Tarix: 12-04-2021 | Saat: 09:50
Bölmə:Karusel / Region | çapa göndər
Ötən gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Azərbaycan hərbçilərinin Dağlıq Qarabağda "İsgəndər" raket kompleksinın qalıqlarını aşkar etməsi barədə məlumatın təsdiqinə və ya təkzibinə malik deyil.
"Raketlə bağlı heç nə deyə bilmərəm, məlumatım yoxdur", - o, jurnalistlərin “Ermənistanın baş naziri Nikol Paşinyanla görüş ərəfəsində Putin “İsgəndər" raket kompleksinin üzərində ixrac markasının yox, Rusiyadaxili markalanmanın olması barədə Azərbaycan tərəfin bəyanatına dair məruzəni əldə edibmi” sualına cavabda bildirib.
Beləliklə, Kreml Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik tərəfindən "İsgəndər-M" ballistik raketlərin qalıqlarının aşkar edilməsilə bağlı susmaqda davam edir. Belə ki, Rusiyanın bildirdiyinə görə, bu raketlər Ermənistana göndərilməmişdi.
Söhbət Rusiyanın Ermənistana göndərdiyi "İsgəndər-E" ixrac operativ-taktiki raket kompleksindən (atış məsafəsi 280 kilometrə çatan kvaziballistik raketli buraxılış qurğusu – kompleksin indeksi - 9K720) getmir, məhz “İsgəndər-M” kompleksindən (iki raketli buraxılış qurğusu və atış məsafəsi 500 kilometrə çatır, indeks 9М723) gedir və bu raketlər Rusiya Silahlı Qüvvələrinin silahlanmasındadır.
Martın 31-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik bildirib ki, 2021-ci il martın 15-də Şuşa şəhərində ərazilərin təmizlənməsi üzrə əməliyyat zamanı (coğrafi koordinatlar: 39°45'38.10»N 46°44'33.90»E и 39°45'27.80»N 46°45'25.80»E) parçalanmış iki raketin qırıqları aşkarlanıb. Yoxlama zamanı müəyyən edilib ki, mərmi qalıqları “İsgəndər-M” operativ -taktiki raket kompleksləri üçün raketlərin fraqmentləridir.
Daha sonra aprelin 2-də brifinq zamanı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin Operativ Qərargahının rəisi polkovnik İdris İsmayılov bu faktları təsdiqləyib.
"Şuşaya raket "İsgəndər-M" operativ-taktiki raket kompleksindən atılıb. Şuşada tapılan raketin qalığında 9M723 indeks aşkar edilib. Onun qalıqları bir-birindən 780 metr məsafədə aşkar edilib. Bir qalıq şimal-şərq istiqamətində, digəri isə əks istiqamətdə tapılıb. Son təhlilin nəticələrinə görə, biz belə qənaətə gəldik ki, raket "İsgəndər-M" operativ-taktiki raket kompleksindən buraxılıb. Raketin düşdüyü ərazidə axtarış tədbirləri davam etdirilir ", - hərbçi bildirib və əlavə edib ki, Ermənistanın Şuşaya atdığı raketlər partlamayıb”.
Sükut oyunu
Elə həmin gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "2020-ci ilin payızında Dağlıq Qarabağda münaqişənin eskalasiyası zamanı İsgəndər "raketləri tətbiq olunmayıb. Bu, (tətbiq edilməməsi) təsdiqlənib" deməkdə tələskənlik edib.
Görünür, Peskov Azərbaycan prezidenti İlham Əliyevə istinad edərkən onun fevralın 26-da xarici kütləvi informasiya vasitəslərinə verdiyi müsahibəni nəzərdə tutub. O zaman o bildirmişdi ki, Qarabağda hərbi münaqişə zamanı Azərbaycan “İsgəndər” raket komplekslərinin tətbiqini qeydə almayıb.
Daha sonra Peskov deyib ki, prezident Vladimir Putinə bu barədə məlumat verilib-verilmədiyini, Rusiya hərbçilərinin bu məsələ ilə bağlı məlumatının olub-olmadığını bilmir.
Jurnalistlər iş gününün sonunadək Rusiya Müdafiə Nazirliyinin şərhini gözləyiblər. Lakin Şoyqunun idarəsi bir kəlmə danışmayıb. Yeri gəlmişkən, o, elə indi də Rusiyanın digər dövlət orqanları kimi susmaqda davam edir.
“Exo Moskvı" radiostansiyasının baş redaktoru Aleksey Venediktov Sergey Buntmanın "Budem nablyudat” müəllif proqramı zamanı bildirib ki, aprelin 3-də Moskvada Müstəqil Dövlətlər Birliyi ölkələri xarici işlər nazirləri Şurası çərçivəsində Rusiya Xarici İşlər Nazirliyi danışıqlar zamanı Azərbaycan tərəf "İskəndər"lə bağlı məsələ qaldırıb.
"Bu, Lavrova təqdim edilib, o, mənim başa düşdüyüm qədərilə o, cavab verə bilməyib və Putin anladığım qədərilə onlarda adlandırıldığı kimi tapşırıq verib ki, aydınlaşdırılsın, çünki olmamalıdır", - o qeyd edib.
Ermənistana gəlincə, o da partizan kimi susur. Baş Qərargah rəisi Artak Davtyan bildirib ki, Ermənistan 2020-ci ilin payızında Qarabağda münaqişənin eskalasiyası zamanı ermənilərin "İsgəndər" operativ-taktiki raket komplekslərindən istifadə etməsinin mümkünlüyü barədə Azərbaycanın iddialarını şərh edə bilməz. Çünki bu informasiya açıqlana bilməz.
Keçmiş müdafiə naziri David Tonoyan da Qarabağda müharibə zamanı erməni tərəfin "İsgəndər" tətbiq edib-etmədiyini söyləməkdən imtina edib. O, dövlət sirrinə istinad edərək jurnalistlərin suallarından yayınıb, ancaq deyib ki, rəsmi araşdırma olarsa hökumətin qapalı iclasında hesabat verməyə hazırdır.
Artıq deyildiyi kimi, 9M723 tanınma nişanları sübut edir ki, bunlar "İsgəndər-E" komplekslərinin ixrac variantı üçün raketlər deyil, Rusiya Silahlı Qüvvələrinin silahlanmasında olan "İsgəndərov-M" üçün raketlərdir. Bu, nüvə döyüş sursatı daşıya bilən ciddi hücum silahıdır, özü hədəfləyən elementləri olan kaset döyüş hissələrinə və 300 kilometrdən çox məhvetmə məsafəsinə malikdir. Xarici sifarişçilər üçün "qısaldılmış mənzilə” malik (280 kilometrədək) və özü hədəfləyən elementləri olan kaset döyüş hissələrini əhatə etməyən "İsgəndər-E" adlanan sadələşdirilmiş variant nəzərdə tutulub. İxrac variantında operativ-taktiki raket kompleksinin məsafəsinin qısaldılması onunla şərtləndirilib ki, 300 kilometrdən çox məhvetmə məsafəsinə malik raket ixracı beynəlxalq müqavilələrlə qadağan edilib.
Rusiya iddia edir ki, o, beynəlxalq müqavilələri pozmayıb və Ermənistana operativ-taktiki raket kompleksinin ixrac variantı verilib. Lakin faktlar inadcıl bir şeydir -"İsgəndər-E"nin ixrac variantının yox, məhz başqa ölkələrə satış və ya verilmək üçün nəzərdə tutulmayan "İsgəndər-M"in qalıqları aşkar edilib.
Bununla yanaşı, Ermənistan və Rusiya təbliğat resursları Azərbaycan ərazisində "İsgəndər-M" ilə zərbələr endirilməsi barədə ittihamlara qarşı çıxaraq bəyan edirlər ki, Azərbaycan prezidenti İlham Əliyev fevralın 26-da xarici kütləvi informasiya vasitələrinə müsahibəsində bildirib ki, Qarabağda hərbi münaqişə zamanı Azərbaycan "İsgəndər" raket komplekslərinin tətbiqini qeydə almayıb.
"Biz “İsgəndər " raketinin atıldığını görmədik. Ona görə də dünən bəyanat veriləndə biz bir daha maraqlandıq, ancaq yox - biz bunu görmədik", - Azərbaycan prezidenti deyib.
Lakin Əliyevin mətbuat konfransı fevralın 26-da olub, ANAMA isə martın 15-də raket qalıqlarını martın 15-də aşkar edib. Ona görə də burada heç bir ziddiyyət yoxdur. Odur ki, suallar qüvvədə qalır: "İsgəndər-M" operativ-taktiki raket kompleksinin qalıqları Qarabağa necə düşə bilərdi? Şuşanın ətrafına raket zərbəsini kim endirib? Ermənilərdə "İsgəndər-M" olması mümkündürmü və əgər belədirsə, hansı yolla?
Moskvanın versiyası
Haqqin.az saytında dərc olunmuş məqalənin müəllifi, hansısa Yuliya Medvedyeva Ermənistanda 9M723 raketinin olması ilə bağlı tamamilə fantastik versiya irəli sürüb. Onun sözlərinə görə, Rusiya Cənub Hərbi Dairəsində erməni diasporu tərəfindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələri ilə hərbi-texniki əməkdaşlıq sistemindən yan keçməklə Ermənistana qeyri-leqal silah təchizatı şəbəkəsi formalaşdırılıb. Və guya indi Rusiya Federal Təhlükəsizlik Xidmətinin Hərbi Əks-kəşfiyyat Departamenti Ermənistan Silahlı Qüvvələrində nəzərdə tutulmayan "İsgəndərov-M"in olması və onların Qarabağda tətbiqilə bağlı araşdırma aparır.
Yalnız sadəlövh uşaqlar belə bir hadisənin Kremlin razılığı olmadan baş verə biləcəyinə inanar. Dərhal sual yaranır - Rusiyanın hər yerdə yerləşən xüsusi xidmət orqanları - Silahlı Qüvvələrin Baş Qərargah Baş İdarəsi və Federal Təhlükəsizlik Xidməti necə "gözdən qaçıra bilər"? Ballistik raketlər ot tayasında itə biləcək iynə deyil. Yuxarının sanksiyası olmadan bu sinifdən silahları almaq və ölkədən çıxarmaq mümkün deyil.
Ən başlıcası isə "İsgəndər"ləri topdan və pərakəndə şəkildə alan erməni iş adamlarına raketin buraxılışkodları necə məlum ola bilərdi?
Əlbəttə, Medvedyevanın versiyası qeyri-adi cəfəngiyyatdır. Amma yəqin ki, bu cəfəngiyyat bloqer və ya jurnalistin sərbəst uydurması deyil, ictimaiyyəti çaşdırmaq üçün Rusiya xüsusi xidmət orqanlarının dövriyyəyə buraxdığı yalandır.
"Arsenal Oteçestva” jurnalının redaktoru, hərbi ekspert Aleksey Leonkovun “plaş və xəncər cəngavərləri" haqda romanların ruhunda irəli sürülə versiya da az ekzotik az deyil. O hesab edir ki, söhbət çox güman ki, Rusiya raketlərinin qalıqlarının real tapılmasından yox, "Rusiyaya qarşı təxribatlarda maraqlı olan" qüvvələrin təşkil etdiyi tamaşadan gedir.
Leonkovun sözlərinə görə, Azərbaycan Respublikası Əarzilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin təqdim etdiyi raket qalıqları həqiqətən "İsgəndər" raketlərinə məxsusdur, markalanma da “İsgəndər”ə aiddir. Lakin türklər bu qalıqları orada ("İsgəndər-M"in tətbiq olunduğu Suriyada) toplaya bilərdi, onları Qarabağa gətirmək və erməni ordusunun "İsgəndər" atması və onların keyfiyyətinin pis olması barədə Paşinyanın bəyanatını təsdiqləmək üçün onlarla fotosessiya təşkil etmək üçün Azərbaycana verə bilərdilər.
Leonkovun fikrincə, Türkiyə və Azərbaycanın, eləcə də Rusiyanı Cənubi Qafqazdan çıxarmağa can atan ABŞ və Böyük Britaniyanın maraqlı olduğu bu təxribatda məqsəd tezliklə növbədənkənar parlament seçkiləri ilə üz-üzə qalacaq Paşinyana özünəməxsus şəkildə yardım göstərmək ola bilər.
Təxribatçıların daha bir məqsədi (əlavə olaraq) Rusiya Müdafiə Nazirliyini "yalanda" ifşa etmək, eyni zamanda, Rusiya silahlarını nüfuzdan salmaqdır, müəllifi yekunlaşdırır.
Bu cür konspiroloji versiyanın heç bir tənqidə sığmadığını deməyə ehtiyac yoxdur. Kreml bu sinif raketlərin harada tətbiq edildiyindən xəbərdardır.
Bizim versiya
Ermənistan 2016-cı il sentyabrın 8-də Rusiya "İsgəndər" operativ-taktiki raket kompleksinin ilk xarici alıcısı olub. Həmin vaxtdan sərt mübahisələr başlayıb - reallıqda bu komplekslərə kim nəzarət edir - ermənilər, yoxsa onlar (komplekslər) Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının sərəncamındadır və Ermənistanın onlara çıxışı yoxdur?
İkinci Qarabağ Müharibəsi zamanı ermənilərin "İsgəndər" kompleksi üçün raketlərdən istifadə etməsi barədə məlumat yox idi. Lakin son anda, Azərbaycan, Rusiya və Ermənistan tərəfindən atəşkəs haqda birgə bəyanatın imzalanmasından bir neçə saat öncə Yerevan Azərbaycan ərazisinə "İsgəndər"lərlə zərbə endirib. Bu barədə noyabrın 10-da ABŞ-ın "The Drive" nəşri məlumat verib.
Müvafiq videolar sosial şəbəkələrdə, əsasən Tvitter-də yayılıb.
Nəşr yazıb ki, raketin buraxılmasının dəqiq tarixi və vaxtı məlum deyil, amma bütün sübutlar erməni tərəfin sovet istehsalı olan "Toçka" (indeks - 9K79) diviziya taktiki raket kompleksi deyil, məhz "İsgəndər" raketindən istifadə etdiyini göstərir. "The Drive" nümayiş etdirdiyi video-çarxda məhz “İskəndər-M” kompleksi tərəfindən iki raketin buraxılması əks olunub.
Sonradan Azərbaycan ərazisinə "İsgəndər"lə raket zərbəsi endirilməsi barədə Ermənistanda da danışmağa başlayıblar. Belə ki, noyabrın 19-da Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin keçmiş rəisi, “Arsax”ın keçmiş müdafiə naziri, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Movses Akopyan müharibə zamanı erməni tərəfin "İsgəndər" operativ-taktiki raket sistemlərindən istifadə edib-etməməsilə bağlı jurnalistin sualına cavab verərkən deyib: "Mən bilirəm ki, atırdılar, amma hansı istiqamətdə atıldığını deməyəcəm".
Bir neçə ay sonra (fevralın 16-da) Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan “Armnyus” telekanalına müsahibəsində Ermənistanın Qarabağda müharibənin əsas mərhələsində cavab zərbəsindən qorxaraq "İsgəndər" operativ -taktiki kompleksləri tətbiq etməməsindən narazılığını bildirib. O deyib ki, onda olan səhih məlumata görə, "İsgəndər"lər ancaq müharibənin sonunda tətbiq olunurdu və Şuşaya atılıb.
Bir həftə sonra isə (23 fevral) erməni baş nazir Nikol Paşinyan 1in.am nəşrinə müsahibəsində etiraf edib ki, Ermənistan Azərbaycana qarşı "İskəndər" operativ-taktiki raket kompleksi tətbiq edib.
Elə həmin gün Movses Akopyan mətbuat konfransında yenidən bildirib ki, Qarabağda müharibə zamanı "İsgəndər" operativ-taktiki raket kompleksi tətbiq edilib.
Yuxarıda deyildiyi kimi, Ermənistan Baş Qərargah rəisi Artak Davtyan və keçmiş müdafiə naziri David Tonoyan Qarabağda müharibə zamanı "İsgəndər"lərin tətbiqindən danışmaqdan imtina ediblər ki, bu da onun tətbiqini dolayısı ilə təsdiqləyir. Axı əgər tətbiq edilməyibsə, bunu gizlətmək üçün heç bir səbəb yoxdur.
Bir sözlə, ermənilər özləri etiraf ediblər ki, müharibə zamanı onlar "İsgəndər"dən istifadə ediblər.
Raket zərbəsi Şuşaya noyabrın 9-da, yəni onun Azərbaycan Silahlı Qüvvələri tərəfindən geri alınmasından bir gün sonra atılıb (The Drive belə iddia edir). Çətinliklə keçilə bilən qayalıq zirvədə yerləşən bu yaşayış məntəqəsinin strateji əhəmiyyətini lazımınca qiymətləndirmək çətindir. Ona nəzarət bütün Qarabağ (geniş coğrafi ərazi kimi) üzərində nəzarəti təmin edir. Buna görə də aydındır ki, Şuşanın Azərbaycan ordusu tərəfindən alınması perspektivdə bu gün rusiyalı “sülhməramlılar”ın “məsuliyyət zonası” sayılan ərazilərə də nəzarətin bərqərar olması deməkdir. Yəni, hansısa məqamda onların iştirakı öz mənasını itirəcək və o zaman ruslar Azərbaycan ərazisini tərk etməyə məcbur olacaqlar. Bu o deməkdir ki, Bakı Moskvanın təsirindən tamamən çıxacaq ki, bu da öz növbəsində Rusiyanın Cənubi Qafqazda nüfuzunu itirməsi deməkdir və nəticə etibarı ilə onun gosiyasi səylərini və cənub istiqamətində iddialarını şübhə altına alacaq.
Beləliklə, Azərbaycanın Şuşa kimi strateji əhəmiyyətli yaşayış məntəqəsinə nəzarət etməsi Yerevan üçün yolverilməz idi. Vəziyyəti Şuşanı saxlayan Azərbaycan ordusunun bölmələrinin məhv edilməsi xilas edə bilərdi. Erməni yerüstü ordusu bu vəzifənin öhdəsindən gələ bilməyib və çox güman ki, elə o zaman Azərbaycan qüvvələrini operativ- taktiki raket zərbələri ilə məhv etmək qərarı verilib. Özü hədəfləyən döyüş elementləri olan kaset başlıqlı reaktiv mərmilər də əslində, bu cür məsələlərin həlli üçün nəzərdə tutulub. Yeri gəlmişkən, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin təqdim etdiyi fotoşəkillərdən görünür ki, bunlar kaset başlıqlı raketlər olub.
Bəs zərbəni kim endirib? Ermənistan Silahlı Qüvvələri, yoxsa Gümrüdəki Rusiya bazası?
Şuşa ətrafında "İsgəndər-M" raketlərinin fraqmentlərinin aşkar edilməsi faktının yalnız iki real cavab variantı var:
Birinci. Rusiya beynəlxalq müqavilələri pozaraq Ermənistana "İsgəndər-M" raketlər verib, o da Azərbaycanın Silahlı Qüvvələrinə zərbə endirib. Beynəlxalq təhlükəsizlik baxımından bu, çox təhlükəli presedentdir. Sual yaranır ki, Rusiya operativ- -taktiki silahı daha kimə verib?
İkinci. Rusiya Şuşa ətrafına "İsgəndər-M" raketi atıb ki (Ermənistan və ya Rusiya ərazisindən atılmasının fərqi yoxdur) bu şəhərin Ermənistanın nəzarətinə qaytarılması məsələsini həll etsin.
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 14 dekabr 1974-cü il tarixli 3314-cü il tarixli qətnaməsinə əsasən digər dövlətin ərazisinin bombalanması və ya digər silahların tətbiqi; digər silahlı qüvvələrinə hücum təcavüz aktlarıdır.
Görünür ki, bu cür hərəkətləri törədən dövlət avtomatik olaraq münaqişənin iştirakçısına çevrilir. Ancaq münaqişə iştirakçısı sülhməramlı missiya ilə çıxış edə bilərmi? Cavab üzdədir.
***
Məqalənin dərc edildiyi anda nə Rusiya Xarici İşlər Nazirliyi, nə Rusiya Müdafiə Nazirliyi, nə də Rusiyanın digər hər hansı strukturu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin tapıntısına münasibət bildirməyib. Aydındır ki, vəziyyət dalana dirənib- nə təkzib etmək, nə də etiraf etmək mümkün deyil...
Görünür, buna görə də Kremldə susmağa qərar veriblər, guya "hər şey öz-özünə keçəcək.
(yenisabah.az)
Digər xəbərlər