Tarix: 15-03-2022 | Saat: 13:46
Bölmə:Karusel / Region | çapa göndər
Dünyanın gündəminin Ukraynada artıq 20-ci gündür davam edən, ola bilsin dünyanın gedişatını kökündən dəyişdirəcək müharibəyə yönəldiyi bir vaxtda Azərbaycan qalibiyyətlə başa vurduğu 44 günlük müharibənin ardınca regionda uzunmüddətli sülhün əldə edilməsinə yönəlmiş mühüm diplomatik təşəbbüs irəli sürüb. Xəbər verildiyi kimi, xarici işlər naziri Ceyhun Bayramov bu günlərdə Antalyada keçirilən beynəlxalq diplomatiya Forumunda çıxışı zamanı Azərbaycanın Ermənistana sülhün əldə edilməsi və iki dövlət arasında qarşılıqlı, normal münasibətlərin qurulması üçün beş bənddən ibarət yeni təkliflər təqdim etdiyini açıqlayıb.
Daha sonra bu təkliflər ictimaiyyətə təqdim olunub və onlar aşağıdakılardır:
•Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
•Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
•Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
•Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
•Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Azərbaycan tərəfi deyir ki, Ermənistan onun şərt qoyduğu baza prinsiplərini qəbul edərsə, o zaman sülh danışıqlarına başlaya bilərlər. “İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər", -Azərbaycan XİN bəyan edib.
Ötən gün martın 14-də Azərbaycan XİN bəyan edib ki, Ermənistan tərəfi bu təkliflərə öz cavabını təqdim edib. Rəsmi Yerevan həmçinin, Azərbaycanla sülh sazişinin imzalanması üzrə danışıqların təşkili üçün ATƏT-in Minsk Qrupunun həmsədrliyinə müraciət etdiyini də açıqlayıb. Lakin erməni tərəfinin cavabının nədən ibarət olduğu göstərilmir.
Azərbaycan XİN bildirir ki, deyir ki, onun beş bənddən ibarət təkliflərini Ermənistana "vasitəçilər" təqdim edib - bu vasitəçilərin kimliyi açıqlanmasa da, Ermənistan XİN-in bəyanatından bəlli olur ki, rəsmi Yerevanla Azərbaycan arasında vasitəçi ATƏT-in Minsk qrupudur.
Ermənistan XİN isə ötən gün bəyan edib ki, onlar təkliflərə BMT Nizamnaməsi, Siyasi və Sivil Hüquqlar barədə Konvensiya və Helsinki Son Aktı çərçivəsində cavab veriblər. Siyasi və iqtisadi strateji araşdırmalar mərkəzindən təhlilçi Benyamin Poqosyanın fikrincə, Ermənistan rəhbərliyi Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa "psixoloji" olaraq hazırdır və əvəzində Qarabağın erməni əhalisinin haqları məsələsini irəli sürəcək.
Qeyd olunmalıdır ki, Azərbaycanın sülh danışıqlarına başlamaq üçün Ermənistana təqdim etdiyi həmin təkliflər kifayət qədər konstruktiv hesab edilə bilər və erməni tərəfinin müharibədə kapitulyasiyasından irəli gələn situasiya ilə müqayisədə xeyli yumşaqdır. Həmin təkliflərdə qeyri-adi, yaxud ağır şərtlər yer almır və onlar bütünlüklə beynəlxalq hüquq normalarının baza prinsiplərinə əsaslanıb. Yəni uzun illər ərzində müharibə aparmış iki dövlət arasında sülhün əldə olunması üçün indiki halda erməni tərəfinə-məğlub dövlətə hansısa ağır şərtlər qoyulmayıb. Sülh üçün yetərlidir ki, tərəflər bir-birlərinin ərazi bütövlüklərini tanısınlar, bir-birlərinə qarşı hər hansı ərazi iddiası irəli sürməyəcəklərinə dair öhdəlik götürsünlər, bir-birlərinə qarşı hərbi gücdən istifadə etməsinlər, BMT Nizamnaməsinə zidd getməsinlər və sərhədlərin delimitasiyası, demarkasiyası üçün danışıqlar aparsınlar. O cümlədən nəqliyyat kommunikasiyalarını açsınlar.
Amma Azərbaycan tərəfi Ermənistana daha ağır şərtlər irəli sürə bilərdi və buna tam haqqı da vardı.
Məsələn, tələb edə bilərdi ki, Ermənistan Azərbaycana qarşı həyata keçirdiyi, 30 il davam etdirdiyi hərbi təcavüzə görə siyasi məsuliyyəti üzərinə götürsün, bu təcavüzkar müharibənin dağıdıcı nəticələrinə görə beynəlxalq qaydalar əsasında təzminat ödəmək öhdəliyini qəbul etsin.
Yaxud daha bir şərt bundan ibarət ola bilərdi ki, Ermənistan Azərbaycana qarşı törədilmiş hərbi cinayətlərə və insanlıq əleyhinə cinayətlərə görə məsuliyyət daşıyanların cəzalandırılmasına dair öhdəlik götürməlidir. Hansı ki, kapituluasiya etmiş, Azərbaycana qarşı təcavüzkar müharibə aparmış tərəfə bu cür şərtlərin irəli sürülməsi tamamilə qanuni və haqlı olardı.
Belə şərtlər isə qoyulmayıb və deməli Azərbaycan tərəfi Ermənistana unikal şans vermiş olub. Erməni tərəfinə bütünlüklə beynəlxalq norma və praktikaya əsaslanan həmin şərtləri qəbul edərək onların əsasında sülh danışıqlarına başlamaq şansı yaradıb.
İndiki halda həmin şərtlərin qəbul edilməsi Ermənistan üçün o deməkdir ki, bu ölkə Azərbaycanın keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin inzibati ərazisinə dair hər hansı iddiadan əl çəkdiyini rəsmən təsdiqləməlidir. Azərbaycanın ərazi bötövlüyünü tanımalıdır və nəticədə hazırda Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərdə yaşayan erməni əhalisi üçün indi, yaxud gələcəkdə hər hansı xüsusi statusa iddia etməyəcəyini qəbul etməlidir. Bu isə 44 günlük müharibə sonrası yaranmış reallıqlara tamamilə uyğundur və uzunmüddətli, möhkəm sülhə aparan yeganə yoldur.
Eyni zamanda bu təkliflərin sülh danışıqları üçün baza prinsipləri olaraq qəbul edilməsi Rusiya sülhməramlılarının nəzarətindəki Azərbaycan ərazilərində yaşayan ermənilər üçün də ən keçərli, ən möhkəm təhlükəsizlik təminatıdır. Hansı ki, Ermənistanla yekun sülhün əldə edilməsindən sonra Azərbaycanın həmin erməni əhalisinin reinteqrasiyası prosesini başlatması üçün də maneə qalmır və bu zaman onlara Azərbaycan vətəndaşları olaraq bütün haqlara malik olmaqla təhlükəsiz şəraitdə yaşamaq perspektivləri də açılmış olacaq. İndiki halda həmin ermənilər üçün ən böyük təhdid məhz regiona hansısa statusun verilməsinin vacibliyinə dair erməni tərəfinin beynəlxalq vasitəçilər qarşısında hələ də qaldırmaqda olduğu məsələdir. Məhz bu qeyri-real iddialar onlarda hansısa illüziyaların hələ də qalmasına təsir edir və nəticədə Azərbaycana reinteqrasiya etmək, bununla da həmin torpaqlarda yaşamaq şanslarını da zəiflətmiş olurlar.
Başqa sözlə, Azərbaycanın 5 bəndlik təklifi ola bilsin Ermənistan üçün həm də sonuncu şansdır. Çünki Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, o sülh çağırışlarını təkrarlayır, amma bunun həmişə belə olacağına təminat vermir. Yəni erməni tərəfi bu çağırışları qəbul etməməkdə davam edəcəksə o zaman Azərbaycan da öz nəticələrini çıxaracaq. İtirən isə Ermənistan olacaq.
Erməni tərəfinin ilkin reaksiyaları isə onların bu şansı da itirməkdə olduğunu göstərir. Belə ki, xarici işlər naziri Ararat Mirzoyan bu gün “Armenpress” agentliyinə verdiyi müsahibədə Azərbaycan tərəfindən həmin 5 bəndlik təklifləri martın 10-da aldıqlarını təsdiqləyib. Onun bildirdiyinə görə, məktub fevralın 21-də imzalanmışdı.
Bəs erməni tərəfinin bu təkliflərə münasibəti necədir? Mirzoyanın fikrincə, “sülh danışıqları ətrafında istənilən danışıqlar ilkin şərtlər irəli sürülmədən aparılmalıdır”. Erməni nazir ərazi bütövlüyü prinsipinin qarşılıqlı tanınması barədə bəndə münasibətdə yenə də 1991-ci ildə Almatıda MDB-nin yaradılması barədə imzalanmış protokola istinad edib. Və bildirib ki, həmin çoxtərəfli razılaşmaya əsasən onsuz da Azərbaycan və Ermənistan bir-birlərinin ərazi bütövlüklərini tanımışdılar.
virtualaz.org erməni tərəfinin ərazi bütövlüyünün tanınması məsələsində həmin sənədə istinad etməsinin əslində uğursuz diplomatik fənd olduğu barədə artıq yazıb. Bu istinad ona hesablanıb ki, Azərbaycanın ərazi bütövlüyü və Qarabağ məsələsi guya bir-birindən ayrı məsələlərdir. Hansı ki, belə uğursuz diplomatik fəndlərə əvvəlki hakimiyyətlər də əl atırdılar.
“Erməni tərəfi üçün prinsipial və fundamental məsələ Qarabağ ermənilərinin hüquq və azadlıqlarının təminat altına alınması, habelə Dağlıq Qarabağın yekun statusunun dəqiqləşdirilməsidir”,-Ararat Mirzoyan sülh danışıqları üçün bu cür qəbuledilməz şərt irəli sürüb. Bildirib ki, Ermənistan XİN-in Azərbaycan tərəfinə verdiyi cavab bu mövqeyə əsaslanır.
Başqa sözlə, erməni tərəfi yenidən “Qarabağ ermənilərinin hüquqları və azadlıqları, yekun status” barədə Azərbaycan tərəfi üçün tamamilə qəbuledilməz, heç müzakirəsi belə mümkün olmayan məsələni gündəmə gətirməklə sülh perspektivlərinə ciddi zərbə vurmuş olub. Eyni zamanda Azərbaycan ərazilərinin məlum hissəsində yaşayan ermənilərə də ciddi təhlükəsizlik riskləri yaradıb. Bu, bəlkə də sonuncu şansın itirilməsidir...
(virtualaz.org)
Digər xəbərlər