı məğlubiyyətə düçar etdi. Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması sahəsində President cənab İlham Əliyevin irəli sürdüyü bütün təklifləri dəstəkləndi. Görüşdən sonra Avropanın bir sıra dövlətlərinin KİV -lərində Azərbaycan haqqında ölkəmizin qələbəsindən bəhs edən bir sıra yazılar dərc olundu. 44 günlük Vətən Müharibəsi dövründə olduğu kimi postmünaqişə dövründə də cənab İlham Əliyev Qarabağ həqiqətləri və Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdikləri vəhşiliklər barədə dünya ictimaiyyətinə ətraflı məlumat verir. Bununla əlaqədar cənab İlham Əliyev İspaniyanın “El Pais” qəzetinə geniş müsahibə vermişdir. Müsahibəsində cənab İlham Əliyev müharibə bitdikdən sonra Ermənistan tərəfinin revanşist hərəkətlərindən, Rusiya Sülhməramlı qüvvələrinin nəzarətindən kənarda olan ərazilərdə təxribatlar törətdiyini bildirdi.
30 il ərzində Ermənistan rəhbərliyi öz orduları barədə “Məğlub edilməz ordu” mifi yaratmışdılar. Azərbaycan Ordusu 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdi. Bu məğlubiyyətdən sonra Ermənistan dövləti kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Bu gün Ermənistan güya Azərbaycan Ordusunun Ermənistan ərazisinə daxil olduqları barədə dünya ictimaiyyətinə yalan məlumatlar verməkdədir. 90-cı illərin əvvəllərində hər iki dövlət müstəqillik qazandıqdan sonra dövlət sərhədləri tam müəyyənləşdirilməmişdir və digər tərəfdən Ermənistan ordusu Azərbaycan ərazilərinin 20 faizini işğal etmişdi. Azərbaycan Silahlı Qüvvələri əvvəlki anlayışda olan dövlət sərhədlərinə irəliləyərək mövqe tutdular.
Azərbaycan dövləti hər zaman sülhün tərəfdarı olmuşdur. Əgər Ermənistan tərəfi Azərbaycana qarşı hər hansı təxribat törətməyə cəhd edərsə, dərhal bu təxribatların qarşısı ciddi şəkildə alınacaq. Cənab İlham Əliyev bununla əlaqədar dəfələrlə Ermənistanın siyasi, hərbi rəhbərliyini xəbərdar edib.
Azərbaycan hər zaman Ermənistanla sülh danışıqlarına başlamağa və imzalamağa hazır olduğunu bildirmişdir. Ermənistan bu günə qədər tərəflərin ərazi bütövlüyünün tanınması ilə bağlı heç bir fikir bildirməmişdir. Belə nəticəyə gəlmək olur ki, hal hazırkı dövrə gədər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Ermənistan rəhbərliyi hər zaman öz əsassız bəyanatları ilə danışıqlar prosesini pozmağa cəhd göstərirdi. Cənab İlham Əliyev müsahibəsində vurğuladığı kimi tərəfdaşları Ermənistanı bu mövqeyinin gələcəyinin olmamasına inandırmalıdırlar. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistan Azərbaycan dövlətinin beynəlxalq səviyyədə tanınan sərhədlərini tanımasa və sülh sazişi bağlamağa cəhd göstərməsə bu ölkənin gələcəkdə nəinki inkişaf etməsi, bir dövlət kimi mövcud olması sual altında qala bilər. Bu gün Ermənistanda siyasi və iqtisadi vəziyyət acınacaqlı durumdadır. Ermənistanın siyasi dairələri də etiraf edirlər ki, ölkədəki acınacaqlı vəziyyətlə əlaqədar erməni əhalisi kütləvi şəkildə birdəfəlik ölkəni tərk edirlər.
Bu gün Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli işçi qrupu fəaliyyət göstərir. Danışıqlarda bir neçə məsələ barədə razılığa gəlinib. Əsas məqsəd kimi bütün kommunikasiya xətlərinin açılması nəzərdə tutulur. Artıq Azərbaycanla Ermənistan arasında dəmir yol əlaqəsinin açılması ilə bağlı tam razılıq əldə olunub. Avtomobil yolunun çəkilməsi və bu yolun hansı ərazilərdən keçməsi üzərində də işlər aparılır. Azərbaycandan başlayaraq Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasına gedən Zəngəzur dəhlizinin hüquqi rejimi də müzakirə olunan məsələlərdən biridir.
Cənab İlham Əliyev müsahibəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan – Ermənistan münasibətlərinin normallaşdırılmasında müsbət rol oynadığını xüsusi vurğuladı. Doğrudan da bu gün Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasında və Cənubi Qafqazda sülhün bərqərar olmasında çox səmərəli fəaliyyət göstərir. Xüsusilə bu qurumun Azərbaycanla əlaqələri son dövrlər müsbət istiqamətdə inkişaf edir. Dağlıq Qarabağın qondarma statusu barədə cənab İlham Əliyev bir daha Azərbaycan dövlətinin mövqeyini səsləndirdi və heç bir statusdan söhbət gedə bilməz
deyə vurğuladı.
Bəli, Azərbaycan müharibədə qalib gəldi və öz ərazi bütövlüyünü təmin etdi. Artıq bütün dünya bu reallığı qəbul edib. Ermənistan da bununla barışmalı və Azərbaycanla sülh sazişi bağlamalıdır.
Azərbaycan sülhün bərqərar olunmasında bütün siyasi və humanitar vasitələrdən istifadə edir. Bu günə gədər 100-dən çox erməni əsirini Ermənistana qaytarıb.
Azərbaycan iqtisadi cəhətdən bu gün güclü bir dövlətə çevrilmişdir. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı artıq bir sıra Avropa dövlətlərinə ixrac edilir. Azərbaycanın Rusiya ilə Avropaya qaz ixracı sahəsində heç bir problemi yoxdur. Son zamanlar bir sıra siyasi qüvvələr qəsdən bu barədə yanlış informasiyalar yaymağa cəhd göstərirlər. Rusiya ilə Azərbaycan arasında heç vaxt rəqabət olmamışdır. Azərbaycan ilə Rusiya arasında dostluq münasibətləri var və bu hər iki dövlət başçılarının şəxsi münasibətlərində də öz əksini tapıb. Prezident cənab İlham Əliyev “El Pais” qəzetinə müsahibəsində Azərbaycanın Ermənistanla münasibətlərində sülhün bərqərar olunmasında atdığı mühüm addımlardan və dünya iqtisadiyyatına Azərbaycan dövlətinin verdiyi töhfələrdən ətraflı məlumat verdi.
Kamilə Əliyeva,
Milli Məclisin deputatı