Tarix: 07-10-2023 | Saat: 13:20
Bölmə:Karusel / Manşet | çapa göndər
Cənab İlham Əliyevin yüksək siyasi keyfiyyətləri, Ulu Öndər Heydər Əliyevin siyasi məktəbinin ən layiqli yetirməsi olması hələ ölkə prezidenti olmazdan əvvəl özünü göstərmişdi.
İlham Əliyev buna qədər Milli Məclisin deputatı, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini kimi Heydər Əliyevin inkişaf kursunun, siyasi xəttinin həyata keçirilməsində fəal iştirak etmiş, Ulu Öndərin müəyyən etdiyi milli prioritetlərin reallaşmasına dəyərli töhfələrini vermişdi. İlham Əliyevin Avropa Şurasında həyata keçirdiyi fəaliyyət vətənə və dövlətə xidmətin ən möhtəşəm nümunələrindən idi və bundan hamımız, Milli Məclisdəki bütün deputatlar hədsiz qürur hissi keçirirdik.
Heydər Əliyev yolunun layiqli davamçısı
Bütün bunlar cənab İlham Əliyevə cəmiyyətimizdə dərin hörmət və yüksək nüfuz qazandırmışdı. Ona görə İlham Əliyevin Baş nazir vəzifəsinə təyin edilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyevin Milli Məclisə müraciəti xalqımız tərəfindən alqışlarla qarşılanmışdı. 2 aydan bir qədər artıq davam edən baş nazirliyi dövründə cənab İlham Əliyevin ortaya qoyduğu mükəmməl nümunələr onun yüksək siyasi keyfiyyətlərini nümayiş etdirmişdi.
Ulu Öndər Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciəti isə bütün xalqımızın - dövlətçiliyimizin daha da qüdrətlənməsini, Azərbaycanın inkişafını, vətəndaşların yüksək sosial rifahını düşünən insanların arzularının bariz ifadəsi idi. Həmin müraciətində Heydər Əliyev deyirdi: "Üzümü Sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər".
2003-cü ilin oktyabrın 15-də keçirilən prezident seçkilərində Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının namizədi olan cənab İlham Əliyevi birmənalı şəkildə dəstəkləməklə Heydər Əliyev siyasi kursunun, Ulu Öndərin müəllifi olduğu inkişaf siyasətinin davam etdirilməsinə səs verdi. Həmin seçkilərdə xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyev oktyabrın 31-də vətənə və xalqa sədaqət andı içdi. Bununla da müstəqil Azərbaycan dövlətçiliyinin tarixində gənc və qətiyyətli bir Prezidentlə yeni dövr başladı.
Bir neçə gündən sonra cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 20 ili tamam olacaq. Dönüb geriyə baxanda, tarixə ekskurs edəndə, müqayisələr aparanda bu 20 ildə Azərbaycanın əsrə bərabər möhtəşəm inkişaf yolu keçdiyini görürük.
Azərbaycana kənardan baxanlar həsəd aparırlar
Bu 20 ili Azərbaycanın iqtisadi inkişafı baxımından mühüm dövr kimi dəyərləndirə bilərik. Məsələn, 2003-cü ildə bizim dövlət büdcəmizin gəlirləri cəmi 1 milyard 220,9 milyon manat təşkil edirdisə, artıq 2023-cü ildə bu rəqəm 40 milyard manata yaxınlaşıb. Azərbaycanın müdafiə xərcləri 2003-cü ildə cəmi 150 milyon ABŞ dollarına bərabər idisə, indi bu rəqəm 5 milyard manatdan çoxdur və gələn il bir qədər də artacaq. 20 il əvvəl regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına başlayarkən Azərbaycan cəmi 1,8 milyard dollar valyuta ehtiyatlarına sahib idi. Bu il isə valyuta ehtiyatlarımız 67 milyard ABŞ dollarına çatıb ki, bu da təxminən 37 dəfə artım deməkdir.
Ümumiyyətlə, Prezident İlham Əliyevin ölkəmizin iqtisadi yüksəlişi ilə bağlı strategiyası kompleks məzmun daşımaqla bir çox strateji məsələləri özündə birləşdirir. Cənab Prezidentin inkişaf siyasətinin prioritet istiqamətlərindən biri regionların inkişafı idi və bu da təsadüfi deyildi. Çünki inkişafda çevikliyin, davamlılığın və mühüm makroiqtisadi nəticələrin əldə olunması həm də regionların inkişaf etdirilməsindən ibarətdir. Məhz bu səbəbdən hələ ilk prezident seçkiləri zamanı cənab İlham Əliyev regionların inkişafı ilə bağlı prioritetləri xüsusi platforma şəklində elan etmişdi və ötən 20 ilin yekunları göstərir ki, bu prioritetlərin hər biri dövlət proqramlarının icrası ilə həyata vəsiqə alıb. Bu dövrdə Azərbaycanın iqtisadi potensialı hərəkətə gətirilib, sovet vaxtında respublikamızda olmayan istehsal sahələri yaradılıb.
Bu siyasətin bir istiqamətini Azərbaycanda qeyri-neft sektorunun inkişafı təşkil edir. Təsadüfi deyil ki, bu gün Azərbaycanın istehsalı olan məhsullar Çindən Amerikaya qədər dünyanın yüzlərlə dövlətinə ixrac edilir. "Made in Azerbaijan" brendi dünyada populyarlaşıb. Neft ölkəsi kimi tanınan Azərbaycan artıq həm də qeyri-neft sektoru məhsullarının istehsalçısı kimi tanınır. Azərbaycanın dövlət büdcəsində tədricən neft gəlirlərinin qeyri-neft gəlirləri ilə əvəzlənməsi bu istiqamətdə həyata keçirilən siyasətin uğurlarından xəbər verir.
Təbii ki, əldə olunan bu nailiyyətlər həm də uğurla reallaşan iqtisadi islahatların, ölkədə azad sahibkarlıq mühitinin yaradılmasının, dövlət proqramları ilə qarşıya qoyulmuş vəzifələrin icrasının nəticəsidir. Bütün bunlarla yanaşı, Azərbaycanın müxtəlif strateji hədəflərə də uğurla çatması bugünkü inkişafımızı təmin edən əsas faktorlar sırasında yer alır. Prezident İlham Əliyevin qətiyyəti, müdrikliyi və siyasi-diplomatik uzaqgörənliyi ilə reallaşan enerji layihələri bu gün Azərbaycanın həm iqtisadi inkişafına təkan verən, həm də respublikamızın qlobal mövqelərini əhəmiyyətli dərəcədə yüksəldən, siyasi-iqtisadi amillər kimi özünü göstərir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi enerji siyasətini qətiyyətlə davam etdirən cənab İlham Əliyevin iradəsi ilə reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz kəmərləri bu gün respublikamızın inkişafına, xalqımızın sosial rifahının yüksəldilməsinə xidmət edir.
İlham Əliyev həm də Ulu Öndərin enerji siyasətini yeni ştrixlərlə zənginləşdirən liderdir. Belə ki, möhtərəm Prezidentin siyasi iradəsi ilə ərsəyə gələn "Cənub qaz dəhlizi" Azərbaycanın qlobal enerji bazarlarındakı və beynəlxalq münasibətlər sistemindəki yerini daha da möhkəmləndirib, ölkəmizi qlobal miqyasda söz sahibinə çevirib. Təsadüfi deyil ki, Avropa İttifaqı dövlətlərinin üçdəbiri bu gün Azərbaycanın strateji tərəfdaşıdır. Ukraynada davam edən müharibənin fonunda yeni çağırışlarla üzləşən Şərqi Avropa ölkələri bu gün məhz Azərbaycan qazı ilə təmin olunurlar.
Prezident İlham Əliyevin Azərbaycanı uğurla çatdırdığı digər strateji hədəf isə respublikamızın regionun tranzit-logistik mərkəzinə çevrilməsidir. Bu mənada, son 20 ilin ən böyük iqtisadi, həm də siyasi uğurlarından biri Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin həm keçdiyi, həm kəsişdiyi bir məkana çevrilməsidir. Ötən 20 ildə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi, ölkəmizdəki bütün hava yollarının yenidən qurulması, avtomobil yollarının genişləndirilməsi, Xəzər dənizində üzən gəmi və bərələrimizin sayının artırılması, Bakıda Beynəlxalq Dəniz Limanının salınması, Ələt Azad İqtisadi Zonasının yaradılması Prezident İlham Əliyevin nə qədər uzaqgörən və müdrik dövlət xadimi olduğunu göstərir. İndi Şimaldan Cənuba, Şərqdən Qərbə gedən nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Respublikamızın bu sahədə gördüyü işlər, həyata keçirdiyi layihələr qlobal iqtisadi zəncirin lokomotivlərindən olan Çin dövləti tərəfindən diqqətlə izlənilir. Təsadüfi deyil ki, Çin dövləti "Bir kəmər-bir yol" təşəbbüsü çərçivəsində Azərbaycandan keçən nəqliyyat dəhlizlərinə böyük maraq göstərir.
Beləliklə, ötən 20 ildə Azərbaycan həm sürətli iqtisadi inkişafa nail olub, həm qlobal enerji təhlükəsizliyində aparıcı mövqeyə sahib olub, həm də, regionun nəqliyyat qovşağına çevrilib. Bunların hər biri Azərbaycanın yalnız müasir deyil, bütün dövlətçilik tarixinin ilkləridir. Bu möhtəşəm nailiyyətləri tamamlayan digər bir tarixi uğur isə Azərbaycanın kosmik kluba daxil olmasıdır. Bəli, bu gün fəzada indi özümüzün, müstəqil dövlətimizin peykləri uçur və Azərbaycan dövlətinin qüdrətini kainata bəyan edir. Budur, cənab İlham Əliyevin qürurdoğuran inkişaf siyasətinin uğurları…
Yüksələn sosial rifah 20 ilin əsas reallıqlarından biridir
Cəmiyyətdə sosial ədalətə nail olmadan ölkəni inkişaf yoluna çıxarmaq mümkün deyil. Sosial ədalət Azərbaycan xalqının təbiətinə, ruhuna uyğundur. Ta qədimdən Azərbaycan xalqı ədalətə tərəfdar olub, ədaləti müdafiə edib. Fəxrlə deyə bilərik ki, sosial ədalətlilik prinsipi bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətdə daha inkişaf etmiş formada özünü göstərir. Ədalətlilik ölkənin sosial-iqtisadi inkişafından ədalətli şəkildə xalqa pay düşməsi, Azərbaycan dövlətinin milli sərvətlərdən əldə olunan gəlirlərin insanlarımıza ədalətli şəkildə çatdırmasıdır. Ədalətlilik, eyni zamanda cəmiyyətdə bazar iqtisadiyyatının yaratdığı ziddiyyətlərin hansısa bir zümrəyə ziyan vurmasının qarşısının alınmasıdır. Bu, Azərbaycan cəmiyyəti üçün olduqca əhəmiyyətli bir prinsipdir. Ötən 20 ildə Prezident İlham Əliyevin siyasətində bunlar açıq şəkildə özünü göstərib. Bu dövrdə həyata keçirilən sosial-iqtisadi siyasətin mərkəzində vətəndaşların rifahının yaxşılaşdırılması dayanıb və bütün tədbirlər məhz bu məqsədə xidmət edib. Bu baxımdan 20 ilin ən böyük həqiqətlərindən biri odur ki, xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq möhtərəm İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin əsas prinsipləridir. Dövlət başçısının qeyd etdiyi kimi: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır".
Ötən 20 ildə sosial sahədə həyata keçirilən islahatlar və məqsədyönlü tədbirlər əhalinin etibarlı sosial müdafiə sisteminin formalaşmasını təmin edib. Həyata keçirilən sosialyönümlü siyasətin nəticəsi olaraq, orta aylıq əməkhaqqı 2003-cü ildə 77,4 manat idisə, indi bu rəqəm 900 manatdan artıqdır. 2003-cü ildə Azərbaycanda adambaşına düşən ÜDM 888,6 ABŞ dolları olduğu halda, ötən ilin yekunlarına əsasən bu rəqəm 13292,2 manata bərabər olub. Əhalinin sağlamlığının qorunması, təhsilin səviyyəsinin yüksəldilməsi, səmərəli məşğulluğunun təmin edilməsi və digər istiqamətlərdə sistemli tədbirlər bu gün də davam etdirilir, bu sahəyə yönəldilən vəsaitlərin həcmi ildən-ilə artırılır. Bu illər ərzində 2 milyondan artıq yeni iş yerinin yaradılması sosial siyasətin ən böyük uğurlarındandır.
Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkəmizdə ardıcıl sosial islahatlar aparılmaqla sosial müdafiə və aktiv məşğulluq proqramlarının xeyli genişlənməsi, müasir və etibarlı, dayanıqlı sosial müdafiə sisteminin qurulması, sosial ödənişlərdə davamlı artımlar təmin edilib. Xüsusilə son 5 ildə 4 sosial islahat paketi icra olunaraq vətəndaş rifahının təminatı istiqamətində ciddi irəliləyişlərə nail olunub. Belə ki, 2018-ci ildən indiyədək minimum əməkhaqqında 2,7 dəfə, orta aylıq əməkhaqqında 60 faiz, minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 2 dəfə, sosial müavinət və təqaüdlər üzrə ödənilən illik vəsaitdə 5 dəfə artım baş verib.
Ötən 20 ildə 3 min 200-dən çox məktəb binasının, 750-dən çox tibb müəssisəsinin tikilməsi və ya əsaslı şəkildə təmir edilməsi, 40-dan çox olimpiya mərkəzinin və yüzlərlə müxtəlif idman qurğularının inşası nəticə etibarilə uğurlu sosial siyasətin təqdirəlayiq nümunələridir.
Əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan hissəsi, o cümlədən əlillər, müharibə veteranları, aztəminatlı vətəndaşlar bu illər ərzində daim diqqət mərkəzində olub. Yoxsulluğun səviyyəsinin 5 faizə düşməsi, şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 14 mindən artıq mənzil və fərdi evin təqdim olunması bu diqqətin ayrı-ayrı nümunələridir. "Məşğulluğa Dəstək Layihəsi" ölkəmizdə özünüməşğulluq proqramının genişləndirilməsində, həssas qrupların kiçik biznesə çıxışının dəstəklənməsində mühüm rol oynayıb. Ümumiyyətlə, sosial-iqtisadi həyatın bütün sahələrində aparılan islahatlar nəticəsində sosial cəhətdən həssas əhali qruplarının hüquqlarının etibarlı müdafiəsi istiqamətində reallaşdırılan tədbirlərin əhatə dairəsi davamlı olaraq genişləndirilib. Bu kateqoriyadan olan şəxslərlə bağlı həyata keçirilən siyasətin nəticəsi olaraq onların cəmiyyətin digər üzvləri kimi bərabərhüquqlu, dolğun həyat şəraitinə malik olmaları və cəmiyyətə inteqrasiya olunmaları təmin edilib. Mənim üçün olduqca qürurvericidir ki, sosial siyasətdə baş verən müsbət dəyişikliklər vaxtilə Milli Məclisdə sosial siyasət məsələləri ilə məşğul olan bir şəxs kimi gözlərim önündə baş verib. Bu illər ərzində elə bir il olmayıb ki, dövlət büdcəsindən sosial sahəyə ayrılan vəsait artırılmasın. Təsadüfi deyil ki, hər dəfə büdcə müzakirələri zamanı növbəti ilin dövlət büdcəsini həm investisiya tutumlu, həm də sosialyönümlü kimi qiymətləndirmişik.
Prezident İlham Əliyevin bu ilin avqust ayında təsdiq etdiyi "Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün" Dövlət Proqramı bir daha göstərdi ki, sosial məsələlər daim prioritetdir.
Qarabağ Azərbaycandır!
Qeyd etmək lazımdır ki, respublikamıza rəhbərliyinin ilk günlərindən torpaqlarımızın işğaldan azad edilməsi Prezident İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətini təşkil etmişdir. Bu gün dönüb tarixə nəzər salanda görürük ki, həm iqtisadi inkişafın, həm sosial yüksəlişin, həm də enerji siyasətinin, beynəlxalq əməkdaşlığın, bütövlükdə, Azərbaycanı qüdrətli dövlətə çevirən bütün fəaliyyət istiqamətlərinin mərkəzində torpaqlarımızın işğaldan azad edilməsi dayanmışdır.
Hələ 2003-cü ildə keçirilən andiçmə mərasimində Prezident İlham Əliyev artıq həllini tapmış Dağlıq Qarabağ problemi ilə bağlı demişdi: "Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir".
Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin söylədiyi bu sözlərin öz təsdiqini tapmasının tarixi təntənəsini yaşayır. Cənab İlham Əliyev ilk gündən necə demişdisə elə də etdi, nə demişdisə o da oldu. Möhtərəm Prezident ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesində Azərbaycanın milli maraqlarının əleyhinə olan kiçicik bir təşəbbüsü və ya təklifi belə yaxına buraxmadı. Eyni zamanda Prezident bütün görüşlərdə, bütün tədbirlərdə qətiyyətlə bəyan etdi ki, Azərbaycan dövləti öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək və nəyin bahasına olursa-olsun öz torpaqlarını işğaldan azad edəcəkdir. Bunun üçün Prezident İlham Əliyev ən müasir çağırışlara uyğun hərbi islahatlar həyata keçirdi, ordumuzun döyüş imkanlarını modern səviyyəyə yüksəltdi. Dövlətimizin başçısı hər zaman bəyan etdi ki, sülh danışıqları nəticəsiz qalarsa, Azərbaycan müharibə yolu ilə torpaqlarını işğaldan azad edəcəkdir. Hələ 2016-cı ilin Aprel döyüşləri təsdiq edirdi ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə tam hazırdır.
2020-ci ilin Tovuz döyüşləri və ondan sonra baş verənlər isə təsdiq edirdi ki, sülh danışıqları mənasızdır, yaxud sülh danışıqlarını imitasiya edən, hərbi təxribatlarını artıran, işğal etdiyi Azərbaycan torpaqlarında qanunsuz məskunlaşma həyata keçirən Ermənistanı başa salmağın yeganə yolu onu döyüş meydanında cəzalandırmaqdır. Digər tərəfdən artıq Tovuz döyüşlərindən sonra cəmiyyətimizdə belə ab-hava hakim idi ki, torpaqlarımızın işğaldan azad ediləcəyi gün uzaqda deyil.
Beləliklə, işğalçı Ermənistanın 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribatdan sonra Azərbaycan Ordusu Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə özünün tarixi və şərəfli missiyasının icrasına başladı. Bu müharibə dövlətimizin gücünün, xalqımızın milli iradəsinin və həmrəyliyinin təntəsinə çevrilərək torpaqlarımızın işğaldan azad olunması, pozulmuş ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. 44 günlük bu savaşda Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə müzəffər Azərbaycan Ordusu yalnız 30 illik müasir müstəqillik tariximizin deyil, son bir neçə əsrlik tariximizin ən şərəfli səhifəsini yazdı.
İlham Əliyev saxta erməni iddiasını tarixdən sildi
Qürur hissi ilə deməliyik ki, Prezident İlham Əliyev Vətən müharibəsinin başa çatmasından ötən dövrdə Ermənistanla münasibətlərin normallaşdırılması prosesində də Azərbaycanın milli maraqlarını qətiyyətlə təmin edir. Bu sırada Ermənistanın 1991-ci il Alma-ata Bəyannaməsinə əsasən Azərbaycanın ərazi bütövlüyünü tanıması Prezident İlham Əliyevin mühüm siyasi-diplomatik uğurudur.
Ermənistanın 2020-ci il 10 noyabr bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərdən biri məğlub ordusunun qalıqlarını Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağdan çıxarması idi. Lakin Ermənistan bu dövrdə öhdəliyini yerinə yetirmirdi, üstəlik, Qarabağda olan silahlı terrorçu dəstələr Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa-quruculuq işlərinə ciddi maneələr yaradır, təxribatlar törədirdi. Xatırladım ki, hələ bu ilin may ayında Prezident İlham Əliyev Laçından növbəti xəbərdarlığını edərək demişdi ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımızın olduğunu hər kəs yaxşı bilir.
Amma xəstə təfəkkürə malik olmaları 44 günlük müharibəyə qədər və müharibə günlərində olduğu kimi sonra da Ermənistan rəhbərliyinə və Qarabağdakı separatçılara reallıqları dərk etməyə imkan vermədi. Elə buna görə də növbəti dəfə onları "dəmir yumruq" başa saldı. Sentyabrın 19-20-də keçirilən və cəmi 23 saat davam edən antiterror tədbirləri ilə Qarabağdakı erməni silahlı dəstələri darmadağın edildi. Sağ qalanların isə ağ bayraq qaldırmaqdan başqa yolları qalmadı.
Antiterror tədbirlərinin nəticəsi kimi Prezident İlham Əliyev bütün Qarabağda Azərbaycan mərkəzi hakimiyyətinin idarəçiliyini, Azərbaycan dövlətinin suverenliyini təmin etdi. İndi vaxtilə erməni separatçılarının mövcud olduğu Xankəndi şəhəri daxil olmaqla, Qarabağın bütün rayon və şəhərlərində Azərbaycan bayrağı dalğalanır. Bu qürurdoğuran tarixi nailiyyətlərimizin müəllifi isə Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Ona görə bu günlərdə hər birimiz qürurluyuq, azərbaycanlı olmağımızla bir daha fəxr edirik.
İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura yeni həyat bəxş edir
Hazırda azad edilmiş bütün rayon və şəhərlərdə nəhəng tikinti-quruculuq işləri gedir. Zəngilanın Ağalı və Tərtərin Talış, Laçının Zabux kəndlərinin, o cümlədən Laçın və Füzuli şəhərlərinin sakinləri öz doğma evlərinə qayıdırlar. Artıq 2300 məcburi köçkün evlərinə qayıdıb və ilin sonunadək onların sayı 5500-ə çatdırılacaq. Ümumilikdə isə indiyədək 8 şəhər və 92 kəndin baş planı təsdiqlənib və 30 kəndin təməli qoyulub.
Qarabağ və Şərqi Zəngəzurda "ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyalarının bütün komponentləri - "ağıllı dövlət idarəçiliyi", "ağıllı infrastruktur" və xidmətlər, eyni zamanda, "ağıllı təsərrüfat" və biznes mühiti yaradılır. Hər bir yaşayış məntəqəsinin enerjiyə olan tələbatı alternativ enerji mənbələrindən əldə edilir. O cümlədən yol-nəqliyyat infrastrukturunun yaradılması istiqamətində bir neçə nəhəng layihənin icrası başa çatıb, Zəfər yolu, Füzuli və Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verilib. Hazırda bütün Qarabağ və Şərqi Zəngəzurun elektrik enerjisi ilə dayanıqlı təminatı prosesi davam edir. Eyni zamanda regionun ermənilər tərəfindən vandallığa məruz qalmış flora və faunasının da bərpası diqqət mərkəzindədir. Bir sözlə, azad edilmiş ərazilərimizin bərpası kompleks şəkildə həyata keçirilir. Prezident İlham Əliyev 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində bu barədə deyib: "Enerji potensialı, nəqliyyat, yaşayış layihələri - bunların hamısı bizim gündəliyimizin tərkib hissəsidir. Əminəm ki, biz bütün vəzifələrə, hədəflərə nail olacağıq və növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkünü evlərinə qaytaracağıq".
İndiyədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırılan minimum büdcə 2,4 milyard ABŞ dolları olacaq ki, bu da Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük qayıdışla bağlı güclü siyasi iradəsindən xəbər verir.
Ötən 20 ildə respublikamızda baş verən bütün pozitiv dəyişikliklər, o cümlədən sosial-iqtisadi inkişaf sahəsində əldə edilən möhtəşəm uğurlar, Azərbaycanın regionda və dünyada söz sahibi olan dövlətə çevrilməsi möhtərəm İlham Əliyevin Heydər Əliyev yolunun ən layiqli davamçısı olduğunu göstərir. Cənab İlham Əliyev həm də özünün siyasi davranış nümunələri ilə Azərbaycanın siyasi həyatına yeniliklər bəxş etdi. Dövlətimizin başçısı Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. İlham Əliyev öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə yeni siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.
2003-cü il oktyabrın 31-də ilk müsahibəsi zamanı jurnalistin "Sizcə, Sizi asan işlər gözləyir, yoxsa çətin" sualına İlham Əliyev belə cavab vermişdi: "Həm asan, həm də çətin. Asan o mənada ki, artıq Azərbaycanda ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıbdır. On il ərzində Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma eyni zamanda həyat yerində durmur. Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr çıxır. Əlbəttə, yəqin çətinliklər də olacaqdır. Amma mən bu çətinliklərə hazıram. Əgər mən özümdə belə bir hazırlıq görməsəydim, heç vaxt bu yola getməzdim. Mən məsuliyyətə də, çətinliklərə də hazıram. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam".
Ötən 20 ilin yekunu göstərir ki, İlham Əliyevi sadə şəkildə ifadə etsək, doğrudan da xalqımız üçün yaxşı Prezidentdir.
Hadi RƏCƏBLİ,
siyasi elmlər doktoru, professor
Digər xəbərlər