Saytımızı qiymətləndirin


 
 

Rusiya Ermənistana həm sərhədini, həm də həddini göstərə bilər...
Tarix: 29-05-2021 | Saat: 19:50
Bölmə:Karusel / Siyasət / Yazar | çapa göndər

Rusiya Ermənistana həm sərhədini, həm də həddini göstərə bilər...
Azərbaycan ərazisinə sızaraq yollara mina döşəməyə cəhd edən erməni diversantlar özləri də hiss etmədən bütün Ermənistanı “minalamış” oldular. Bu, rəsmi İrəvanın üçtərəfli məlum bəyanata məhəl qoymaması ilə yanaşı, həm də onu təsdiq edir ki, hazırda Ermənistanda “əsgər, Paşinyanı tanımır”.    
Yuxarıda Rusiya, aşağıda isə ABŞ-ı görən Paşinyan 20 iyunda keçiriləcək seçkidə qələbə çalmaq üçün gah Moskvanın, gah da Vaşinqtonun çaldığı havaya oynamaq zorunda qaldığından gündə bir təklif və ya planla çıxış edir.
Diqqət edin, Paşinyan öz ölkəsinin Təhlükəsizlik Şurasının toplantısında təqdim etdiyi “plan”da iki ölkə arasında sərhədləri dəqiqləşdirmək üçün Azərbaycan tərəfinin əvvəlki mövqelərinə çəkilməsini və bu ərazidə beynəlxalq müşahidəçilərin – Rusiya, həmçinin ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələrindən olan beynəlxalq müşahidəçilərin sərhəd boyunca yerləşdirilməsini təklif edir. Paşinyana görə guya burada beynəlxalq müşahidəçilər danışıqlara zəmanətçi olmaq üçün lazımdır. 
Əlbəttə, Paşinyanın bu “plan”ı Rusiyanın Cənubi Qafqazda təkbaşına apardığı çoxillik geosiyasi maraqlarına köklü şəkildə ziddir və başqa vaxt olsaydı, bəlkə də Putin onun dərisinə saman təpərdi. Ancaq Moskvanın buna sakit yanaşmasının səbəbi görünür Paşinyanın seçkiqabağı daxili auditoriyanın havasına “oynamaq” məcburiyyətində qaldığını güman etməsidir.
Doğrudur, Paşinyanın planı barədə Moskva belə güman etsə də, amma onun “ölmüş” ATƏT-in Minsk qrupunun “dirildirilərək” yenidən bölgədə zühur etməsinə cəhdi, yalnız sərhəd məsələsi ilə bağlı deyil, həm də Qarabağa statust almaq xülyasında olmasının sübutudur. Digər tərəfdən də Paşinyan nə Vaşinqtondakı “boslarından”, nə də Ermənistanı Kardaşyanın timsalında “kiçik bacısı” sayan Fransadan tam qurtula bilir. Məhz bu üzdəndir ki, indi çıxılmaz vəziyyətə düşən Paşinyan, əsasən, özünü “gah ABŞ-a, gah da Rusiyaya vurur...”
Burada əvvəlcə onu deyək ki, ATƏT Qarabağ məsələsində 30 ilə yaxın vaxtda nə qələt edə bildi ki, indi də gəlib sərhəddə delimitasiya və demarkasiya işini həll etsin?
Əslində isə Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginlik və bura xarici qüvvəllərin cəlb edilməsi “plan”ı hamıdan daha çox elə Rusiyanı narahat etməlidir. Çünki, məlum məsələdir ki, öz maraqları üzündən nə qonşu İran, nə uzaq ABŞ, nə də digər qərb ölkələri Rusiya ilə Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılmasına razı deyillər. Şübhə yox ki, bu ölkələrin maddi dəstəyi ilə İrəvavandakı Paşinyan əlehdarları tərəfindən süni şəkildə yaradılan sərhəd probleminin həlli, iqtisadiyyatı gün-gündən çökməkdə davam edən məhz elə Rusiyaya daha çox lazımdır. Digər tərəfdən isə Ermənistan-Azərbaycan arasındakı sərhəd problemi “Sovet Moskvası”nın bişirdiyi “sıyığ” olduğundan, bu “südaşı” onun xələfi, yəni indiki Rusiya özü “qaşıqlamalıdır”. Ancaq bir şərtlə ki, bu “masada” Türkiyə də olsun və  Rusiya yediyi sıyığı “yerə-göyə” tökmək istəyəndə ona “olmaz” – desin!
Belə olan halda Paşinyana nə baş sındırıb hansısa yeni “plan” qurmağa, nə də Rusiyanın rəqibləri - ABŞ və Fransanı bölgəyə gətirməyə ehtiyac qalacaq. Paşinyan qanmalıdır ki, əgər o, iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyasını həqiqətən də sülh yolu ilə müəyyən etmək istəyirsə, belə bir plan çoxdan mövcuddur. Hərhalda yerin altını və üstünü yaxşı bilən, az qala “dinazavorlarla birgə yaşamış” ermənilər 1975-ci ildə SSRİ Baş Qərargahının tərtib etdiyi xəritədən xəbərsiz deyillər. Sovetin xələfi Rusiya məhz bu xəritəni əlinə almaqla, Ermənistan tərəfinə həm öz sərhədlərini, həm də elə öz hədlərini açıq-aydın göstərə bilər. Bundan sonra isə Paşinyan öz ərazilərinə istədiyi ölkədən – ABŞ-dan, Fransadan, hətta lap Mozambikdən sərhədçi və ya “qarolçu” gətirə bilər.
Yeri gəlmişkən, Rusiya Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı, Rusiya Xarici İşlər Nazirliyi, “Rusiya bu prosesə mümkün yardımları göstərməyə davam etməyə hazırdır”, - deyə öz münasibətini bildirib. ABŞ və Fransa isə öz növbələrində ümumi olaraq məsələnin yalnız sülh yolu ilə həll olunmasına tərəfdar olduqlarını bəyan ediblər.
Ancaq nə etmək olar ki, Ermənistan tərəfi sülhə gəlmək istəmir. Bu arada, bir neçə gün öncə Vyanada ATƏT Daimi Şurasının xüsusi iclasında çıxış edən Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov suverenliyin və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması ilə Ermənistanla sülh müqaviləsi imzalamağın mümkün olduğunu dilə gətirdi. Hərhalda Azərbaycanın mövqeyi belədir ki, Ermənistan Azərbaycanın BMT tərəfindən tanınan ərazilərini son qarışınadək tanımalı və yersiz torpaq iddialarına birdəfəlik son qoymalıdır. 
 
Əks təqdirdə Azərbaycan torpaqlarına gecə saat 3-də və ya 5-də soxularaq mina döşəməyə cəhd edən “Aşotların” leşə dönmələrinin babalı Paşinyanın, həmçinin digər “yanların” boynuna olacaq. 
 
Mübariz Azərbaycanlı, müstəqil jurnalist


Xəbəri paylaş

1626 dəfə oxunub.

Digər xəbərlər