Ana Sayfa > Karusel / Müsahibə > Mənim kəndim - “Erməni uşağı qardaşımın başını yaranda, özümü günahkar hiss etdim”
Mənim kəndim - “Erməni uşağı qardaşımın başını yaranda, özümü günahkar hiss etdim”11-01-2018, 17:29. Yazar: Admin |
“Orta məktəb müəllimlərim Haqverdiyevin, Bakıxanovun nəvələri olublar”
Şəxsən mənim də indiki Vüqar kimi formalaşmağımda uşaqlığımın rolu böyük olub. O uşaqlıqdan mən istədiklərimi ala bilməsəydim, müəyyən dəyərlər üzərində böyüməsəydim, tərbiyə olunmasaydım indiki insan ola bilməzdim. Əks halda, bu, heç cür mümkün olmayacaqdı. Çünki elə bir yerdə, küçədə böyümüşəm ki, orada müsbət məqamlar olduğu kimi, mənfi hallara da tez-tez rast gəlmək olardı. Amma həm məni, həm qardaşımı elə böyüdüblər ki, həmişə mənfi hallardan uzaq durmuşuq. Ümumiyyətlə, insanın uşaqlıq çağını necə keçirməsi çox əsasdır.
Mənim sehirli məkanım Mənim məkanım həmin o nağıllar dünyası olub. Özümü hər zaman orada rahat hiss edirdim. Oradakı hadisələr, təqdim edilən fikirlər, verilən mesajlar deyərdim ki, nəsildən nəslə genetik yaddaşla ötürülən kodların daşıyıcılarıdır. Nağıllardakı dəyərlər sistemi bizə genetik yaddaşın ötürdüyü kodlardır. Yaşıdlarıma da tövsiyyə edərdim: uşaqlara nağıllar, əfsanələr oxutsunlar. Ya da özləri onlara oxusunlar. Bununla da övladlarına genetik yaddaş sistemindən süzülən dəyərləri aşılaya bilərlər. Uşaqları məhz bu dəyərlər üzərində yetişdirmək lazımdır ki, dünyada yaxşının nə,pisin nə, xeyirin nə, şərin nə olduğunu zamanında anlaya bilsinlər. Nağıllar – uşaq üçün həqiqətən də, onu yetişdirən, formalaşdıran sehirli bir dünyadır. Sənin mahiyyətini nağıllar qədər aça biləcək ikinci səbəb göstərə bilmərik.
HAŞİYƏ-1:“Uşaqlıqdan əlimdə nağıl kitabları ilə böyüdüm. Xalq nağıllarımızın, dastan və əfsanələrimizin hamısını əzbər bilirdim. Yadıma gəlir, ibtidai sinifdə olanda, 2-ci və 3-cü siniflərdə “sinifdən xaric qiraət” dərslərində uşaqlar həmişə məni qabağa verərdilər. Çıxardım lövhənin qabağına, 45 dəqiqə nağıl danışardım... O qədər nağıl oxudum ki, nağıllar dünyası qurdum özüm üçün. Öz dünyamı qurdum. Yalan, xəyanət, ikiüzlülük, yaltaqlıq olmayan bir dünya. Ancaq nağıllarda olar bu, deyilmi? Ən böyük əzab öz dövründə yaşamamaqdır, özünü bu dünyada tapa bilməməkdir. Bu dövr mənə görə deyil.... Mən beləcə içimdə o nağıllar dünyası ilə böyüdüm, amma bu dünyada özümü tapa bilmədim ki, bilmədim”. (V.Zifəroğlunun 35 yaşı ilə bağlı təəssürat yazısından)
Real dünyanın nağılları - böyüdüyüm məhəllə, psixoloq küçələr...
Oralarda bizim uşaqlığımız, gəncliyimizlə bağlı xatirələr yaşayır. İnsan bu cür xatirələri təkrar-təkrar yaşadıqca, özü də ruhən dincəlir. Ümumiyyətlə, bir insanın İNSAN olmasında ən vacib məqam onun sahibləndiyi xatirələridir. Özü də xoş xatirələri, bax, bu, çox önəmlidir. Həmin xoş xatirələr var olduqca, insanın gələcəyə daha pozitiv baxmasına təkan verir. Sanki keçmişlə gələcək arasında bir körpü rolunu oynayır. Əfsanəvi məktəb, möhtəşəm müəllimlər - varis maarifçilər Tarixlə yanaşı, kimyanı da yaxşı oxumuşam. Kimya fənnindən müəlliməmiz Allah rəhmət eləsin, Şəfiqə xanım Əliyevə olub-Ümummilli lider Heydər Əliyevin bacısı. Onun ən sevimli şagirdlərindən biri olmuşam. Kimyanı çox yaxşı oxuyardım. Valideynlərimin arzusu məni həkim görmək idi. Amma marağım daha çox jurnalistikaya, tarixə-humanitar istiqamətə oldu. Lakin bütün fənləri oxumuşam, məktəbi əlaçı olaraq bitirdim. Şəfiqə xanım məni həmişə kimyadan olimpiyadalara göndərərdi. Ümumiyyətlə, 190 nömrəli mətəbdəki müəllimlərimin hamısı çox möhtəşəm pedaqoqlar olub: Tarix müəlliməmiz Əbdürrəhim bəy Haqverdiyevin nəvəsi Nailə xanım Haqverdiyeva idi. Ədəbiyyat müəlliməmiz Abbasqulu ağa Bakıxanovun nəvəsi Afət xanım Bakıxanova, rus dili müəlliməmiz mərhum Qılman İlkinin qızı Xumar xanım olub. Sevimli riyaziyyat müəllimimiz Sabir müəlim bu gün də uşaqlara dərs deyir. Bir sözlə, hamısı say-seçmə müəllimlər... Həmin dövrdə 190 nömrəli məktəbi bitirən şagirdlərin böyük əksəriyyəti rahatlıqla ali mətəblərə qəbul olunurdular. “İlk dərs” Müəllim şəhər Yeni maraqlı filmlər gələndə kinoteatrlara da gedərdik. Amma ən sevdiyim iş muzeylərə səfər etmək idi. Bakıda elə bir muzey olmazdı ki, ora yolum düşməsin. Hamısında olmuşdum, hətta eləsi var idi ki, ora bir yox, bir neçə dəfə getmişdim. Valideynlərimizi məcbur edirdik ki, bizi muzeylərə aparsınlar. Bəli, biz də belə böyüyürdük... Özümü indi də çox xoşbəxt sayıram ki, Azərbaycanın ikinci dəfə müstəqillik əldə etməsinin, yəni bu müstəqilliyə aparan proseslərin birbaşa şahidi olmuşam. O hadisələri yaşamağın özü də bir məktəbdir. Azərbaycanı müstəqilliyə aparan yol, müstəqilliyin ilk çətin illəri-bunlaırn hamısı məktəb idi. Biz bu dövləti asanlıqla qurmamışıq. Dəfələrlə parçalamaq, bölmək istəyiblər, amma qətiyyətlə də qarşısı alınıb. Buna gedən yol isə çox çətin olub. Biz bu çətin yolu canlı olaraq izləyirdik və böyüyürdük...
“70-ci illərdə doğulanlar” HAŞİYƏ: 70-ci illərdə anadan olanlar, bütün keşməkeşli və çətinliklərlə dolu uşaqlıq və gənclik illərini bəlkə də doğru-dürüst yaşaya belə bilmədilər. Məhz onların uşaqlıq və yeniyetməlik illəri “Azadlıq” deyə hayqıran bir millətin əsarət zəncirini qırmaq üçün meydanlara axışdığı dövrə təsadüf etdi. Məhz onlar 80-ci illərin sonlarında çörək qıtlığını yaşadılar, talonla alınan 200 qram ətlə tanış oldular. Məhz onlar, gizlin şəkildə 80-nin sonlarında bütün sovet imperiyasında bir möcüzə kimi qarşılanan video maqnitafona əlahiddə bir sehr aləmi kimi pərəstiş etdilər, ilk dəfə azad mahnı üslubu ilə rəqs etməyə başladılar. Kommunistlərin ütülü və dəfələrlə senzuradan keçmiş standart mahnılarına deyil, məsələn, “Miraj”, “Kombinasiya”, “Laskoviy may”, “Karmen” qruplarınnın üsyankar treklərini dinlədilər. 50 və ya 60-cı illərdə anadan olan nəsillərdən fərqli olaraq o dövrdə doğulanlar hind aktyorlarının deyil, bu qrupların üzvlərinin və ya türk aktyorlarının şəkillərini ciblərində gəzdirdilər. Qızları Əmrahın və İbrahim Tatlısəsin filmləri ilə ağladılar, oğlanlar isə dərslərdən qaçaraq avtobuslarda yerləşən və ya köhnə klublarda təşkil edilən videosalonlarda Çin və ABŞ istehsalı olan savaş filmlərinə baxaraq, oradakı qəhrəmanlara özlərini bənzətməyə çalışdılar. İlk dəfə diskoteka mühitini sərbəstliyin simgəsi və nəzarətdən, senzuradan kənar bir məkan yeri kimi qəbul edən yeniyetmələr məhz 70-cilər idi.
Onlarla, yəni 70-ci illərdə anadan olanlarla başladı azad və düşüncəsi, iradəsi olan gənclik yetişməyə. Onlardan Pavlik Morozovlar yetişə bilməzdi. Onlar öz uşaqlıq və yeniyetməliklərini meydanlarda keçirərək, hətta bəzən orada qalanan tonqaların ətrafında gecələyərək, öz kiçik yumruqlarını böyüklərinə baxaraq “Qarabağ” tələbi ilə yuxarı qaldırmaqla yetişirdilər… Və ilk dəfə məhz 70-ci illərdə anadan olanlar vətən müharibəsində iştirak etmək üçün birbaşa məktəb partasından, universitet auditoriyasından cəbhə bölgəsinə yollandılar! O səbəbdəndir ki, kişi cinsindən 71-74-cü illərdə anadan olan nə qədər az nümayəndəmiz var. Onların çoxu bu gün ŞƏHİDLƏR XİYABANINDA əbədiyyata qovuşublar. Siyasi təlatümlər, vətən müharibəsi – bu nəslin gəncliyinin bir parçası oldu! Bu nəsil yeniyetmə, gənc ikən 20-ci əsrin sonunda bir soyqırımın necə yaşandığının şahidi oldu öz gözləri ilə! Bu nəsil şəhid verən, qazi yetişdirən ən gənc nəsil oldu! Gəncliyini yaşaya bilməyən, arzularında boğulan gənc nəsil… 70-ci illərin nəsli qan da gördü, vətəninin azadlığını da, millətinin soyqırıma uğramasını da, ata yurddan didərgin düşmənin acısını da… Onların sevinci üçrəngli bayrağın 70 ildən sonra təkrar qürurla dalğalanması, savaşı Qarabağ, dərdi isə özlərini anlada bilməmək oldu. Onlar hər çətinliyi gördülər. Azərbaycanın ikinci dəfə müstəqillik qazanmasının şahidi oldular. Bu anları yaşadılar. Yeganə görə bilmədikləri, yaşaya bilmədikləri yeniyetmə və gəncik çağları oldu…” Bunu yaşamaq üçün onların sadəcə zamanı qalmadı… (V.Zifəroğlunun “70-ci illərdə doğulanlar” essesindən)
Əbədi müəllimlər, bitməyən dərsləri... Məndə, kitaba, elmə, mütaliəyə həvəsi valideynlərim yaratmışdı. Uşaq gördüyünü istəyər. Mən də gözümü açıb valideynlərimin əlində kitab görmüşdüm. Çalışıram ki, indi mənim uşaqlarım kitab görsünlər. Ümid edirəm ki, onların da övladları belə görəcəklər. Atam atasını çox erkən yaşında itirib. Babam 34 yaşında dünyasını dəyişib. Rəhmətlik nənəm 6 övladını tək böyüdüb. 60-cı illər, kənd mühiti... Təsəvvür edin ki, necə böyük çətinliklərə qatlaşmalı olub. 6 övladı təkbaşına böyütmək indinin indisində də çox çətin məsələdir. O ki qaldı, bunları 60-cı illərdə, hansısa kənd mühitində edəsən. Amma o altı övladın hamısı təhsil aldı. Bir əmim AMEA-nın müxbir üzvü, prezident mükafatçısı idi, professor Elbrus Əlizadə. Ötən il dünyasını dəyişdi, 59 yaşında. Coğrafiya İnstitutunun direktor müavini vəzifəsində çalışırdı. Məhz həmin çətinlikdən çıxmışdı əmim.... Elə atam da; 17 yaşından Bakıya gəldi. Öz gücü –qüvvəsi ilə çalışdı-vuruşdu. Əldə etdiklərinin hamısını bunun sayəsində qazandı. 34 yaşlı atanı itirmək nə deməkdir?! Amma bununla belə onlar məqsədlərinə nail oldular. Bu, fədakar anannın və zəhmətkeş övladların birgə nailiyyəti hesab oluna bilər. Atam uşaqlıqda, gənclikdə edə bilmədiklərini biz rahat edə bilək deyə, hər zaman özünü işə, zəhmətə həsr etdi. Maksimum çalışdı ki, hər şey bizim üçün daha rahat olsun. Anam isə bütün həyatını bizim təhsilimizə, formalaşmamıza xərclədi. Həm də, çox çalışdı; Gündəlik dərslərimizdən tutmuş, dünyagörüşümüzün formalaşmasına qədər onun rolu əvəzsiz idi. Hər həftə məktəbə gedib dərsə hazırlığımızı, davranışımızı öyrənərdi. Baxmayaraq ki, bizimlə bağlı bu məsələdə heç bir problemin olmadığını çox yaxşı bilirdi. Amma bütün fənn müəllimləri ilə bircə-bircə görüşüb, bizi xəbər alardı. Həm özümüzü, həm dərslərimizi tam nəzarətdə saxlayardı. Bu gün həyatda nəyəsə nail ola bilmişiksə, anamın o zaman üzərimizdəki nəzarətinin sayəsində olub. Çünki elə bir məkanda böyümüşdük ki, orada böyüyən uşaqlar bəzən, tam başqa işlərə də aludə olurdular. Hətta yaşımız artdıqdan sonra da küçəyə icazəsiz çıxa bilməzdik. O dərəcədə bizə ciddi nəzarət edirdi ki, biz də layiqincə formalaşa bilək.
Çünki... ...əmimin də, valideynlərimin də, elə özümün də əsas məqsədim Bakı Dövlət Universiteti idi. Yadıma gəlir, 1980-ci illərin axırlarında, haradasa, 1988-89-cu illərdə Bakıda Şərq döyüş növlərinə maraq çox yayılırdı. Qardaşımla atamıza dedik ki, biz də ora yazılmaq istəyirik. Razılıq verdi. Bakı Dövlət Universitetinin idman zalındakı karate dərslərinə yazıldıq. Doğrudur, heç axıra qədər getmədik. Amma idman dərslərinə gələndə Bakı Dövlət Universitetindən, onun dəhlizlərindən keçirdim. Bu məndə çox fərqli bir təəssürat yaratmışdı. Möhtəşəm idi. O zaman Kirov adına Azərbaycan Dövlət Universiteti adlanırdı. Onda anama dedim ki, gələcəkdə burada oxuyacağam. Elə də oldu. 1995-ci ildə imtahan verdim və elə həmin il də Beynəlxalq Jurnalistika ixtisasına qəbul olundum. O günü də heç vaxt unutmaram. O zaman universitetə qəbulun cavablarını öyrənmək çətin idi. Ancaq jurnallar var idi və onların da növbəsinə xeyli adamlar düzülərdi. Özüm bir yerdə, atam və onun dostu isə ayrı-ayrı yerlərdə növbədə dayanmışdıq. Amma növbə çox uzun olduğundan saatlarla gözləsəm də, nəsə öyrənə bilməmişdim. Günortaya yaxın kor-peşman evə qayıtdım. Anam soruşanda dedim ki, öyrənə bilmədim. Amma rahat idim. Bilirdim ki, yaxşı nəticə göstərə biləcəyəm. Elə bir az keçmiş atam evə zəng vurub dedi ki, Beynəlxalq Jurnalistika ixtisasına qəbul olunmusan. Elə yazdığım ilk ixtisas idi. O vaxt evimizdə böyük toy-bayram oldu.
Epiloq üçün... “Düz 35 il oldu ki, bu dünya mənə, mən də bu dünyaya dözürəm. Gah dalaşırıq, gah barışırıq. Görək, hələ nə qədər gedəcəyik birgə? Çox vaxt birbirimizi anlamırıq. Dünya dediyin şey nə qədər bər-bəzəkli və göz qamaşdıran olsa da, soyuqdur... Soyuqdur, çünki içi boşdur, üzü dönükdür... Dönükdən isə xeyir gəlməz, - deyərlər. Nə olursunuz olun, dönük olmayın, bu dünyanın özü kimi...”
Geri dön |