Külli miqdarda dələduzluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən təqsirləndirilən Famil Qəfərov, Rahid Tarverdiyev və Elmar Əliağazadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
"Qarabaginfo" "Open.az"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Hər 3 şəxs özlərini qismən təqsirli biliblər. Təqsirləndirilən Famil Qəfərov deyib ki, zərərçəkmiş Namiqlə (ad şərtidir ) restoranda tanış olub: "Bir gün Namiq dedi ki, mənə pul lazımdı. Mən də dedim ki, bankdan kredit götürmək olar. Bunun üçün 1000 dollar verməlisən. O da bu pulu oteldə gətirib mənə verdi. Çox zəng edirdi deyə, mən onu aldatmaq üçün söz verdim ki, pul işini həll edəcəm. Sonradan iyul ayında, təklif etdim ki, qızıl qoyub pul götürmək olar. 2500 manat məbləğində qızıl verdi "Moskva" univermağına və pulu da aldı. O pulu birlikdə xərclədik. Özü demişdi ki, qızılları evlərindəki seyfdən oğurlayıb. Mən etiraf edirəm ki, zərərçəkmişi aldatmışam. Ancaq ittihamda məbləğ şişirdilib".
Sonra digər təqsirləndirilən E. Əliağazadə də ifadəsində deyib ki, zərərçəkmiş Namiqdən alınan qızılları ona veriblər: "Mən qızılın Rəşada məxsus olduğunu bilmirdim. Rahid deyirdi ki, sənə qızıl verəcəklər, o adamla görüş. Qızıllardan da üzük, sırğa, qolbaq olub. Mən də görüşüb, qızılları alırdım və əvəzində pul verirdim. Bunun cinayət əməli olduğunu bilmirdim, əməlimdən peşmanam".
Proses fevralın 8-də davam etdiriləcək.
Qeyd edək ki, 2016-cı ildə üç nəfərdən ibarət dəstə üzvü Fizuli rayon sakinini silahla hədələyərək onun külli miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçiriblər. Belə ki, rayon sakini 2000.-ci il təvəllüdlü Namiq Bakı şəhər Baş Polis İdarəsinə müraciət edib. O, müraciətində 2016-cı ildən etibarən mütəmadi olaraq bir qrup şəxs tərəfindən pul və qızıllarının əlindən alındığını bildirib. Şikayət əsasında üç nəfər - Bakı şəhər sakini 1991-ci il təvəllüdlü R.Tarverdiyev, 1992-ci il təvəllüdlü Şirvan şəhər sakini F.Qafarov və 1993 il təvəllüdlü Astara rayon sakini E.Əliağazadə məsuliyyətə cəlb olunublar. Məlum olub ki, bu üç nəfər yeniyetmədən üst-üstə 359 min dollarlıq (610 min manatdan çox) qızıl-zinət əşyalarını ələ keçiriblər. Belə ki, həmin şəxslər əvvəlcə fırıldaq yolu ilə R. Rüstəmovdan 1000 dollar və və 139 260 dollar dəyərində qızıl-zinət əşyaları qopara biliblər. Sonradan F.Qafarov oyuncaq silahla A.Rüstəmovu hədələyərək onun 219 min 800 dollar dəyərində qızıl məmulatlarını ələ keçirib.