Tarix: 17-09-2021 | Saat: 13:56
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Moskvada Azərbaycan və Ermənistan tərəfi arasında sülh danışıqları aparılır”.
Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı özəl mənbələrinə istinadən “Hraparak” qəzeti yazıb.
“Bizə dedilər ki, danışıqlar başa çatıb və erməni tərəfi nəticələrdən çox razıdır. Deyəsən, Qarabağın statusu barədə məsələyə toxunmadan, Sovet İttifaqı xəritələri çərçivəsində demarkasiya və delimitasiya prosesinin başlaması barədə razılığa gəlmək mümkün olub”, - deyə qəzet yazır.
Bununla yanaşı qeyd olunur ki, Zəngəzurdan keçən yola gəldikdə isə, “tərəflər Rusiya və erməni sərhədçiləri tərəfindən nəzarət olunacaq tranzit yol barədə də razılığa gəliblər. Bu yolda ermənilərin sərhəd postları qurulacaq və azərbaycanlılar bu yoldan istifadə etmək üçün pul ödəməli olacaqlar”.
Eyni zamanda bildirilir ki, Gorus-Qafan yolu ilə bağlı heç bir şeyə nail olmaq mümkün olmayıb: “Yalnız Rusiya tərəfinin maliyyələşdirməsi ilə kənar Tatev-Qafan yolunun tez bir zamanda inşası üçün Rusiya tərəfi ilə razılıq əldə olunub. Bu yol isə öz növbəsində İrandan gələn iri həcmli yük avtomobillərinin keçməsi üçün uyğun olacaq. Təbii ki, bu məlumat hələ ki gizli saxlanılır və məsələ ilə bağlı nə rəsmi təsdiq, nə də təkzib əldə etməmişik”, - deyə mənbə “Hraparak” qəzetinə bildirib.
Xatırladaq ki, Ermənistanın müdafiə naziri Arşak Karapetyanın başçılıq etdiyi nümayəndə heyəti artıq bir neçə gündür ki, Moskvada səfərdədir. Rəsmi məlumata görə, nümayəndə heyəti Rusiyada keçirilən “Qərb-2021” strateji təlimlər çərçivəsində erməni hərbi birləşmələrinin təlimlərini izləmək üçün oradadır.
Qeyd edək ki, Azərbaycan tərəfi məsələ ilə bağlı hələ ki rəsmi məlumat yaymayıb.
Digər xəbərlər