Saytımızı qiymətləndirin


 
 

Jirayr Libaridyanın hakim partiya deputatları ilə qapalı görüşü
Tarix: 15-12-2021 | Saat: 20:30
Bölmə:Karusel / Dünya | çapa göndər

Ermənistanda nəşr olunan “Hraparak” qəzetinin yazdığına görə, ötən gün dekabrın 14-də Eduard Ağacanyanın təşəbbüsü ilə Yerevanda hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputatlarla Levon Ter-Petrosyanın müşaviri olmuş Jirayr Libaridyanın qapalı görüşü olub. Görüşün təşkil edilməsi ideyasının baş nazir Nikol Paşinyana məxsus olduğu bildirilir. Məlumata görə Paşinyan hazırda ABŞ-ın Miçiqan universitetinin professoru olan Libaridyanı parlamentə onun “Ağ kağız” adlı kitabının tezislərini təbliğ etmək üçün “ezam edib”. Həmin kitabda ermənilərin türklərlə ilkin şərtlər irəli sürmədən qonşuluq münasibətləri qurmalı olduğu, “soyqırım” iddialarının tanınması tələblərindən imtina edilməsi, Azərbaycanla sülh müqaviləsinin imzalanması və bu zaman Dağlıq Qarabağın statusu barədə heç bir şərt irəli sürülməməsi barədə danışılır.

 

“Sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin başlamasına qədər Paşinyan öz komandasını hazırlamalıdır, çünki sənəd parlament tərəfindən ratifikasiya edilməlidir. O, narahatdır ki, “Vətəndaş müqaviləsi”ndə onun proqramlarına mane ola biləcək patriotlar tapıla bilər. Libaridyan isə hakim partiyadan deputatları inandırmağa çalışıb ki, ermənilər xüsusən də müharibədən sonra heç bir rol oynaya, tələblər irəli sürə bilməz və mövcudluğu saxlamaq üçün yeganə variant Azərbaycan-Türkiyə tandeminin şərtlərini qəbul edib münasibətlər qurmaqdır”,-xəbərdə deyilir.

 

Bildirilir ki, Libaridyan statusa dair hər hansı məsələni qaldırmağın düzgün olmadığını da deputatlara bildirib. Habelə Zəngəzur dəhlizinin açılması ilə bağlı deyib ki, “yol” və “dəhliz” anlayışları arasında hansısa həll tapılmalıdır. Libaridyan keçmişə ekskurs edib və deyib ki, ərazilərin geri qaytarılması qaçılmaz idi, çünki hələ 90-cı illərdə beynəlxalq ictimaiyyət həmin əraziləri işğal edilmiş ərazilər kimi tanımışdı. Deputatlar soruşublar: nəyə görə birinci prezident Ter-Petrosyan qalib mövqeyindən bu məsələni həll etmədi? Libaridyan isə Vazgen Sərkisyanı (keçmiş müdafiə naziri) nəzərdə tutaraq bildirib ki, tərəfdaşları ona imkan vermədilər...

Libaridyan onu da deyib ki, Ermənistanın hazırda xarici siyasəti mahiyyətcə, yoxdur. Görüşdə 20-25 deputatın iştirak etdiyini və heç də hamının Libaridyanla razılaşmadığı bildirilir.(virtualaz.org)



Xəbəri paylaş

1247 dəfə oxunub.

Digər xəbərlər