"Ələsgərin qollarını qırmışdılar, qızıl dişlərini çıxartmışdılar..." - Şəhid Milli Qəhrəmanın xanımı
Tarix: 21-02-2021 | Saat: 11:04
Bölmə:Karusel / Müsahibə / Qarabağ | çapa göndər
2436 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 21-02-2021 | Saat: 11:04
Bölmə:Karusel / Müsahibə / Qarabağ | çapa göndər
XOCALI FACİƏSİNİ RUHUNDA YAŞADANLAR...
- Şəkibə xanım, Sizi yaxından tanımaq istərdik. Zəhmət olmasa özünüzü təqdim edin.
- Mustafayeva Şəkibə Bəhram qızı, 1957-ci il noyabrın 5-də Xocalı şəhərində doğulmuşam. 1965-1975-ci illərdə Xocalı şəhər 1 saylı orta məktəbində təhsil almışam. 1975-ci ildə N.K.Krupskaya adına Bakı Kitabxanaçılıq Texnikumuna daxil olmuşam və 1977-ci ildə həmin texnikumu bitirərək elə həmin ilin avqust ayından Xocalı 1 saylı kənd kitabxanasında kitabxana müdiri vəzifəsinə təyin edilmişəm.
- Mənim bildiyim qədər, siz müəyyən qədər Laçında da yaşamısız.
- Bəli. 1977-ci ilin oktyabr ayında ailə qurdum və Laçına köçüb, cəmi iki il Laçında yaşadım. Laçında yaşadığım bu iki ildə iş yerim Laçın kitabxanasında müdir kimi əvəzləndi.
- Necə oldu yenidən Xocalıya qayitdınız?
- Xocalının o qədər gözəl təbiəti, yaşıl meşələri var idi, sözlə təsvir etmək mümkün deyil. Biz Xocalısız qala bilmirdik, çünki ora bizim üçün həddən artıq doğma bir məkan idi. Ailədə də bunu çox götür-qoy elədik. Beləliklə, 1980-ci ildə ailəvi olaraq yenidən Xocalıya köçdük. Xocalıya köçəndən sonra iş yerim yenidən əvvəlki işimlə, yəni Xocalı 1 saylı kitabxanasında müdir kimi əvəzləndi. Bu vəzifədə mən 1992-ci ilə qədər çalışdım.
- Xocalı kitabxanasının fondu nə qədər idi?
- Mənim rəhbərlik etdiyim kitabxanın fondunda 6 mindən çox kitab var idi. Bu kitablar içində tariximizin səhifələrini özündə əks etdirən qədim kitablar da çoxluq təşkil edirdi.
-Kitabxanada hansı şöbələr həcmcə böyük idi?
-Kitabxanada digər şöbələrlə müqayisədə həcmcə böyük olan uşaq və bədii ədəbiyyat şöbələri idi. Kitabxana Əsgərən rayonundakı mərkəzləşmiş kitabxanaya tabe olduğundan bütün çap məhsulları, o cümlədən kitablar Əsgəran rayonundakı mərkəzləşmiş kitabxanadan alınırdı. Rəhbər şəxslər ermənilər idi və iclaslar, həyata keçirilən tədbirlər də erməni dilində olurdu.
-Xocalı kitabxanasının nə qədər oxucusu var idi?
- Kitabxananın oxucuları 1000-1500 nəfər idi. Mən uzaq ərazilərdə yaşayan, və ya işi ilə əlaqədar kitabxanaya gəlməyə vaxtı olmayan oxucular üçün vaxt-aşırı səyyar kitabxanalar da təşkil edirdim.
Xocalıda tərəvəzçilik-südçülük savxozu fəaliyyət göstərirdi. Burada çalışan işçilərin kitabxanaya gəlməyə vaxtları olmadığından onların işlədyi sahələrə də kitab, gündəlik qəzet və jurnallar aparırdım. Peşəmi çox sevdiyim üçün bu sahəyə çox diqqətli idim, vəzifəmi layiqincə yerinə yetirməyə çalışırdım, oxucuların kitablarla təmin olunması üçün böyük əmək sərf edib, bundan zövq alırdım.
-Ermənilərlərin törətdiyi münaqişələr nə vaxtdan başladı?
-1980-ci illərin sonlarından.
- Həmin illəri necə xatırlayırsız?
- Ermənənilər yolları kəsir, maşınları daşqalaq edir, azərbaycanlılara qarşı olan nifrətləri bununla da soyumurdu. Azərbaycanlılardan kimisə təklikdə görsəydilər öldürür və ya girov götürürdülər. 1988-ci il sentyabrın 18-də Xankəndində yaşayan ermənilər 1000-1500 nəfərlik dəstə Xocalıya hücum edib ot tayalarını, əhalinin ərzaq anbarlarını yandırdılar. Xocalının igid, qoçaq oğullarının bəzilərində ov silahı olduğu üçün onları geri çəkilməyə məcbur edirdilər. Lakin Xocalıda yaşayan əhalinin o dövrdə silahı da yox idi. Düşmən isə silahlı. Çox çətinliklə də olsa Xocalı camaatı onları ərazidən çıxardırdı. Xocalıda bu məsələ çox ciddi müzakirə olunur, problemin həlli yolları araşdırılırdı.
-Bildiyim qədər, Xocalıda ilk gizli Şura yaradılmışdı.
-Bəli. Bu gizli Şuranın 5 nəfər üzvü təyin edildi.
-Bunlar kimlər idi?
- Məmmədov Elman (millət vəkili), Şükürov Murad (Xocalıda Təhsil Şöbəsinin müdiri), Mürsəlov Rafiq (Sovxozun direktoru), Əzimov Yavər (Xocalıda Toxuculuq fabrikinin direktoru) və Novruzov Ələsgər (Xocalı şəhər 1 saylı orta məktəbin idman müəllimi və təhsil şöbəsində təchizatın müdiri). Qeyd edim ki, Novruzov Ələsgər Xanlar oğlu mənim həyat yoldaşım idi.
-Şura üzvləri ilkin olaraq hansı tədbirlər həyata keçirdi?
-Hər şeydən əvvəl Şura üzvləri qərara gəldilər ki, ermənilərin hücumlarının qarşısını almaq üçün özünümüdafiə dəstələri yaradılsın. Belə də oldu.
-Qarabağda erməni kəndləri çox idi?
-Bəli. Qarabağda erməni kəndləri çox idi. Onlardan biri Noraguğ kəndi idi ki, Xocalı şəhərini o kənddən bir asfalt yol ayırırdı. O gecə, Xocalı faciəsi baş verən gecə tanklar, toplar və digər silahlarla ermənilər elə Noraguğ kəndindən Xocalını atəşə tuturdu. Təhlükəli postun biri elə orada idi ki, həyat yoldaşım Ələsgər Novruzov da həmin postda dururdu. İnandirim sizi ki, bu illərdən başlayan münaqişələrin gərginləşməsi məni nə işimdən nə də evimdən soyuda bilmirdi.
-Həmin gecənin canlı şahidi kimi Xocalı faciəsini necə xatırlayırsınız?
- Həmin o gecə olana qədər Xocalıların heç bir yerə getmək fikri yox idi. Çətinliklər içində öz həyatlarını yaşamağa davam edirdilər. Çünki nə olursa olsun biz Xocalı camaatı özümüzü Xocalıda xoşbəxt hesab edirdik. Lakin Xocalı faciəsi... sevincləri gözlərdə, gülüşləri üzlərdə dondurdu. O, gecə Xocalını, yəni 1992-ci il fevralın 25-dən 26-na keçən gecə, 4 tərəfdən atəşə tutdular. Yer göyə, göy yerə qovuşdu. Dəhşətli bir gecə idi. Çaşqınlıq, insanlar nə edəcəklərini bilmirdi. Həyat yoldaşım da həmişəki kimi həmin gecə öz postunda idi. O, demək olar ki, müəllim Ələsgərdən, əsgər Ələsgərə çevrildi. Həmin gecə mən gördüm ki, vəziyyət çox gərgindir. Getdim posta yoldaşımın yanına. Çünki nə edəcəyimi bilmirdim. Ona baxıb yalnız bu sualı verdim. -Sən gec gəlsən biz hara gedək? Ələsgər fikirə getdi və sonra dedi ki, siz meşəyə üz tutun, mən də gələcəyəm. Ondan ayrılıb geri dönəndə ürəyimə danmışdı ki, o postunu və dəstəni qoyub heç vaxt gəlməyəcək...
Belə də oldu. Səhər açılana qədər ermənilərlə vuruş davam edirdi. Yaşadığım evin qarajında 100-150 nəfərə yaxın Xocalı sakini toplaşmışdı. Bunların içində qoca, cavan, qız-gəlin, körpə uşaqlar, xəstələr, qohum-qonşular var idi. Artıq gecə saat 3 olanda buraya toplaşan insanlarla vəziyyətin ağırlaşdığını görürdük və çox gərginlik içində çıxış yolu axtarırdıq.
Murad adlı bir Xocalı sakini və bir nəfər polis işçisi bizə məlumat verdilər ki, ermənilər artıq çox yaxındırlar. Onlar qəti şəkildə qərara gəldilər ki, biz buranı tərk edək. Mən isə hələ də həyat yoldaşım Ələsgərin gələcəyini gözləyirdim. Amma həm də fikirləşirdim ki, Ələsgərin qayıtmasını gözləsək çox gec olacaq. Ələsgər kişidir, harda olsa gəlib çıxacaq. Bunun üçün bu qədər Xocalı sakinini qırğına vermək olmaz. Bu insanların içində 62 yaşlı atam da var idi. Deyim ki, atam Xocalıda savadlı riyaziyyat müəllimlərindən biri idi. Hamının gözü isə məndə idi. Qərar mənim idi. Artıq qərarım dəqiq idi. Çıxmaq lazımdır dedim. Beləliklə, qaraja toplaşan adamlarla birlikdə qarajdan çıxdıq.
Mən qarajdan çıxanda Ələsgərin postda olanda verdiyi qumbaranı da özümlə götürdüm. Ələsgər mənə qumbaranın necə istifadə edildiyini də başa salmışdı. Son sözü bu olmuşdu ki, əgər qaçmağa macal tapmasanız bu qumbaranı çəkib atarsan, ermənilər də ölər siz də. Məqsədi insanların əsir düşməməsi idi.
Təlaş içində olan Xocalı camaatı ilə birlikdə Qarqar çayına girdik. Atam qoca olduğu üçün çox ağır yeriyirdi. Lakin bütün bunlara baxmayaraq çayı çətinliklə də olsa keçə bildik. Çayı keçən kimi meşəyə girdik. Həmin gecə evlərin necə yandırıldığını, dağıdıldığını, uşaqların fəryadını, qocaların, qadınların ah-naləsini gözlərimlə gördüm, canlı şahidi oldum. O gecə dəhşətli gecə idi...
Meşədə isə qar dizdən, şaxta, soyuq adamı qılınc kimi kəsirdi. Suya girdiyimizdən paltarlar əyinmizdə taxtaya dönmüşdü. Atam böyrək xəstəsi idi. Getməyə taqəti olmayan yaşlı atam nəfəsi kəsilə-kəsilə mənə deyirdi ki, mən cəhənnəm, ay bala, sənin axı balaların var?! İnanın ki, soyuq onu tamam əldən salmışdı. Odur ki, 1993-cü ilin yanvarın 23-də atam əbədi olaraq gözlərini həyata yumdu. Min bir əziyyətlə onu çaydan, meşədən keçirib əziyyətlə gətirməyim zavallı atamın ölümü ilə heçə döndü. Ələsgər isə hələ də yox idi...
-Meşədən çıxıb hansı tərəfə yön aldız?
- Meşədə insanları ermənilər 4 bir tərəfdən atəşə tuturdular. Başımı meyitlərin altında gizlədirdim ki, güllələrdən qoruna bilim. Ələsgərdən artıq heç kəsin xəbəri yox idi. Artıq ondan əlimi üzmüşdüm. Çünki o Noraguğ postunda idi, döyüşlər artıq ağırlaşmışdı. Min bir əziyyətlə meşədən çox az adam çıxa bildik və gəldik Şelli kəndinə. Babam Ağdamda yaşayırdı.
Xocalı camaatı Xocalıdan çıxanda gecə saat 3 idi, artıq səhər saat 9-10-a qalmış gəlib Ağdama çatdıq. Amma Ağdama çox az adam gəlib çıxmışdı. Meşədə insanların çoxu ermənilərin onlara açdığı atəşdən ölmüşdülər. Meşədə gördüklərim çox dəhşətli idi. Allah gördüklərimi heç kəsə göstərməsin... O gecə ermənilər Xocalıda Kərbəla müsibəti törətdilər. Xocalı o gecə öz qaragünlü sakinləri ilə yanıb kül oldu. Ancaq onun səsinə səs verən, harayına çatan olmadı.
-Ağdamda kimin evinə getdiniz?
-Ağdamda bacımgilə gəldim. Yoldaşından isə hələ də xəbər yox idi. Hər gün Ağdamda yaradılmış qərargaha gedirdim. Ələsgəri hamıdan soruşurdum. Lakin Ələsgəri gördüm deyən yox idi. O müdhiş gecədə tutulan, əsir düşənləri gətirirdilər. Onların içində isə Ələsgər yox idi. Ermənilərin qaytardıqları əsirlər xəstə və qocalar idi. Cavan əsirlər qaytarılmırdı.
Artıq mart ayı gəlib çatdı. Hər gün qərargaha gedirdim. Əlsəgəri hamıdan soruşurdum. Bir gün Nurməmməd adlı bir nəfər mənə dedi ki, Ələsgər müəllimi vurublar və əsir götürüblər. Nurməmməd müəllim Özbəkistandan qaçqın düşən məhsəti (Ahıska) türklərindən idi. Xocalıda məskunlaşmışdı. Ələsgərlə birlikdə məktəbdə işləyirdilər.
-Yoldaşınız haqqında danışmağınızı istəyirəm. O harda doğulmuşdu? Vəzifəsi nə idi?
- Həyat yoldaşım Novruzov Ələsgər Xanlar oğlu 1949-cu il avqust ayının 1-də Laçın rayonunun Kürdhacı kəndində anadan olmuşdu. Kürdhacı kənd orta məktəbinin X sinfini bitirdikdən sonra əsgəri xidmətə getmişdi. Xidmətini başa vurduqdan sonra Şuşa şəhər Pedaqoji Texnikumunun bədən tərbiyəsi fakültəsinə qəbul olub həmin fakültəni qırmızı diplomla bitirmişdi. O, Kürdhacı kənd orta məktəbində idman müəllimi kimi fəaliyyətə başladı. Kürdhacı çox gözəl bir kənd idi. Kürdhacı kəndi rayon mərkəzindən 50 km aralıda yerləşirdi. Deyilənə görə məşhur sərkərdəmiz Soltan bəy Kürdhacı kəndində yaşayıb. O, həmin kənddə xəstəxana, məktəb və klub tikdirmişdi.
-Yoldaşınız Ələsgərlə harada tanış olmuşdunuz?
- Ələsgərin bir qardaşı və bacısı Xocalıda yaşayırdılar. O da, qardaşı və bacısıgilə gəlib-gedirdi. Bir dəfə Xocalıda bir toy şənliyi oldu. Ələsgər məni də həmin toyda gördü. Biz o toyda tanış olduq. 1977-ci ilin oktyabr ayının 16-da ailə qurduq. Ələsgər Soltan bəyin nəvə-nəticələrindən olmuşdur. Ələsgər çox vətənpərvər, valideyn sevən, ailəcanlı bir insan idi. Biz iki il Kürdhacı kəndində yaşadıq. Sonradan Xocalıya köçməyə qərar verdik. Məlum Xocalı faciəsi başlayana qədər Xocalıda şən-firavan ömür sürdük. Xocalıya qayıdandan sonra Xocalı şəhər 1 saylı orta məktəbdə idman müəllimi və təhsil müdiri kimi fəaliyyətə başladı.
- O müdhiş gecədən sonra Ələsgər müəllimdən necə xəbər tutdunuz?
- Xocalı faciəsi baş verən gecə Ələsgər postda idi, mən onun üzünü son dəfə orda gördüm. O müdhiş gecədə Ələsgər öz dəstəsi ilə son gülləsinə qədər ermənilərlə vuruşdu. O dağlarda böyümüşdü. Ona görə onun atıcılıq qabiliyyəti yaxşı idi. Bir gülləsi belə boşa çıxmazdı. Ələsgərlə döyüşüb sağ qayıdanlardan xəbər alanda məlum oldu ki, Ələsgər həmən gecə səhərə qədər ermənilərlə döyüşüb. Dəstələrin qeyri-bərabərliyi, qüvvələrin tükənməsi, Ələsgərin yaralanması ermənilər tərəfindən asanlıqla əsir götürülməsinə səbəb olur. Nurməmmədin dediyinə görə və qərargahdan mənə verilən məlumata görə Ələsgəri yaralı vəziyyətdə Xankəndinə, keçmiş Stepanakert şəhərinə aparıblar. Orada Ələsgərə çox işgəncələr veriblər. Çünki onun əynindəki geyimlər zabit geyimləri idi. Ələsgərin meyitini bir neçə erməni əsirinə dəyişmək mümkün olur. Mən meyidi görəndə artıq onun necə işgəncələrə məruz qaldığının şahidi oldum. Güllələr onun sağ budunun yuxarı hissəsindən dəyib, sol budundan çıxmışdı. Ancaq o martın 7-də dünyasını dəyişmişdi. Biz onun qolundakı yazını oxuduq. 1992-ci il martın 7-si ölüm tarixi idi. Ələsgərin qollarını qırmışdılar, sifətində dərin yaralar var idi. Qızıl dişlərini çıxartmışdılar. Yanından gələn, yəni əsirlikdən gələn bir kişi dedi ki, onun dişlərini çəngəllə sökdülər. Ona ağır işgəncələr versələr də yenə də dediyindən dönmədi. Qarabağ bizimdir deyib sözünün üstündə durdu.
Mən onu öz doğma kəndi olan Kürdhacıya aparıb dəfn etdim. Şəhidlər xiyabanında dəfn olunmasını istəsəm də Ələsgərin qardaşları bu fikirlə razılaşmadı. Dedilər ki, əgər Ələsgəri Şəhidlər xiyabanında basdırsaq anamıza nə deyərik?! Beləliklə Ələsgərin döyüşkən ürəyini ermənilər bu cür durdurdular. Ələsgər son damla qanına qədər torpaqlarımızın bütövlüyü uğrunda canını fəda etdi, qəhrəmancasına həlak oldu.
-Ələsgərin Vətən üçün əmanət qoyub getdiyi neçə övladı var?
-Üç ovladı var. İki qız, bir oğlan. Mən onları çox çətinliklə də olsa böyütdüm. Ələsgərin övladları üçün çox böyük arzuları var idi. Ancaq heç birini həyata keçirə bilmədi. Gücüm çatan qədər övladlarıma dəstək oluram. İndi də onlarla nəfəs alıram. Doğrudur, indi artıq onlar hərəsi bir ocağ yandırırlar. Oğlum isə mənimlə birgə yaşayır.
-Neçə nəvəniz var?
-8 nəvəm var. Ancaq Ələsgərsiz bizə çox çətindir. Onu hər zaman evdə hiss edirik. Oğul nəvələrindən birinə Ələsgərin adını qoydum. Mən hər zaman onunla fəxr etmişəm, onsuz keçən illərimi də çox ağır yaşamışam. Amma övladlarıma görə çox şükürlər edirəm Allaha. Onlara ömrümü həsr etdiyimdən və onların da mənə, atasına layiqli övlad olduğundan çox raziyam.
-Həyat yoldaşınız Əlsəgərə nə vaxt Milli Qəhrəman adı verildi?
- Ulu öndər Heydər Əliyev Ələsgərə ölümündən sonra 1997-ci il fevral ayının 25-də Azərbaycanın Milli Qəhrəmanı fəxri adını verdi. Ailəmiz hər zaman Ələsgərlə fəxr edib və edəcək. Allah bütün şəhidlərə rəhmət etsin. Artıq şəhidlərimizin narahat ruhları öz rahatlığını tapdı. Çünki Alı Baş Komandan, prezidentimiz cənab İlham Əliyev və müzəffər ordumuzun torpaqlarımızı – Qarabağı erməni vandallarından alıb bizə qaytardılar. (moderator.az)
Leyla Abasova
Tarix üzrə fəlsəfə doktoru
Xəbəri paylaş
Digər xəbərlər
31-07-2022, 09:52
Rusiyanın Qara dəniz Donanmasının qərargahı vurulub, yaralılar var
4-05-2022, 08:04
İtaliya 2024-cü ilə qədər Rusiya qazından tamamilə imtina edə bilər
19-01-2022, 13:43
İsmayıllıda hərbi xidmətdən qayıdan şəxs dəm qazından boğularaq ölüb
7-04-2022, 04:37
Aİ Şurasının Prezidenti: “Bu gecə böyük bir irəliləyişə nail olduq”
27-04-2021, 12:56
Polisin idman zalında saxladığı şəxs deputatın OĞLU İMİŞ -FOTO
13-05-2022, 12:42
FHN-in kapitanı Ağdamda mina partlaması nəticəsində xəsarət alıb
11-01-2023, 10:13
Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi ilə danışdı
1-12-2022, 10:57
Pensiyaçıya "kömək etdi" - 540 manatını oğurladı