Tarix: 24-11-2021 | Saat: 19:13
Bölmə:Karusel / Siyasət | çapa göndər
Son illər xarici siyasətini məsuliyyətdən yayınmaq üzərində quran Ermənistan hər dəfə üzərinə öhdəlik götürmək lazım gəldikdə bir bəhanə taparaq yaxalarını kənara çəkir.
Bunu Qarabaginfo.az-a politoloq İlqar Vəlizadə bildirib.
“Amma bu cür siyasətin axırı yoxdur. Nikol Paşinyan istər-istəməz regiondakı mövcud gerçəkliklə hesablaşmalı, addımlarını ona görə atmalıdır” – deyən politoloqun fikrincə, Paşinyan fənd işlədərək daha əlverişli platforma tapmağa çalışır:
"Belə ki, Paşinyanın hər vəchlə yayınmağa çalışdığı, siyasi məsuliyyət yaratdığı Soçi platformasına nisbətən hər hansı öhdəlik yaratmayan, istənilən bəyanat verməyin mümkün olduğu Brüssel platforması daha rahatdır".
“Qərblə Rusiya arasında manevr etmək Ermənistan üçün heç də yeni siyasi xətt deyil. Ermənistan Avrasiya İqtisadi Birliyi və KTMT kimi təşkilatlar qarşısında daşıdığı öhdəlikləri də qulaqardına vura bilməz. Bundan əlavə, sərhədlərin delimitasiyası və demarkasiyası, regiondakı nəqliyyat yollarının açılması istiqamətində də konkret işlər görülməlidir. Paşinyanın mətbuat konfransından gördüyümüz kimi, onların manevr üçün imkanları olmadığı üçün konkret addımlar atılmalıdır. Ermənistan 2020-ci ilin üçtərəfli bəyanatı və cari ilin birgə razılaşmaları çərçivəsində öhdəlikləri olduğu üçün belə addımlar istər-istəməz atılacaq”, - İ.Vəlizadə qeyd edib.
Politoloqun qənaətincə, 26 noyabr Soçi görüşündə də hazırkı vəziyyəti təsdiq edən, regiondakı siyasi və iqtisadi prosesləri təyin edəcək tutarlı öhdəliklər” qəbul olunacaq: “Ermənistan da bu proseslərə fəal şəkildə qoşulmalıdır”.
Digər xəbərlər