Kosmik fəaliyyət haqqında qanunvericiliyin pozulmasına görə 5 min manatadək cərimələr tətbiq ediləcək.
Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 602-4.1-ci maddəsində əksini tapıb.
Layihəyə əsasən, Kosmik fəaliyyət haqqında qanunvericiliyin pozulmasına, yəni:
– Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsi Azərbaycan Respublikasından kənarda kosmik obyekt üzərində əmlak hüququnu əldə edənədək bu barədə milli kosmik operatora əvvəlcədən yazılı məlumat verməməsinə;
– Azərbaycan Respublikasının kosmik obyektlərinin dövlət reyestrində qeydiyyata alınmış kosmik obyektin mülkiyyətçisinin kosmik obyektin istismardan çıxarılması barədə dərhal milli kosmik operatora yazılı məlumat verməməsinə;
– Azərbaycan Respublikasından kənarda kosmik obyektin istehsalını sifariş etmiş Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsi sifariş verdiyi andan 30 (otuz) gün müddətində bu barədə milli kosmik operatora yazılı məlumat verməməsinə görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib