Saytımızı qiymətləndirin


 
 

Aleksey Şvarev: “Xocalı hadisələrindən sonra daim Azərbaycanın yanında olacağıma qərar verdim” - VİDEO
Tarix: 02-06-2021 | Saat: 10:26
Bölmə:Karusel / Müsahibə | çapa göndər

 

Aleksey Şvarev: “Xocalı hadisələrindən sonra daim Azərbaycanın yanında olacağıma qərar verdim” - VİDEO
Aleksey Şvarev

Qarabaginfo.az xəbər verir ki, Ukraynalı hərbi pilot, ehtiyatda olan polkovnik-leytenant Aleksey Şvarevin "Report"un Şərqi Avropa bürosuna müsahibəsi:

Əfsanəvi pilot A.Şvarev bir çox ölkələrdə, o cümlədən Əfqanıstan, Özbəkistan və Tacikistanda xidmət edib. 1989-cu ildə hərbi helikopterlərin peşəkar pilotu kimi hərbi xidmətini Azərbaycanda davam etdirib. 1991-ci ildə SSRİ-nin süquta uğramasından sonra Azərbaycan milli ordusu sıralarında xidmət edib. 1992-ci ildən cəbhə bölgəsinə bir neçə əməliyyat uçuşu həyata keçirib.

Ehtiyat olan polkovnik-leytenant 1992-1994-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. 1995-ci ildə A.Şvarev Ukraynaya köçüb. Azərbaycan Ordusunun milli hərbi aviasiya kadr ehtiyatının formalaşmasında xüsusi xidmətləri var.

- Azərbaycanda necə xidmət etdiyiniz barədə danışardınız. Bu, nə vaxt olub?

- Azərbaycanda Səngəçalda xidmət etmişəm. Ora 1987-ci ildə gəlmişdik və Ələtdəki diviziya tərkibində ayrıca hava hücumundan müdafiə eskadrilyasənda xidmət edirdik. Yanvar ayında Azərbaycanda faciəli hadisələrin yaşandığı 1990-cı ilə qədər hər şey qaydasında idi. Bütün başverənlər gözümüzün qabağında olub.

Sonra Rusiya, belə baxanda, Azərbaycana məxsus olmalı olan texnikanı çıxarmağa başladı, əslində isə onları respublikadan sadəcə oğurlayırdılar. O zaman ailələrimiz demə olar bu vəziyyətin əsirinə çevrildi. Keçmiş HHM-nin bütün komandirləri sadəcə qaçdılar, heç kim nəsə etmək istəmədi.

O vaxt dörd nəfər - Sergey Senyuşkin, mən, Yevgeni Karlov və Sergey Tuaev bu texnikanın Azərbaycana verilməsinin ədalətli olacağına qərar verdik. Həmin vaxt artıq silahlı qüvvələrdən qovulmuşduq, yəni azad insanlar idik. Hər şeyi elə etdik ki, bütün texnika Azərbaycanın hesabında olsun. Sonra Azərbaycanın silahlı qüvvələrinə yazıldıq və keçmiş Zabrat bölüyünün pilotlarını yenidən hazırlamağa başladıq. Ancaq təəssüf ki, çox qısa zamanda itki verdik. Daha sonra Azərbaycanın Milli Qəhrəmanı olacaq Sergey Senyuşkini itirdik. Sonra Yevgeni Karlov Fəxrəddin Musayevlə və təəssüf ki, indi adını xatırlamadığım, amma sonradan Azərbaycanın Milli Qəhrəmanı olacaq atıcı ilə birlikdə həlak oldu.

Bölük Qalaya köçürüldü və orada helikopter alayının yaradılmasına başlanıldı. Faktiki olaraq heç nədən yaradılırdı, şəxsi heyət də, digər şeylər də çox az sayda idi. Ancaq yenə də faciələr yaşanırdı, uşaqlar təcrübələrinin azlığına görə, eləcə də fanatik dərəcədə öz respublikalarına, Azərbaycana sadiq olduqlarına görə ölürdülər. Belə risk etməmələrini xahiş edəndə isə uşaqlar canlarından keçməyə hazır olduqlarını bildirirdilər. Bu baxımdan onlarla mübahisə etmək çətin idi, çünki bu, onların gözlərindən görünürdü. Zabrat bölüyünün pilotları hazırlıqlarını tamamladıqdan sonra artıq ekipaj komandiri kimi uçmağa başladılar. Bundan əlavə, fəaliyyətim elə bu yardımla bağlı idi, üstəlik, döyüş tapşırıqları yerinə yetirilirdi. Uşaqlarla - Vaqiflə (Su-25), Sergey Murtuzəliyevlə (Su-24) yaxşı tanış idim.

Belə deyək, burada - Azərbaycanın silahlı qüvvələri sıralarında qalmağımla bağlı yekun qərarıma Xocalı hadisələri birbaşa təsir etdi. Bütün bunları görəndə... İnsanları və uşaqları başının arxasından güllələmişdilər, bu, qeyri-insani davranış, vəhşilik idi. Bu, həqiqətən qorxunc idi. Həmin hadisələrdən sonra artıq öz-özümə burada qalacağımı, heç yerə getməyəcəyimi söylədim. Halbuki ilkin vəzifə sadəcə uçuş heyətini yenidən hazırlamaq idi.

Xocalı hadisələrindən sonra vəziyyət dəyişdi, öz-özümə “Xeyr, sona qədər burada, Azərbaycanla, bu xalqla, mehriban, yaxşı insanlarla qalacaqsan” dedim. 1992-ci ildə taleyimə daha təsir edən bir başqa hadisə baş verdi – Ağdam rayonunun Gülablı kəndində idarə etdiyim helikopter vuruldu, mən də yaralandım. Helikopterdən paraşütlə tullanan zaman ayağım qırıldı, ardından mənə atəş açmağa başladılar, çiynimdən yaralandım, amma çiyin sümüyüm də qırıldı. Bir sözlə, ağır vəziyyətdə əsir düşdüm. Məni möcüzəvi şəkildə xilas etdilər. Məni bu vəziyyətdən çıxardıqları üçün də Azərbaycana minnətdaram, sağ qaldım.

Artıq vurulmuş pilot idim. Məndən uça bilib-bilməyəcəyimi soruşdular. Dedim ki, gəlin cəhd edək. Sükan arxasına otan kimi hər şey keçib getdi. Sonra mənə dedilər ki, gəl hər kəs öz işini görsün, siz artıq işinizi görmüsünüz, pilotlarımız artıq uçurlar, ona görə də siz artıq məktəb kimi bir növ uçuş mərkəzinin yaradılması ilə məşğul olun. Mən də razılaşdım. Bəli, təbii ki, bu mərkəzi yaratdan zaman Müdafiə Nazirliyində bir çox problemlə qarşılaşdım. Yəni orada işləyən insanlar - bunların hamısı Heydər Əliyevin gəlişindən qabaq idi - bunun lazım olduğunu anlamırdılar, bəlkə də anlamaq istəmirdilər. Ancaq yenə də kiçik qərargah əldə edə bildim, uşaqları isə təhsilləri barədə soruşmadan, haqlarında heç nə öyrənmədən küçədən yığdım. Onların gözlərindəki qığılcımı görmək bəs edirdi mənə. Nəticədə insanları topladıq, mən də pilot təlimi proqramı yaratdım. Məndə alındı. Elə alındı ki, artıq 9 aydan sonra demək olar hazır kadrlar yarandı, məzun oldular və hərbi hissələrə getdilər. Həmin məzunlar arasında itki olmaması, onların indiyə qədər bir dənə də qəza etməməsi isə məni ayrıca çox qürurlandırır. Hamısı sağdır, bir çoxu təqaüdə çıxıb, aralarında hətta generallar var, polkovniklər var.

Sonra bu uçuş mərkəzi əsasında yavaş-yavaş peşə məktəbi yaratmağa başladılar.

Yalnız ona təəssüflənirəm ki, Heydər Əliyev hakimiyyətə bir az gec gəldi. Bir az əvvəl, heç olmasa iki il əvvəl gəlsəydi, düşünürəm ki, bu qədər itkimiz olmazdı və daha yaxşı durumda olardıq.

İkincisi, qızımla bağlı çətin vəziyyətdə mənə kömək edən Azərbaycana, Heydər Əliyev Fonduna çox böyük təşəkkür edirəm. Torpaqların nəhayət işğaldan azad olunmasına, xalqın indi dinc şəraitdə yaşamasına və arxalarında çox yaxşı ordu olduğunu hiss etmələrinə görə Ali Baş Komandan İlham Əliyevə çox təşəkkür edirəm. O, Heydər Əliyevin etmək istədiyini edə bildi. Bu, çox sevindirir və təsiredicidir.

- Azərbaycan 30 ildən sonra Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını azad etdi. Bu qələbəni necə qiymətləndirirsiniz və Sovet ordusunun keçmiş zabiti kimi bu müharibəni, işğalı necə qiymətləndirirsiniz?

- Azərbaycan bu istiqamətdə çox düzgün addım atdı. Birincisi, gücünü artırmağa başladı, ikincisi, təlimləri.

Mən necə qiymətləndirirəm? Mən çox xoşbəxtəm. Müharibə zamanı günbəgün xəbərləri izləyirdim. Azərbaycanın əraziləri azad etməsinə çox sevinirdim. Daim əlaqədə idim, soruşurdum, maraqlanırdım. Mən çox xoşbəxtəm.

- Belə çıxır ki, 90-cı illərdə Azərbaycan aviasiyasının yaradılmasında iştirak etmisiniz?

- Bəli, axı o zaman aviasiya faktiki olaraq yox idi.

- Bunun necə baş verdiyindən danışardınız.

- Oğurlanan bir “Su-25” var idi, bir də “Su-24” var idi, başqa heç nə yox idi. Bir də nasoslu “Mİ-25” var idi, komandiri, deyəsən, Vorobyov idi. Vəssəlam, başqa heç nə yox idi. Bizim “dördlü” gələndən sonra bu 9 helikopterlə ordu aviasiyası yaratmağa başladıq. Əvvəlcə uçuş heyətinin yenidən hazırlanması oldu, daha sonra müəyyən texnikalar alındı. Yeni heyət yığmağa, onlara təlimlər keçməyə başladıq. Bir sözlə, bazanı yaratmağa başladıq. Ardından həmin o təlim-uçuş mərkəzini yaratdım və 9 ay ərzində gənc oğlanlar məzun oldular. İndi onların hamısı zabitdir, minimum mayor rütbəsi daşıyırlar. Bax, hər şey belə tədricən baş verdi. O zaman bizdən məsləhət alırdılar.

- İndi - qələbəmizdən sonra Ermənistanda revanş istəyən qüvvələr var. Bu imkanı necə qiymətləndirirsiniz?

- Yox e, nə revanş? Revanşizm nəyə əsaslanır? Birincisi, görün onlarda nə qədər fərarilik olub. İkincisi, indi heç kim döyüşməyə getməyəcək. Üçüncüsü, nə ilə döyüşəcəklər? Onların arsenalında bir şey olduğundan əmin deyiləm. Yoxsa yenə də Rusiyaya ümid edirlər?! Əlbəttə, onlar revanş haqqında qışqır-bağır salacaqlar. Ancaq həqiqətlə barışmaq lazımdır, döyüşməyə heç nələri yoxdur. Qarabağa topa yem kimi göndərilən və oradan geri dönməyən ermənilərin ata-analarının münasibətinə baxın. İndi kim ora döyüşməyə gedəcək? Mən buna inanmıram.

- Ermənistan üzərində qələbədən sonra minalanmış ərazilərin xəritələrinin verilməsi barədə razılaşma var idi, lakin hələ də təqdim edilməyib. Bunu necə qiymətləndirirsiniz?

- Bu qərar heç bir insani normalara cavab vermir. Bundan sonra necə onları insan adlandırmaq olar? Bilmirəm. Hətta şərh verməkdə də çətinlik çəkirəm, çünki bu mövzuda yalnız mənfi rəylərim var.

- Son olaraq Azərbaycan xalqına, Azərbaycan ordusuna və Azərbaycan pilotlarına nə arzulayardınız?

- Azərbaycan pilotlarına uçuş saylarının eniş saylarına bərabər olmasını, uçuş uzunömürlülüyü, aviasiyada işləməkdən zövq almalarını arzulayıram. Azərbaycan xalqına isə əvvəl arzuladığım kimi açıq dinc səma, can sağlığı, millətin rifahını və ən xoş şeyləri arzulayıram. Bu insanları uzun illərdir tanıdığım üçün onların etibarlı, adekvat insanlar olduğuna getdikcə daha çox əmin oluram.

- Müsahibəyə görə çox sağ olun.



Xəbəri paylaş

1395 dəfə oxunub.

Digər xəbərlər