Tarix: 09-10-2021 | Saat: 10:50
Bölmə:Karusel / Siyasət | çapa göndər
Milli Məclisin sədri Sahibə Qafarova Slovakiya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri İvan Korçokla görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Qarabaginfo,az-a verilən məlumata görə, İvan Korçok Azərbaycanla Slovakiya arasında əlaqələrin inkişaf perspektivlərindən danışıb.
Nazir bu əlaqələrin dərinləşməsində parlament diplomatiyasının rolunu ifadə edib. O, qanunverici orqanlar arasında əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb, yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edib. Cari ilin mart ayında Azərbaycana səfərini və keçirdiyi görüşləri xatırlayan İvan Korçok bu cür səfərlərin iki ölkə arasındakı münasibətlərə müsbət töhfə verdiyini diqqətə çatdırıb.
Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan və Slovakiya arasında uğurlu siyasi münasibətlər digər sahələrdə də əlaqələrin daha da inkişafına imkan verir. Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsi və torpaqlarını işğaldan azad etməsi barədə məlumat verib və Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpasına başladığını qeyd edib.
Sahibə Qafarova qeyd edib ki, Ermənistan işğal dövründə şəhərlərimizi, kəndlərimizi tamamilə dağıdıb və talan edib. Milli Məclisin sədri Ermənistanın regionda sülhün və təhlükəsizliyin təmin olunmasına qarşı törətdiyi təxribatlar, xüsusilə minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi haqqında geniş məlumat verib.
Digər xəbərlər