Saytımızı qiymətləndirin


 
 

Mənim kəndim - “Erməni uşağı qardaşımın başını yaranda, özümü günahkar hiss etdim” - BDU-nun dekanı - FOTOLAR
Tarix: 11-01-2018 | Saat: 17:29
Bölmə:Karusel / Müsahibə | çapa göndər

 

 

“Orta məktəb müəllimlərim Haqverdiyevin, Bakıxanovun nəvələri olublar”

 
“Respublika üzrə ikinci ən yaxşı nəticəni göstərsəm də, ali məktəbdə oxumaqdan imtina etdim”


"Qarabaginfo" "Modern.az saytının “Mənim kəndim” layihəsinin  təqdim edir. Layihənin bu dəfəki qonağı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Vüqar Zifəroğludur (Əliyev). 

Qeyd edək ki, layihəmizin adındakı “kənd” sözü təkcə inzibati ərazi vahidini əks etdirmir, o həm də insanın mənəvi dünyasının vətəni rolunu oynayan bir termindir. Yəni, bu vətən ucqar dağ kəndi də ola bilər, uşaqlığın keçdiyi dar məhəllələr də... Eynən Vüqar Zifəroğludakı kimi... Vüqar müəllim uşaqlıq illəri və o illərin keçdiyi “Sovetski” məhəlləsindən danışıb. “Sovetski” köhnə Bakı ruhunun sonuncu sağ qalan mogikanlarındandır. Ona görə də müsahibimizin söhbəti sizlərə çox maraqlı gələcək. 
Beləliklə, onu dinləyək:

- Uşaqlıq çağım  bu günümü formalaşdıran əsas mərhələ olub. Ümumiyyətlə, insanın uşaqlığı necə keçirsə, özü də o cür dəyərlər, baxışlar əsasında  bir şəxsiyyət olaraq formalaşır. Diqqət etsən, görərsən ki, silsilə qətllər törədən insanların hamısı uşaqlıqda çox ciddi psixoloji travmalar yaşayıblar. Uşaqla bağlı nəsə neqativ bir hadisə yaşananda, ona pis təsir edəcək nəsə dedikdə düşünürük ki, “uşaqdı da yadından çıxar, şişirtməyə dəyməz”. Bu,  çox yanlışdı. Uşaqlıqda baş verən hadisələr insanın beynində həkk olunur, heç zaman da unudulmur. Bu yaşantılar  onun gələcəkdə bir şəxsiyyət, insan kimi formalaşmasında çox böyük rol oynayır.

Şəxsən mənim də indiki Vüqar kimi formalaşmağımda uşaqlığımın rolu böyük olub. O uşaqlıqdan mən istədiklərimi ala bilməsəydim, müəyyən dəyərlər üzərində böyüməsəydim, tərbiyə olunmasaydım indiki insan ola bilməzdim. Əks halda, bu, heç cür mümkün olmayacaqdı. Çünki elə bir yerdə, küçədə böyümüşəm ki, orada müsbət məqamlar olduğu kimi, mənfi hallara da tez-tez rast gəlmək olardı.  Amma həm məni, həm qardaşımı elə böyüdüblər ki, həmişə mənfi hallardan uzaq durmuşuq. Ümumiyyətlə,  insanın uşaqlıq çağını necə keçirməsi çox əsasdır.


O “vətən”in yadigarları 

Dəyərlərə hörmət qoymaq, uşaqlığı tam yaşaya bilmək çox vacibdir. Uşaq özünü uşaq kimi hiss etməlidir. Bu, vacibdir. Mən özüm uşaqlıq dövrümü  tam yaşaya bilmişəm, əsl uşaq kimi...  Və indi övladlarımın da bunu yaşamalarını istəyirəm. Həyatın bu mərhələsini tam yaşayan  insanlar qarşılarına qoyduqları hədəflərə daha tez və  daha rahat çata bilirlər. Mən öz timsalımda bunun şahidi olmuşam! Eyni zamanda,  sənə bir məsələni də qeyd edim: uşaqlığını tam yaşayan insanlarda hər zaman o uşaqdan mütləq  hansısa əlamətlər qalır.  Yaşının hansı həddində olmasından asılı olmayaraq, bu nişanələri üzərində gəzdirir. Əgər küçədə gedərkən, pozitiv, müsbət auralı, üzügülər bir insan görürsənsə, yüz faiz əmin ol ki, o uşaqlığını yaşaya bilmiş insandır. Çünki o həmin uşağın pozitivliyini bu gün də özündə qoruyub saxlayıb. Bu cür adamda ruhi bütünlük var. Ruhi bütünlüyü qoruyub saxlayan əsas amillər isə uşaq vaxtından onda qalan mənəvi məqamlardır. 

Mənim sehirli məkanım 

- Uşaqlıqda hər zaman səyahət etdiyim, özümü tapdığım, rahat hiss etdiyim məkan nağıllar olub. Nağıl oxumağı, dinləməyi çox sevmişəm. 35 yaşım tamam olanda yubileyimlə bağlı bir yazı yazdım. Orada belə bir cümlə işlətdim: “O qədər nağıllar oxudum ki, özümü hətta nağıllar dünyasının tərkibi hesab etdim. Öz ətrafımda bir nağıl dünyası qurmağa başladım”. 
Mən xalq nağılları ilə böyüdüm. Özü də nağıl kitablarını birnəfəsə oxuyurdum. Evimizdə onlarla nağıl kitabları var idi. Azərbaycanın elə xalq nağılı yox idi ki, mən onu oxumayım.

Mənim məkanım həmin o nağıllar dünyası olub. Özümü hər zaman orada rahat hiss edirdim. Oradakı hadisələr, təqdim edilən fikirlər, verilən mesajlar deyərdim ki, nəsildən nəslə genetik yaddaşla ötürülən kodların daşıyıcılarıdır. Nağıllardakı dəyərlər sistemi bizə genetik yaddaşın ötürdüyü kodlardır. Yaşıdlarıma da tövsiyyə edərdim: uşaqlara nağıllar, əfsanələr oxutsunlar. Ya da özləri onlara oxusunlar. Bununla da övladlarına genetik yaddaş sistemindən süzülən dəyərləri aşılaya bilərlər.  Uşaqları məhz bu dəyərlər üzərində yetişdirmək lazımdır ki,  dünyada yaxşının nə,pisin nə, xeyirin nə, şərin nə olduğunu zamanında anlaya bilsinlər. 

Nağıllar – uşaq üçün həqiqətən də, onu yetişdirən, formalaşdıran sehirli bir dünyadır. Sənin mahiyyətini nağıllar qədər aça biləcək ikinci səbəb göstərə bilmərik.

 

HAŞİYƏ-1:“Uşaqlıqdan əlimdə nağıl kitabları ilə böyüdüm. Xalq nağıllarımızın, dastan və əfsanələrimizin hamısını əzbər bilirdim. Yadıma gəlir, ibtidai sinifdə olanda, 2-ci və 3-cü siniflərdə “sinifdən xaric qiraət” dərslərində uşaqlar həmişə məni qabağa verərdilər. Çıxardım lövhənin qabağına, 45 dəqiqə nağıl danışardım... O qədər nağıl oxudum ki, nağıllar dünyası qurdum özüm üçün. Öz dünyamı qurdum. Yalan, xəyanət, ikiüzlülük, yaltaqlıq olmayan bir dünya. Ancaq nağıllarda olar bu, deyilmi?

Ən böyük əzab öz dövründə yaşamamaqdır, özünü bu dünyada tapa bilməməkdir. Bu dövr mənə görə deyil.... Mən beləcə içimdə o nağıllar dünyası ilə böyüdüm, amma bu dünyada özümü tapa bilmədim ki, bilmədim”.

(V.Zifəroğlunun 35 yaşı ilə bağlı təəssürat yazısından)

 

Real dünyanın nağılları - böyüdüyüm məhəllə, psixoloq küçələr... 

- Məşhur “Sovetski” məhəlləsində anadan olmuşam. Bakının özünəməxsus köhnə, ensiz küçələrində, dar dalanlarında və tamam fərqli dünya hesab olunan qəribə ovqatlı məhəllələrində böyümüşəm. Oralar mənim üçün hər şeydi; o zaman da, indi də... O köhnə məhəllələr uşaqlığımın, yeniyetməliyimin yadigarıdır. İndi də orada, doğulduğum yerdə yaşayıram.  Özümü  tək oranın yox, bütün ətraf  məhəllələrin  tərkib hissəsi sayıram. Onların hamısını, doğulduğum məhəlləni də xüsusi bir ruhi ovqat  birləşdirir. Mən “ruhi sakitliyi hansı məkanda taparsınız” sualına  “böyüdüyüm həmin köhnə məhəllələr” və “İçərişəhər” cavabını verərdim.  Bilirsən, İçərişəhər mənim üçün necə fərqli bir aləmdir?! Bax, olub ki, çox yorulmuşam, işlə bağlı müəyyən problemlər yaranıb, amma istəməmişəm ki, həmin neqativi evə gətirim. Ümumiyyətlə, problemləri ailəmə, evimə daşımaram. İstəmərəm ki, məni neqativ enerji içində üzən, hirsli, əsəbi, kefsiz bir adam kimi görsünlər. Məhz bu zaman üz tutmuşam İçərişəhərin dar dalanlarına, ensiz küçələrinə... Oralarda bir az gəzib-dolanmışam, özümlə baş-başa qalmışam. Bəlkə də, bayaq dediyim o uşaqlıq çağımla söhbətləşmişəm. Dərdləşib, təzələnmişəm. İnan, o zaman yaşanan bütün problemləri beynimdə avtomatik olaraq həll edə bilmişəm. Bu, çox maraqlı bir şeydi. İçərişəhər mənim üçün məhz bu deməkdir.  Orada özümü tapa bilmişəm. Məhz o küçələrlə, İçərişəhərlə söhbətləşib rahatlandıqdan, problemin həllini tapdıqdan sonra xoş ovqatla evə, ailəmə gəlmişəm. Mən hər dəfə o gücü, enerjini, probemlərin həll yollarını o məhəllələrdən, ensiz  küçələrdən tapa bilirəm. 


Xatirələr naminə görüş 

- Uşaqlığım, yeniyetməliyim, gəncliyim saysız-hesabsız maraqlı hadisələrin şahidliyi ilə  keçib. Mən o məhəllələrdə nələr görməmişəm ki?! (gülür) Xoş günlərim də, çətin anlarım də o məhəllələrdə keçib. Heç nəyə baxmayaraq bu gün yenə də oralara bağlıyam. Tək mən yox, o yerlərdə böyüyən bizim nəsil insanlarının demək olar ki, hamısı... Məsələn, bu gün  sinif yoldaşlarımın hərəsi bir yerə dağılışıblar. Amma bu gün görüş yerimiz yenə də  uşaqlığımızın keçdiyi yerlər- “Beşmərtəbə”nin yanı, məktəbimizin ətrafı olub. Biz oralara gedər, oturub dərdləşərik. Özümüzü bəhanə edib uşaqlığımızla görüşərik...

Oralarda bizim uşaqlığımız, gəncliyimizlə bağlı xatirələr yaşayır. İnsan bu cür xatirələri təkrar-təkrar yaşadıqca, özü də ruhən dincəlir. Ümumiyyətlə, bir insanın İNSAN olmasında ən vacib məqam onun sahibləndiyi xatirələridir. Özü də xoş xatirələri, bax, bu, çox önəmlidir. Həmin xoş xatirələr var olduqca, insanın  gələcəyə daha pozitiv baxmasına təkan verir. Sanki keçmişlə gələcək arasında bir körpü rolunu oynayır. 

Əfsanəvi məktəb, möhtəşəm müəllimlər - varis maarifçilər  

- Məktəb illəri, unudulmaz müəllimlərimlə bağlı heç zaman yaddan çıxmayan xatirələrim var. Elə indinin özündə də Bakının, Azərbaycanın ən məşhur məktəblərindən biri olan 190 nömrəli məktəbi bitirmişəm. Xatırlayıram,  sinifdə uşaqlar bəzən, tarix dərsinə hazırlaşmırdılar. Mən də uşaqlıqdan tarixlə bağlı kitablar çox oxuyardım. Bizdə evdə də tarixi kitablar çox idi. Sinfimizdəki uşaqlar dərsə hazır olmayan zaman məni qabağa verirdilər. Özüm də könüllü şəkildə lövhəyə çıxar, bir dərsi yarım saat, qırx dəqiqə uzada-uzada danışmağa başlayırdım ki, hazırlıqsız uşaqlardan dərs soruşulmasın.

Tarixlə yanaşı, kimyanı da yaxşı oxumuşam. Kimya fənnindən müəlliməmiz Allah rəhmət eləsin, Şəfiqə xanım Əliyevə olub-Ümummilli lider Heydər Əliyevin bacısı. Onun ən sevimli şagirdlərindən biri olmuşam. Kimyanı çox yaxşı oxuyardım. Valideynlərimin arzusu məni həkim görmək idi. Amma marağım daha çox jurnalistikaya, tarixə-humanitar istiqamətə oldu. Lakin bütün fənləri oxumuşam, məktəbi əlaçı olaraq bitirdim. Şəfiqə xanım məni həmişə kimyadan olimpiyadalara göndərərdi. Ümumiyyətlə, 190 nömrəli mətəbdəki müəllimlərimin hamısı çox  möhtəşəm pedaqoqlar olub: Tarix müəlliməmiz Əbdürrəhim bəy Haqverdiyevin nəvəsi Nailə xanım Haqverdiyeva idi. Ədəbiyyat müəlliməmiz Abbasqulu ağa Bakıxanovun nəvəsi Afət xanım Bakıxanova,  rus dili müəlliməmiz mərhum Qılman İlkinin qızı Xumar xanım olub. Sevimli riyaziyyat müəllimimiz Sabir müəlim bu gün də uşaqlara dərs deyir. Bir sözlə,  hamısı say-seçmə müəllimlər... Həmin dövrdə 190 nömrəli məktəbi bitirən şagirdlərin böyük əksəriyyəti rahatlıqla ali mətəblərə qəbul olunurdular. 

“İlk dərs” 

Biz məktəbdə  elm öyrənib, dünyagörüşə sahiblənməyə çalışırdıq. Amma həyatın dərslərini isə daha çox bayaq dediyim köhnə məhəllələr, dar küçələr bizə öyrədirdi. Bir xatirəni  heç zaman unutmaram: Həyətimizdə erməni ailəsi yaşayırdı. Mən anamdan həyətə düşüb -oynamaq üçün xahiş etdim. Mənim 7-8, qardaşımın 5-6 yaşı olardı. İcazə verdi, qardaşımla bərabər həyətə düşdük.  Elə oldu ki,  dediyim həmin erməni ailəsinin uşağı ilə oynayarkən  dalaşdıq. Bizim əlimiz gəlmədi ki,  ona daş ataq. Amma bir də gördük ki, bizdən fərqli olaraq o,  yerdən daşı götürüb fikirləşmədən bizə atdı. Daş qardaşım başını yardı. Onda mən çox pis oldum. Həm qardaşıma görə, həm də onu həyətdə oynamağa çıxardığım üçün. Qardaşım başından qan axanda özümü günahkar hiss edib, ağladım. 

Müəllim şəhər 

- Heç nəyə baxmayaraq, o vaxtın Bakısını unutmuram. Valideynlərimiz bizi tez-tez gəzməyə aparardılar. Dənizkənarı bulvar, “Tarqovı”, teatrlar, muzeylər, parklar - o yerləri tez-tez  gəzərdik.  Müntəzəm surətdə kinoya, teatra gedərdik. Özü də təkcə uşaq teatrları yox, bizi böyüklər üçün nəzərdə tutulan tamaşalara da aparardılar. 80-ci illərin ortalarındakı bütün məşhur  tamaşaları-“Dadaşbala əməliyyatı,” Bəxt üzüyü”  və.s.- izləmişdik.

Yeni maraqlı filmlər gələndə kinoteatrlara da gedərdik. Amma ən sevdiyim iş muzeylərə səfər etmək idi. Bakıda elə bir muzey olmazdı ki, ora yolum düşməsin. Hamısında olmuşdum, hətta eləsi var idi ki, ora  bir yox, bir neçə dəfə  getmişdim. Valideynlərimizi məcbur edirdik ki, bizi muzeylərə aparsınlar. 



“Biz belə böyüdük” 

- Heç zaman yaddan çıxarmayacağım gecə 20 yanvar gecəsi olub. Evimiz mərkəzdə yerləşir - Daxili İşlər Nazirliyinin yuxarısında, “Sovetski”də. Hər şey gözümüzün qabağında baş verirdi. Güllə səslərindən o gecəni yata bilmədik. Döşəmədə oturmuşduq ki, güllə pəncərəni deşib keçərsə, bizə dəyməsin. Şəhidlərin dəfnində də iştirak etdik. İndiyədək yadımdadır: İndiki “İçərişəhər” metrostansiyasının qarşısında tankı atəş-atəş açaraq düz üstümüzə sürmələri. O zaman mənim 11, qardaşımın isə 9 yaşı vardı.

Bəli, biz də belə böyüyürdük... Özümü indi də çox xoşbəxt sayıram ki, Azərbaycanın ikinci dəfə müstəqillik əldə etməsinin, yəni bu müstəqilliyə aparan proseslərin birbaşa  şahidi olmuşam. 

O zaman Bakıda baş verən proseslər,  88-ci ildən başlayan Meydan hərəkatlarının hamısının canlı şahidi idim. İndi dərsliklərdə yazılan tarixi, mən ilk dəfə  evimizin eyvanından “oxuyurdum”.  Sanki hər şey orada baş verirdi. Bütün nümayişçilər bizim evin qabağından keçib meydana yollanırdılar. Tankların tırtılı küçənin bütün asfalt örtüyünü dağıtmışdı. Damımızda da əsgərlər keşik çəkirdilər. Çünki bizim həyət evlərinin damından həm Daxili İşlər Nazirliyinə, həm Bakı Şəhər Prokurorlğuna nəzarət etmək mümkün idi. Öyrəşmişdik damımızdakı əsgərlərə.

O hadisələri yaşamağın özü də bir məktəbdir. Azərbaycanı müstəqilliyə aparan yol, müstəqilliyin ilk çətin illəri-bunlaırn hamısı məktəb idi. Biz bu dövləti asanlıqla qurmamışıq. Dəfələrlə parçalamaq, bölmək istəyiblər, amma  qətiyyətlə də qarşısı alınıb. Buna gedən yol isə çox çətin olub. Biz  bu çətin yolu canlı olaraq izləyirdik və böyüyürdük...

 

“70-ci illərdə doğulanlar” 

Bir essem var-“70-ci illərdə doğulanlar”- biz elə bir nəsilik ki, uşaqlığımız elə bir dövrə düşdü ki, o mərhələ çox çətin adlandı. Dövlətimiz uğrunda ilk şəhid verən uşaq nəsli biz olduq. Tarix, dövr 70-ci illərdə doğulanların çiyinlərinə böyük yük qoydu Amma yükün öhdəsindən şərəflə çıxa bildik. Bunun ən bariz nümunəsi isə Şəhidlər Xiyabanıdır.

HAŞİYƏ: 70-ci illərdə anadan olanlar, bütün keşməkeşli və çətinliklərlə dolu uşaqlıq və gənclik illərini bəlkə də doğru-dürüst yaşaya belə bilmədilər. 

Məhz onların uşaqlıq və yeniyetməlik illəri “Azadlıq” deyə hayqıran bir millətin əsarət zəncirini qırmaq üçün meydanlara axışdığı dövrə təsadüf etdi. Məhz onlar 80-ci illərin sonlarında çörək qıtlığını yaşadılar, talonla alınan 200 qram ətlə tanış oldular. Məhz onlar, gizlin şəkildə 80-nin sonlarında bütün sovet imperiyasında bir möcüzə kimi qarşılanan video maqnitafona əlahiddə bir sehr aləmi kimi pərəstiş etdilər, ilk dəfə azad mahnı üslubu ilə rəqs etməyə başladılar. Kommunistlərin ütülü və dəfələrlə senzuradan keçmiş standart mahnılarına deyil, məsələn, “Miraj”, “Kombinasiya”, “Laskoviy may”, “Karmen” qruplarınnın üsyankar treklərini dinlədilər. 50 və ya 60-cı illərdə anadan olan nəsillərdən fərqli olaraq o dövrdə doğulanlar hind aktyorlarının deyil, bu qrupların üzvlərinin və ya türk aktyorlarının şəkillərini ciblərində gəzdirdilər. Qızları Əmrahın və İbrahim Tatlısəsin filmləri ilə ağladılar, oğlanlar isə dərslərdən qaçaraq avtobuslarda yerləşən və ya köhnə klublarda təşkil edilən videosalonlarda Çin və ABŞ istehsalı olan savaş filmlərinə baxaraq, oradakı qəhrəmanlara özlərini bənzətməyə çalışdılar. İlk dəfə diskoteka mühitini sərbəstliyin simgəsi və nəzarətdən, senzuradan kənar bir məkan yeri kimi qəbul edən yeniyetmələr məhz 70-cilər idi.

Onlarla, yəni 70-ci illərdə anadan olanlarla başladı azad və düşüncəsi, iradəsi olan gənclik yetişməyə. Onlardan Pavlik Morozovlar yetişə bilməzdi. Onlar öz uşaqlıq və yeniyetməliklərini meydanlarda keçirərək, hətta bəzən orada qalanan tonqaların ətrafında gecələyərək, öz kiçik yumruqlarını böyüklərinə baxaraq “Qarabağ” tələbi ilə yuxarı qaldırmaqla yetişirdilər… 

Və ilk dəfə məhz 70-ci illərdə anadan olanlar vətən müharibəsində iştirak etmək üçün birbaşa məktəb partasından, universitet auditoriyasından cəbhə bölgəsinə yollandılar! O səbəbdəndir ki, kişi cinsindən 71-74-cü illərdə anadan olan nə qədər az nümayəndəmiz var. Onların çoxu bu gün ŞƏHİDLƏR XİYABANINDA əbədiyyata qovuşublar. Siyasi təlatümlər, vətən müharibəsi – bu nəslin gəncliyinin bir parçası oldu! Bu nəsil yeniyetmə, gənc ikən 20-ci əsrin sonunda bir soyqırımın necə yaşandığının şahidi oldu öz gözləri ilə! Bu nəsil şəhid verən, qazi yetişdirən ən gənc nəsil oldu! Gəncliyini yaşaya bilməyən, arzularında boğulan gənc nəsil…

70-ci illərin nəsli qan da gördü, vətəninin azadlığını da, millətinin soyqırıma uğramasını da, ata yurddan didərgin düşmənin acısını da…

Onların sevinci üçrəngli bayrağın 70 ildən sonra təkrar qürurla dalğalanması, savaşı Qarabağ, dərdi isə özlərini anlada bilməmək oldu. Onlar hər çətinliyi gördülər. Azərbaycanın ikinci dəfə müstəqillik qazanmasının şahidi oldular. Bu anları yaşadılar. Yeganə görə bilmədikləri, yaşaya bilmədikləri yeniyetmə və gəncik çağları oldu…”

Bunu yaşamaq üçün onların sadəcə zamanı qalmadı…

(V.Zifəroğlunun “70-ci illərdə doğulanlar” essesindən) 

 

Əbədi müəllimlər, bitməyən dərsləri... 

- Mənim və qardaşımın formalaşmasında valideynlərimizin rolu böyük olub. Uşaqlığın tam yaşanması valideynlərdən asılıdır. Uşaqlığı tam yaşamaq o demək deyil ki, bütün günü nadinclik edib, oynamalısan, ərköyünlük göstərməlisən. Xeyr! Burada söhbət hərtərəfli böyüməkdən gedir. Məsələn, mən uşaq olarkən hər zaman gördüm ki, atamla anam kitab üstündə mübahisə edirlər. Oxuyurdular və sonra da fikir mübahisəsi etməyə başlayırdılar. Onların polemikası məndə böyük maraq oyadırdı. Düşünürdüm, görəsən, o kitablarda nə yazılıb ki, bunlar onun üstündə belə qızğın mübahisələr aparırlar? Bəlkə də bu üzdən artıq  4 yaşımda oxumağı öyrənmişdim. Məktəbimizin direktoru, bizim böyük müəllimimiz,  rəhmətlik Sona xanım Tağıyeva məni birinci sinifə qəbul edəndə yaşım çatmırdı. Sona xanım mənə “Kommunist” qəzetini oxudub birinci sinifə qəbul elədi. Qəzeti oxumamdan çox xoşu gəlmişdi və beləcə, yaşımın çatmamasına baxmayaraq,  birinci sinifə qəbul olundum.

Məndə, kitaba, elmə, mütaliəyə həvəsi valideynlərim yaratmışdı. Uşaq gördüyünü istəyər. Mən də gözümü açıb valideynlərimin əlində kitab görmüşdüm. Çalışıram ki, indi mənim uşaqlarım kitab görsünlər. Ümid edirəm ki, onların da övladları belə görəcəklər.

Atam atasını çox erkən yaşında itirib. Babam 34 yaşında dünyasını dəyişib. Rəhmətlik nənəm 6 övladını tək böyüdüb. 60-cı illər, kənd mühiti... Təsəvvür edin ki, necə böyük çətinliklərə qatlaşmalı olub. 6 övladı təkbaşına böyütmək indinin indisində də çox çətin məsələdir. O ki qaldı, bunları 60-cı illərdə, hansısa kənd mühitində edəsən. Amma o altı övladın hamısı təhsil aldı. Bir əmim AMEA-nın müxbir üzvü, prezident mükafatçısı idi, professor Elbrus Əlizadə. Ötən il dünyasını dəyişdi, 59 yaşında. Coğrafiya İnstitutunun direktor müavini vəzifəsində çalışırdı. Məhz həmin çətinlikdən çıxmışdı əmim....  Elə atam da; 17 yaşından Bakıya gəldi. Öz gücü –qüvvəsi ilə çalışdı-vuruşdu. Əldə etdiklərinin hamısını bunun sayəsində qazandı.  34 yaşlı atanı itirmək nə deməkdir?! Amma bununla belə onlar məqsədlərinə nail oldular. Bu, fədakar anannın və zəhmətkeş övladların birgə nailiyyəti hesab oluna bilər.

Atam uşaqlıqda, gənclikdə edə bilmədiklərini biz rahat edə bilək deyə, hər zaman özünü işə, zəhmətə həsr etdi. Maksimum çalışdı ki, hər şey bizim üçün daha rahat olsun.

Anam isə bütün həyatını bizim təhsilimizə, formalaşmamıza xərclədi. Həm də, çox çalışdı; Gündəlik dərslərimizdən tutmuş, dünyagörüşümüzün formalaşmasına qədər onun rolu əvəzsiz idi. Hər həftə məktəbə gedib dərsə hazırlığımızı, davranışımızı öyrənərdi. Baxmayaraq ki, bizimlə bağlı bu məsələdə heç bir problemin olmadığını çox yaxşı bilirdi. Amma bütün fənn müəllimləri ilə bircə-bircə görüşüb, bizi xəbər alardı. Həm özümüzü, həm dərslərimizi tam nəzarətdə saxlayardı. Bu gün həyatda nəyəsə nail ola bilmişiksə, anamın o zaman üzərimizdəki nəzarətinin sayəsində olub. Çünki elə bir məkanda böyümüşdük ki, orada böyüyən uşaqlar bəzən, tam başqa işlərə də aludə olurdular. Hətta yaşımız artdıqdan  sonra da küçəyə icazəsiz çıxa bilməzdik. O dərəcədə bizə ciddi nəzarət edirdi  ki, biz də layiqincə formalaşa bilək.


Qısaömürlü sevinc 

- 1995-ci ildə ali məktəbə qəbul olundum. O zaman özəl universitetlərdən birinin imtahan dövlətin  ali məktəblərinə imtahandan daha tez keçirilirdi, təxminən, aprel ayında. Məni də bayaq adını çəkdiyim rəhmətlik əmim ali məktəbə  hazırlaşdırırdı. Apreldə imtahan keçirildi. Mən də qəbul olunmaq üçün yox, sırf özümü sınamaq məqsədilə imtahanda iştirak etdim və respublika üzrə ikinci ən yaxşı nəticəni topladım. Ödənişsiz əsaslarla bələdiyyələrin idarəetmə fakültəsinə qəbul olundum. Onda yaşanan bir hadisəni də heç zaman unutmaram. Sinif uşaqlarımızın çoxu da mənlə birlikdə imtahan vermişdi. O zaman həmin universitet “Sovetski”də yerləşirdi. Elə üzüyuxarı qalxıb ora getdik ki, nəticələrimizi öyrənək. Mənim üçün açığı deyim, o imtahan bir sınaq xarakteri daşıyırdı. Odur ki, üzərimdə heç bir gərginlik, narahatlıq yox idi. Elə qapıda dayanıb uşaqları bir-bir içəri keçirirdim ki, topladıqları balları öyrənsinlər. Onu da məndən laborant qızlar xahiş etmişdilər ki, kömək edim, hamı birdən keçəndə basırıq olur. Mən də uşaqları elə bir-bir içəri keçirirdim. Axırda laborant qızlar dedilər ki, bayaqdan onun-bunun cavablarını öyrənirsən, sənədini ver, görək, sən qədər bal toplamısan. Təqdim elədim, yoxlayan kimi hamı təəccübləndi. Dedilər ki, sən respublika üzrə ən yaxşı ikinci nəticəni göstərmisən. Özü də ən yüksək fakültəyə ödənişsiz əsaslarla düşmüsən. Təbrik etdilər. Doğrudan da o zaman üçün ən yaxşı fakültəyə- Dövlət bə bələdiyyə idarəetməsi - ödənişsiz qəbul olunmuşdum. Amma evdə bunu adi qarşıladılar. Bildirdilər ki, əsas hədəf Bakı Dövlət Universiteti olmalıdır. Əmimə də zəng edib bu nəticəni qazandığımı deyəndə, qayıtdı  ki, nə olsun, axşam yenidən dərsə gəl. Yəni, ora ilə bağlı sevincim çox uzun sürmədi. 

Çünki...

...əmimin də, valideynlərimin də, elə özümün də əsas məqsədim Bakı Dövlət Universiteti idi. Yadıma gəlir, 1980-ci illərin axırlarında, haradasa, 1988-89-cu illərdə Bakıda Şərq döyüş növlərinə maraq  çox yayılırdı. Qardaşımla atamıza dedik ki, biz də ora yazılmaq istəyirik. Razılıq verdi. Bakı Dövlət Universitetinin idman zalındakı karate dərslərinə yazıldıq. Doğrudur, heç axıra qədər getmədik. Amma idman dərslərinə gələndə Bakı Dövlət Universitetindən, onun dəhlizlərindən keçirdim. Bu məndə çox fərqli bir təəssürat yaratmışdı. Möhtəşəm idi. O zaman Kirov adına Azərbaycan Dövlət Universiteti adlanırdı. Onda anama dedim ki, gələcəkdə burada oxuyacağam. Elə də oldu. 1995-ci ildə imtahan verdim və elə həmin il də Beynəlxalq Jurnalistika ixtisasına qəbul olundum. O günü də heç vaxt unutmaram. O zaman universitetə qəbulun cavablarını öyrənmək çətin idi. Ancaq jurnallar var idi və onların da növbəsinə xeyli adamlar düzülərdi. Özüm bir yerdə, atam və onun dostu isə ayrı-ayrı yerlərdə növbədə dayanmışdıq. Amma növbə çox uzun olduğundan saatlarla gözləsəm də, nəsə öyrənə bilməmişdim. Günortaya yaxın kor-peşman evə qayıtdım. Anam soruşanda dedim ki, öyrənə bilmədim. Amma rahat idim. Bilirdim ki, yaxşı nəticə göstərə biləcəyəm. Elə bir az keçmiş atam evə zəng vurub dedi ki, Beynəlxalq Jurnalistika ixtisasına qəbul olunmusan. Elə yazdığım ilk ixtisas idi. O vaxt evimizdə böyük toy-bayram oldu.

 

Epiloq üçün...

“Düz 35 il oldu ki, bu dünya mənə, mən də bu dünyaya dözürəm. Gah dalaşırıq, gah barışırıq. Görək, hələ nə qədər gedəcəyik birgə? Çox vaxt birbirimizi anlamırıq. Dünya dediyin şey nə qədər bər-bəzəkli və göz qamaşdıran olsa da, soyuqdur... Soyuqdur, çünki içi boşdur, üzü dönükdür... Dönükdən isə xeyir gəlməz, - deyərlər. Nə olursunuz olun, dönük olmayın, bu dünyanın özü kimi...”

 

 



Xəbəri paylaş

1 045 dəfə oxunub.

Digər xəbərlər