Saytımızı qiymətləndirin


 
 

Hərə bir qəhrəman oldu... - Etibar Cəbrayıloğlu yazır
Tarix: 08-11-2021 | Saat: 10:42
Bölmə:Karusel / Gündəm | çapa göndər


Hərə bir qəhrəman oldu...


Düz bir ildir fərqli Azərbaycanda yaşayırıq. Savaşdan qalib çıxan, təkcə ərazi bütövlüyü deyil, həm də qüruru bərpa olunan Azərbaycanda.

Düz bir ildir üçboyalı bayrağımız Şuşada və erməni işğalından azad edilən digər şəhər və rayonlarımızda dalğalanır.

Düz bir ildir bu yazını yazmaq istəyirəm. Sonuncu şəkillərindən boylanan şəhid baxışları, Vətən üçün canından keçən övladının əsgər çəkmələrini bağrına basan ananın göz yaşları, qəhrəman həyat yoldaşının bayraqla bəzədilmiş tabutuna çiyin verən xanımın mərdanə duruşu, atasının məzar daşını qucaqlayıb öpən şəhid övladının kədərli gözləri... Yazılan və yazılacaq cümlələrdən təsirli görünür.

Düz bir il öncəyə qədər sabahından naümid, narazı, deyingən bir nəsil formalaşmışdı. Küçədə, ictimai nəqliyyatda, toyda-məclisdə qəribə geyimləri, davranışları ilə gözə dəyən gəncləri tənqid edir, “Bunlarla Qarabağı necə azad edəcəyik”,- deyə səhər-axşam gileylənirdik. Məhz həmin gənclər 44 günlük Vətən müharibəsinin gerçək qəhrəmanlarına çevrildilər, şəhid oldular, savaşdan qazi kimi döndülər.

Düz bir öncəyə qədər qalstuku enli, düşüncəsi dar olan bəzi adamlar Cümhuriyyətimizin yadigarı - Dövlət Himnimizə dodaq büzür, “Mətni qəlizdir”, -deyib, sözlərini dəyişdirmək təklifi ilə arada hoqqabazlıq edirdi. Vətən savaşında şəhid və qazi olan gənclər

... Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!-


deyərək öz canları və qanları ilə həm də Dövlət Himnimizi qorudular.

Düz bir ildir Dövlət Himnimiz Vətən savaşının şəhid və qazilərinin qəhrəmanlığı sayəsində daha əzəmətli səslənir:

...Minlərlə can qurban oldu,

Sinən hərbə meydan oldu!

Hüququndan keçən əsgər

Hərə bir qəhrəman oldu!


Düz bir ildir ərazi bütövlüyünü tam bərpa etməyə çalışan bu xalq həm də Zəfər, Qələbə kimi ifadələrin necə əvəzolunmaz bir hiss olduğunu yenidən dərk edir, qiymətləndirir. Çünki bu kəlmələrdə Vətən savaşında qalib gələn hər bir şəhidimizin, qazimizin qanı var.

Zəfərimiz mübarək! Üçrəngli bayrağımız hər zaman ucalarda dalğalansın!



Xəbəri paylaş

271 dəfə oxunub.

Digər xəbərlər