Tarix: 04-03-2021 | Saat: 09:22
Bölmə:Karusel / Yazar | çapa göndər
Bu koronavirus pandemiyasının nə qədər mənfi cəhətləri olsa da, müsbət tərəflərini də qeyd etməyə borcluyuq. Necə deyərlər, həyat ağ və qara rənglərdən ibarət deyil. Bir üzümüz güləndə, o biri üzümüz ağlamalıdır. Ya da tərsinə, dəqiq xatırlamıram.
Örnək üçün, Bakı metrosunun önəmini hər zaman bizə sırıyardılar. Hətta oranın bir keçmiş müdiri vardı, bu temada şeirlər qoşurdu, xalqı inandırmağa çalışırdı ki, Bakı Metropoliteni olmasa paytaxtımız iflic olar, respublikamızı infarkt vurar, nə bilim, kainatda həyat dayanar. Ancaq keçən ildən bəri - haradasa 210 gündür Bakı metrosu COVİD-19-la mübarizə üzrə Operativ Qərargahın qərarıyla qapılarını uca millətimizin və şəhərimizin qonaqlarının üzünə qıfıllayıbdır, hansısa böyük faciə baş veribmi? Yox. Bir az camaat bir-birinin belində, avtobus qapısından sallanıb gəzişibdir. Vəssalam. Sanki heç bu boyda şəhərdə metro yerli-dibli olmayıbmış. Avtobusların sayını artırsaq, tramvay-trolleybusu bərpa eləsək, metro ümumiyyətlə yada düşməz. Hətta bizim iqtisadi imkanlarımız vardır ki, hər bir bakılıya dövlət hesabına maşın alıb verək. Mən bunu hap-gopa basmaq üçün yazmıram, keçən ay Statkomun hesabatı vardı, deyir Azərbaycan bu ilin yanvar ayı ərzində 100 ədəd avtomobil istehsal etmişdir. Gör bu, dünya avtomobil sənayesi üçün nə deməkdir... “Toyota”, “Mersedes” firmalarının başçıları bu rəqəmi oxuyandan təşviş keçirirlər, ancaq mövzudan uzaqlaşmayaq.
Tramvay demişkən, təzəlikcə paytaxtın nəqliyyat idarəsindən açıqlama vermişdilər, tramvay xətlərinin hansısa istiqamətdə bərpası üzərində fikirləşirlər. Görəsən, 20 il qabaq o xətləri sökən tipi hansı cəza gözləyir? Tramvayın dimdiyini onun... gözünə soxmaq olarmı? Bunu düşünüb-daşınıb eləmək olmazdımı? Yox. Bizdə söküb sonra fikirləşirlər. Dovşanın qulağı haqda lətifədəki kimi. Bilənlər bilməyənlərə nəql eləsin, mənim yerim azdır, oranı səmərəli istifadə etməsəm bir də görərsən köşəmin içindən tramvay xətti çəkdilər.
Metronu daha işə salmasaq, onun stansiya və tunellərində yarmarka açmaq olar. Otaqlara bölüb mənzil-istismar sahəsi kimi yararlanmaq da mümkündür.
Toy məsələsi də metroya bənzəyir. Azərbaycan xalqı toy əhvalatını həddindən artıq şişirtmişdi. Az qala həyatda əsas məqsədimiz toy idi. Bütün nəğmələrimiz toy üçün, toy temasında olurdu. Kinolarımız, bədii əsərlərimizin 90 faizində mütləq qəhrəmanların toyu olmalıydı. Ya da toya nəsə qarışıqlıq düşməliydi. İnsanlarımızı, xalqımızı cəmiyyət kimi təsəvvür etmək üçün toy əsas element idi: adamlar bir-birinə toy siyahılarıyla bağlanırdı. Sən mənim toyuma, mən sənin toyuna... Biz bir-birimizi başqa harada görürdük? Bir-birimiz haqda toy siyahılarından kənarda, hansı müstəvidə əlaqə saxlayırdıq?
Budur, artıq 1 ildir toylar qadağan edilib, lakin millətimiz inkişafdan geri qalıbmı? Qətiyyən. Əksinə, irəli gedib Qarabağı qaytarmışıq. İşğalçıya toy tutmuş, ümumxalq bayramı yaşamışıq. Məntiqi nəticə budur ki, azərbaycanlılar toy eləməyəndə daha yaxşı yaşamağa başlayırlar. Lazımi orqanlardan arayış alsaq, bəlkə də düşmənə atdığımız mərmilərin bir çoxunun toylara atılmayan nəmərlər hesabına əldə edildiyi ortaya çıxar. Hətta mən proqnoz edirəm, toylar bir il də qadağan edilsə biz basıb İrəvanı geri alarıq.
Başqa lüzumsuz idarə və adətlərimiz də ortaya çıxmışdır, qalsın növbəti yazılara. Hələ xəmir islana-islana gedir...
Digər xəbərlər