Saytımızı qiymətləndirin


 
 

Dövlət başçısı: ““Qarabağ” klubu, rəhbərlik, məşqçilər həmişə özlərini çox ləyaqətlə aparırlar”
Tarix: 13-12-2021 | Saat: 14:30
Bölmə:Karusel / Gündəm | çapa göndər

Dövlət başçısı: ““Qarabağ” klubu, rəhbərlik, məşqçilər həmişə özlərini çox ləyaqətlə aparırlar”

“Futbol və idman siyasətdən ayrı olmalıdır. Bunu bir çoxları deyir, amma əfsuslar olsun ki, bir çoxları da bu prinsipi pozur. Çünki idmanı siyasiləşdirmək, idmandan siyasi alət kimi istifadə etmək, idman nailiyyətlərini siyasi müstəviyə keçirmək cəhdləri kifayət qədər çox olub”.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn "Qarabağ" futbol klubunun üzvlərini qəbul edərkən deyib.

“Mən artıq 24 ildir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentiyəm. Bu illər ərzində dəfələrlə beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında bizə qarşı olan ədalətsizliklə rastlaşmışam. Son Olimpiya Oyunları istisna deyil. Əlbəttə ki, biz səssiz qalmamalıyıq.

Mən bilirəm ki, “Qarabağ” klubu, rəhbərlik, məşqçilər, həmişə özlərini çox ləyaqətlə aparırlar, bəzi başqa məşqçilər və klub rəhbərləri kimi hay-haray salmırlar, qalmaqal yaratmırlar, əl-qol açmırlar. Mən bunu təqdir edirəm. Güclü insan həmişə özünü nizamlı aparır, həmişə gücünü lazım olan halda işə salır və bunu mən alqışlayıram. Ancaq o demək deyil ki, hər dəfə bizə qarşı belə biabırçı hadisə baş versin. Ona görə əminəm Avropa futbol ailəsində qəbul edilmiş qaydalar əsasında lazımi hüquqi addımlar atılmalıdır ki, gələcəkdə belə hallar təkrarlanmasın.

Bununla paralel olaraq onu da deməliyəm ki, nə üçün mən buna bu qədər fikir verirəm. Bilin, hər bir Azərbaycan vətəndaşı kimi, o biabırçı halı görəndə mənim də ürəyim ağrıyır. Mən də ürəyimdə deyirdim, biz buna nə qədər dözməliyik. Nə vaxta qədər bu, davam edəcək. Biz hamımız yaxşı başa düşürük ki, bu, elə-belə hadisə deyil. Ya təlimatlanmış hakim bunu edir, ya da ki, özü hansısa fikirlər və duyğular əsasında bunu edir. Bunun başqa adı ola bilməz. Bunu görməmək mümkün deyil. Eyni zamanda, bu, bizi ruhdan salmamalıdır. Biz 28 il ərazisi işğal edilmiş ölkə kimi yaşamışıq. İyirmi səkkiz il dözüm göstərmişik, hazırlıq işləri aparmışıq, güc toplayırdıq və bu gücü topladıq, düşməni torpaqlarımızdan qovduq. Bu illər ərzində nə qədər ədalətsizliklərlə, nə qədər ikili standartlarla üzləşmişdik. Bu, bizi qətiyyən ruhdan salmadı, əksinə, məni prezident kimi daha da ruhlandırırdı, daha da əzmkar edirdi, daha qətiyyətli edirdi və bu tarixi missiyanı yerinə yetirmək üçün əlavə güc verirdi. Əminəm, bu ədalətsizlik sizə də əlavə güc verəcək, siz növbəti oyunlara daha böyük əzm və iradə ilə çıxacaqsınız, “Qarabağ” adını, Azərbaycan futbol ictimaiyyətinin adını uca tutacaqsınız”, - dövlət başçısı vurğulayıb.



Xəbəri paylaş

1252 dəfə oxunub.

Digər xəbərlər