Saytımızı qiymətləndirin


 
 

Deputatdan Operativ Qərargaha ETİRAZ: “150 adam nədir ki? Çox azdır!“
Tarix: 29-06-2021 | Saat: 17:02
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Deputatdan Operativ Qərargaha ETİRAZ: “150 adam nədir ki? Çox azdır!“

Toyların keçirilməsi ilə bağlı qərar birmənalı qarşılanmadı. Cəmiyyətin müəyyən hissəsi toy və nişan mərasimlərinin keçirilməsinə qoyulan qadağanın aradan qaldırılmasına alqışlasa da, bəziləri adam sayının az olmasından gileyləndi.

Qarabaginfo.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı, yazıçı Aqil Abbas insanların bu gileyinin başa düşülən olduğunu deyib.

Onun fikrincə, adam sayına qoyulan məhdudiyyət zaman keçdikcə tədricən aradan qalxacaq:

“Hər kəs istəyir ki, toyu şux keçsin, şənlik olsun, qohumunu, dostlarını bir araya yığa bilsin. Çünki toy hər həftədə bir dəfə olmur, insanın ömründə bir dəfə olan şeydir. Kimsə övladına toy edirsə, yaxınlarının hamısını ətrafında görmək istəyir. Yaxud da toyu olan gənc istəyir ki, 30 dostu, tanışı, tələbə yoldaşı, bir yerdə böyüdüyü məhlə uşağı onun toyunda iştirak etsin. İnsanlar bunları düşünüb 150 nəfərlik toylarda giley edirlər. Amma bir az səbr etmək lazımdır, müvəqqətidir, bu da bitəcək. Hər halda toylara icazə verilməsi özü böyük bir hadisədir. Birdən-birə hər şeyə icazə vermək olmaz, hamısı yavaş-yavaş olmalıdır. Mən insanları yaxşı başa düşürəm, onlar istəyir ki, həyatlarında bir dəfə olan məclisə dostu, tanışı, kəndçisi yığılsın. 150 adam  nədir ki? Çox azdır.  Allah qoysa, bu da keçər və toylar əvvəlki qaydada keçirilməyə başlayar”.

Deputat qadağa aradan qalxdıqdan sonra bəzi şadlıq saraylarının qiymətləri artırmasına da münasibət bildirib:

“Mən düşünmürəm ki, şadlıq evləri qiymətləri çox qaldırıb. Özüm siyahıya, qiymətlərə baxdım. Çoxsunda əvvəllər olan qiymətlərdir - 50, 60, 40 manat. Sadəcə baxır sənin harda toy etmək istəməyinə, hər bir yerin öz prestiji, öz qiyməti var. Toy etmək istəyənlər axtarsalar büdcələrinə uyğun, münasib yer tapa bilərlər. Düzdür, bəzi şadlıq evlərində müəyyən qədər artım var, amma o qədər də gözə çarpmır. Mən toylara çox gedən adamam, elə yerlər var ki, bir stolun qiyməti 100 manat, hətta daha artıqdır. Gərək şadlıq evləri də insanları nəzərə alsın, ola bilər ki, iki ilə yaxındır işləmirlər və bu qiymət artımı onunla əlaqədardır. Fikrimcə, əksinə qiymətləri artırmaq əvəzinə endirimlər etməlidirlər.

Şadlıq evlərində olan ən pis qayda odur ki, onlar müəyyən menyu tətbiq edir və toy yiyəsinin istəmədiyi yeməklər olsa da onu siyahıdan çıxarmır. Bəzi yeməklər var ki, toy edənlər süfrəsində onları görmək istəmir, artıqdır, yeyilmir, qalır və israf olur. Lakin toyxanalar buna razı olmur, menyudan onları silmir ki, stol daha dbdəbəli görünsün. Bu məsələ həll olunsa, qiymətlər yəqin ki, xeyli ucuzlaşar”.



Xəbəri paylaş

1324 dəfə oxunub.

Digər xəbərlər