Saytımızı qiymətləndirin


 
 

Üçtərəfli müttəfiqlik - Azərbaycan, Türkiyə və İsrail bir arada...
Tarix: 21-09-2022 | Saat: 12:24
Bölmə:Siyasət / Karusel | çapa göndər

Rəsmi Təl-Əvivin Ankaraya yeni səfir təyin etməsi ilə Türkiyə və İsrail arasında diplomatik əlaqələr rəsmən bərpa olunub. Türkiyə-İsrail münasibətlərinin yenidən qurulması Azərbaycan tərəfindən də müsbət qarşılanıb. Bakının strateji müttəfiqi olan İsrailin qardaş Türkiyə ilə diplomatik təmasları bərpa etməsində Azərbaycan rəhbərliyinin xüsusi rolu olub. Ölkəmizin barışcıl mövqeyi hər iki ölkə tərəfindən yüksək dəyərləndirilib.

 

Artıq siyasi kluarlarda Azərbaycan, Türkiyə və İsrailin iştirakı ilə üçtərəfli müttəfiqlik formatı haqda söhbətlər dolaşır. 

 

Bununla bağlı Modern.az-a danışan Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun üzvü Arzu Nağıyev bildirib ki, İsrail və Türkiyənin diplomatik münasibətlərinin bərpa edilməsi təqdirəlayiq və mühüm hadisədir.

 

Onun sözlərinə görə, ümumiyyətlə, İsrail və Türkiyə arasında elə də ciddi problem yaşanmayıb. Əsas problem Fələstinlə bağlı olub. Mavi Mərmərə vasitəsilə Fələstinə kömək aparan gəminin qarşısını İsrail xüsusi xidmət orqanları almışdı.

 

A.Nağıyev vurğulayıb ki, 10 ildən çoxdur kəsilmiş diplomatik əlaqələrin bərpa edilməsi dünyada gedən proseslərlə bağlıdır: 

 

“İstər logistik, istərsə də siyasi-iqtisadi məsələlərdə hər iki dövlətin bir-birilə qarşılıqlı əlaqələri var. Hər iki ölkə arasında müvafiq mal bölgüsü mövcuddur. Yəni İsrail və Türkiyə əlaqələri qabardıldığı kimi pis deyil. Əsas məsələ bundan ibarətdir ki, Azərbaycanın İsraillə diasoporlar səviyyəsində, xarici diplomatiya müstəvisində güclü əlaqələri mövcuddur. O cümlədən, iqtisadi, hərbi sənaye sahəsində də çox yaxşı əlaqələrimiz var. Müsbət haldır ki, Azərbaycanın dostları bir-biri ilə öz siyasi məsələlərini həll edirlər. Bu, hər üç dövlətə ancaq müsbət dvidentlər gətirə  bilər”.

 

Deputat, politoloq Rasim Musabəyov hesab edir ki, Türkiyə və Azərbaycanın İsraillə strateji əməkdaşlığı bundan sonra daha da dərinləşəcək:

 

“Hesab edirəm ki, strateji əməkdaşlıq dərinləşəcək. Əlaqələrin möhkəmlənməsi həm Azərbaycan, həm Türkiyə, həm də İsrail üçün faydalıdır. Əlaqələrin müsbət istiqamətdə inkişaf edəcəyi dəqiqdir. Üç ölkənin müttəfiqlik məsələsində gəlincə, zamanla hər şeyin yaxşıya doğru getdiyini görəcəyik”.

 

 

Siyasi şərhçi Tofiq Abbasov isə qeyd edib ki, Azərbaycan-Türkiyə-İsrail müttəfiqliyinin qurulması mümkündür:

 

“Çünki bizi birləşdirən məqamlar var. İsrailin beyin mərkəzləri və ekspertlər bu ideyanı dəstəkləyir. Qafqaz bölgəsininin hazırda bəzi Qərb siyasi institutları tərəfindən Yaxın Şərq arealına aid edilməsi də buna təsir göstərir. Deyirlər ki, Qafqaz Yaxın Şərqə aiddir. Əlbəttə, İsrail də bəzi təhdidlər səbəbindən Türkiyə və Azərbaycanla bir yerdə olmaq istəyir.

 

Türkiyənin İsraillə bilavasitə sərhədi olmasa da, ölkələr coğrafi baxımdan bir-birilərinə yaxındırlar. Bəli, Türkiyə ilə İsrail arasında Fələstinə görə gərginlik yaşanıb. Ancaq insanlar və cəmiyyətlər dəyişir. Artıq bu ölkələr də  əlaqələrini yeni qaydalara uyğun olaraq qururlar. Ola bilsin ki, Azərbaycan, Türkiyə və İsrail tezliklə yeni üçtərəfli əməkdaşlıq formatının yaradılmasına nail olsunlar”.



Xəbəri paylaş

198 dəfə oxunub.

Digər xəbərlər