Saytımızı qiymətləndirin


 
 

“Türk kimdir, Azərbaycan kimdir, bunu hər kəs gördü...”
Tarix: 06-11-2021 | Saat: 11:23
Bölmə:Karusel / Region | çapa göndər

Ötən gün noyabrın 5-də axşam Türkiyənin milli müdafiə naziri Hulusi Akar bu ölkənin silahlı qüvvələrinin qoşun növlərinin komandanları ilə birlikdə Azərbaycanın Ankaradakı səfirliyində Zəfər Günü ilə bağlı təşkil edilmiş rəsmi qəbulda iştirak edib. virtualaz.org xəbər verir ki, Hulusi Akar mərasimdə mühüm mesajlar verib, Azərbaycan ordusunun qələbəsinin türkün kim olduğunu bütün dünyaya göstərdiyini deyib.

Mərasimdə Hulusi Akarla bərabər Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Yaşar Güler, quru qoşunlarının komandanı, ordu generalı Musa Avsever, dəniz qüvvələrinin komandanı, ordu admiralı Adnan Özbal, hava qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüz, milli müdafiə nazirinin müavini Alparslan Kavaklıoğlu da mərasimdə iştirak edib.

 

İki ölkənin dövlət himnlərinin oxunmasından, şəhidlərin ruhunun yad edilməsindən sonra Hulusi Akar çıxışına başlayıb.

“Azərbaycanla Türkiyə arasında əməkdaşlıq getdikcə daha da çox inkişaf edir. Bilirik ki, bunun nəticəsində təkcə Azərbaycan və Türkiyə deyil, bütün region dövlətləri əmin-amanlıq və firavanlıq içində yaşayacaq”, - nazir bildirib.

“Biz bundan sonra da azərbaycanlı qardaşlarımızın haqlı işlərində yanında olacağıq. Buna heç kimin şübhəsi olmasın. Biz bu məsələləri bütün platformalarda, apardığımız bütün danışıqlarda dəfələrlə demişik və deyirik”, - Hulusi Akar sözlərinə davam edib.

 

O, xatırladıb ki, 30 il əvvəl Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etməklə 1 milyon insanı əziyyətə düçar edib:

“Qardaşlarımız, günahsız insanlar Ermənistan tərəfindən, xüsusən də Xocalıda qətlə yetirilib. Bu hadisələr baş verən zaman ATƏT-in Minsk qrupu bəyan etdi ki, “bu problemlər danışıqlar yolu ilə həll olunacaq”. 30 il keçdi. Amma təəssüf ki, heç bir tədbirin görülmədiyini, irəliləyişin olmadığını gördük. Nəticədə azərbaycanlı qardaşlarımız 44 günlük müharibə nəticəsində öz doğma torpaqlarını Ermənistan işğalından azad etdilər. Bunun sonunda nə oldu? Bunun sonunda türkün gücünü bütün dünyaya nümayiş etdirdilər. Hamı gördü ki, Azərbaycan kimdir, türk kimdir”.

 

Vətən müharibəsində qazanılan qələbəni yüksək qiymətləndirən H. Akar deyib ki, prezidentlər Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin ortaya qoyduğu iradə, liderlik sayəsində qazanılan qələbənin qiyməti bilinməlidir: “Gecə-gündüz çalışaraq bütün lazımi tədbirləri görməliyik ki, bundan geri dönüş olmasın”.

İki ölkə silahlı qüvvələri arasında tədris və əməkdaşlıq proqramlarının davam etdiyini xatırladan Hulusi Akar onu da bildirib ki, onların məqsədi atəşkəsin qalıcı olması və bölgəyə sülhün, sabitliyin gəlişidir.

 

“Bu sabitlik təkcə Türkiyə və Azərbaycan üçün gərəkli deyil. Əgər sayın Əliyevin və sayın prezidentimizin barış əlini anlaya bilsələr, bu uzanan əli tutsalar Ermənistanın da həm təhlükəsizlik, həm rifah baxımından qazanclar əldə edəcəyini görürük, hər kəsin də bunu görməsini istəyirik”, - Hulusi Akar bildirib.

Nazir çıxışını  qəhrəmanlıq dastanı yazan Azərbaycan ordusunun hər bir fərdini təbrik edib, şəhidlərə rəhmət, qazilərə şəfa diləyib. Akar sözlərini “üç rəngli bayrağınla məsud yaşa, çox yaşa, Azərbaycan, yaşasın Türkiyə-Azərbaycan qardaşlığı” sözləri ilə bitirib.(virtualaz.org)



Xəbəri paylaş

1313 dəfə oxunub.

Digər xəbərlər