İmmunitet sertifikatının etibarlılıq müddəti altı aydır. Həmin müddət bitəndən sonra vətəndaşlara tövsiyə edirik ki, COVID-19 əleyhinə gücləndirici doza vurdursun. Bu zaman bir doza ilə immunitet sertifikatının müddəti müddətsiz olaraq uzanır, həmçinin onun immunitet sertifikatında buster doza deyə bir yazı əmələ gəlir. Hazırda dünyada koronavirus əleyhinə dörd platforma üzərində vaksinlər mövcuddur. Azərbaycan nadir ölkələrdəndir ki, hər dörd platformada hazırlanmış vaksin ölkəmizdə mövcuddur. Vətəndaşlar vaksinasiya zamanı özləri seçim edə bilirlər.
Hazırda ölkəmizdə 98 faiz “Sinovac” şirkətinin vaksinindən istifadə olunur.
Qarabaginfo.az medicina.az-a istinadən xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin rəhbəri Yaqut Qarayeva deyib.
“Hazırlanan vaksinlər yeni olduğu üçün onların qoruyuculuq müddətini tam dəqiq bilmirik. Araşdırmaların nəticələrini izləyirik. Tədqiqatlar göstərir ki, onların qoruyuculuğu 6 aydan sonra zəifləməyə başlayır. İnsanların immun sistemi çox individualdır. Ona görə də bəzi insanlara buster doza, yəni bir doza tövsiyə olunduğu halda, bəzi hallarda revaksinasiya, yəni iki doza belə məsləhət görülə bilər.
Buster doza eyni istehsalçının da ola bilər, fərqli peyvənd də vurula bilər. Avropada bir çox araşdırmalar göstərir ki, buster doza olaraq fərqli istehsalçıların vaksini seçilərsə, daha yaxşı nəticə əldə etmək olar. Lakin bu, o demək deyil ki, biz gücləndirici doza olaraq eyni vaksin növünü seçə bilmərik. Məlumat üçün bildirmək istərdim ki, Hepatit B-yə qarşı illərdir buster dozadan istifadə olunur. Bu, tibbin profilaktikasında mövcud olan bir haldır və əsas məqsəd bədəndə olan anticisimlərin təsir müddətini uzatmaq və gücləndirməkdir”.
Departament rəhbərinin sözlərinə görə, xarici ölkələrin immun və peyvənd sertifikatlarının Azərbaycanda tanınması məsələsi Səhiyyə Nazirliyi tərəfindən həll olunub. Səhiyyə Nazirliyi tərəfindən xarici ölkələrdə vurulmuş vaksin və ya keçirilmiş xəstəliyi təsdiq edən sənəd qəbul olunur, baxılır və buna əsasən qərar verilir.
“Düşünürəm ki, yanvar ayından bu günə qədər vaksinlə bağlı xeyli işlər görmüşük. Tariximizə nəzər salsaq heç vaxt ölkəmizdə belə genişmiqyaslı vaksinasiya aparılmayıb. Hazırda ölkəmizdə 9 milyondan çox vaksin vurulub. Bu, çox böyük rəqəmdir. Lakin hələ hədəfimizə çatmamışıq.
Qarşıdan qış mövsümü gəlir. Qapalı məkanlarda daha çox vaxt keçirəcəyik, təmaslar artacaq. Bu zaman yoluxma saylarının da artımı qaçılmazdır. Ona görə də vətəndaşlara buster dozanı tövsiyə edirəm. Buster dozanı xüsusilə də tibb işçilərinə, yaşı 50-dən yuxarı olanlara, immun sistemi çatışmazlığından əziyyət çəkənlərə məsləhət görürük. Buna baxmayaraq, yaşından asılı olmayaraq, hər kəs müraciət edib üçüncü dozanı vurdura bilər”.