Saytımızı qiymətləndirin


 
 

Cəmi 2 belə təyyarə, 48 raket və bütün donanma “suyun dibinə” gedir...
Tarix: 29-10-2021 | Saat: 07:52
Bölmə:Karusel / Dünya | çapa göndər

28 Oktyabr 2021, 15:28

ABŞ Hərbi Hava Qüvvələrinin istismar müddətini başa vurmaqda olan və 40 il əvvəl istehsal edilmiş B-1B “Lancer” strateji bombardmançılarından Rusiyanın Baltik və Qara dəniz donanmasına qarşı istifadə etmək nəzərdə tutulur. virtualaz.org xəbər verir ki, bu haqda “Forbes” jurnalının məqaləsində bəhs edilir.

B-1B “Lancer” bombardmançılarının növbəti onillikdə silahlanmadan çıxarılacağı, onları B-21 “Raider” xəyalət-bombardmançılarının əvəz edəcəyi gözlənilir. Lakin jurnal yazır ki, B-1B “Lancer” bombardmançılarının istismardan çıxarılmazdan əvvəl nə iş görəcəyi də müəyyənləşib - onlar Rusiyanın Baltik və Qara dəniz donanmalarına qarşı tətbiqi nəzərdə tutulan gəmilər əleyhinə LRASM stels-raketlərini daşıyacaq.

 

Oktyabrın əvvəllərində 7 belə bombardmançı ABŞ-ın Texasdakı Days aviabazasından Böyük Britaniya Kral Hava Qüvvələrinin Ferford aviabazasına yerdəyişmə edib. Oktyabrın 19-da iki B-1B “Lancer” bombardmançısı 12 saatlıq uçuş həyata keçirib, o cümlədən Baltik dənizi üzərindən uçub, daha sonra Qara dənizə istiqamət alıb. Bombardmançıları növbə ilə Polşa və Rumıniya qırıcıları müşaiyət ediblər.

 

B-1B “Lancer” bombardmançıları 1980-ci illərin əvvəllərində silahlanmaya daxil ediləndə (100 belə bombardmançı) onların arsenalında ancaq nüvə raketləri var idi. 1990-cı illərin əvvəllərində bombardmançılarda qeyri-nüvə sursatları yerləşdirildi. Bu təyyarələr ABŞ-ın İraq və Əfqanıstan hərbi kampaniyalarında ağır şərtlər altında istismar edilib, nəticədə aşınmaya məruz qalıb və təmiri getdikcə baha başa gəlir. ABŞ Hərbi Hava Qüvvələrinin sərəncamında hazırda 45 belə bombardmançı qalır. 2020-ci ildə Hərbi Hava Qüvvələri təyyarələrin 17-ni istismardan çıxarıb, qalan 45 təyyarənin isə 2030-cu illərin əvvəllərinə qədər B-21 “Raider” bombardmançıları ilə əvəzlənməsi planlaşdırılır.

Təyyarələrdən indiyədək quru hədəflərinə qarşı istifadə edilirdi, amma 8 min kilometr məsafəyə uça bilən və 25 ton faydalı yük götürən bombardmançı dəniz hədəflərinə qarşı da işə yarayır. 2017-ci ildə təyyarələrdə gəmilər əleyhinə  uzaqmənzilli (480 km.) LRASM yüksək dəqiqlikli raketləri yerləşdirildi. Hər B-1B təyyarəsi 24 belə raket daşıya bilər, raketlərin birinin dəyəri 3 milyon dollardır.

 

Jurnal yazır ki, bir cüt B-1B “Lancer” Rusiyanın Baltik donanmasına eyni vaxtda 48 LRASM raketi buraxa bilər. Bu raketlərin hədəfdən yayınması ehtimalı sıfra bərabərdir. Nəticədə iki bombardmançı Rusiyanın bütün Baltik donanmasını batıra və beləliklə də ABŞ-la müttəfiqlərinin hərbi gəmilərinə olan təhdidi aradan qaldıra bilər.

Bildirilir ki, oktyabrın 19-da bombardmançılar məhz LRASM raketləri ilə döyüş uçuşları keçirmişdilər. Qara dənizin üzərindəki beynəlxalq hava məkanında onlara Türkiyə HHQ-nin KS-135 yanacaqdolduran təyyarəsi yan alıb, bundan sonra bombardmançılar Ferford aviabazasına geri dönüblər. Rusiya Hərbi Dəniz Qüvvələrinin iki Su-30 qırıcısı isə Krımdan havaya qalxaraq bombardmançıları müşaiyət edib. Rusiya Müdafiə Nazirliyi bildirib ki, dövlət sərhədlərinin pozulması qeydə alınmayıb.

 

Lakin jurnal qeyd edir ki, potensial müharibə zamanı Rusiyanın hava məkanına daxil olmağa heç bir ehtiyac olmayacaq. LRASM raketlərinin mənzili imkan verəcək ki, B-1B bombardmançıları NATO ölkələrinin hava məkanından Qara dənizin istənilən nöqtəsində Rusiya gəmilərinə zərbə endirsin...

virtualaz.org



Xəbəri paylaş

1252 dəfə oxunub.

Digər xəbərlər