Tarix: 28-04-2026 | Saat: 15:25
Bölmə:Karusel / Siyasət | çapa göndər
İtaliyanın Baş naziri Ciorcia Meloni mayın 4-də Ermənistana, 5-də isə Azərbaycana gələcək.
Qarabaginfo.az xəbər verir ki, xarici mətbuat Ciorcia Meloninin Cənubi Qafaqaza gözlənilən səfərini şərh edib.
Bildirilib ki, səfər Ciorcia Meloninin Cənubi Qafqaza yanaşmasının mahiyyətini göstərir: Bakı Roma üçün strateji prioritetdir, İrəvan isə daha çox siyasi simvol rolunu oynayır.
C.Meloni 4 mayda 8-ci Avropa Siyasi Birliyi Sammiti çərçivəsində İrəvanda keçiriləcək toplantıda iştirak edəcək, daha sonra isə 5 mayda rəsmi səfərlə Bakıya yollanacaq.
Meloninin İrəvana səfəri əsasən Avropa kontekstində izah olunur. Ermənistan son illər Avropa İttifaqı ilə əlaqələri gücləndirməyə və özünü Avropa siyasi məkanının bir hissəsi kimi təqdim etməyə çalışır. Baş nazir Nikol Paşinyan Avropa Siyasi Birliyi Sammiti kimi tədbirlərin ölkənin beynəlxalq legitimliyini artırdığını vurğulayıb.
Qeyd olunur ki, İtaliya Baş naziri üçün İrəvana səfər, həm Avropa platformalarına dəstək nümayiş etdirmək, həm də Ermənistanı demokratik tərəfdaş kimi simvolik şəkildə dəstəkləmək vasitəsidir.
Buna qarşılıq, Azərbaycan ilə münasibətlər İtaliya üçün daha dərin və struktur xarakter daşıyır. Roma üçün Azərbaycan ilk növbədə enerji təhlükəsizliyi, infrastruktur və geniş ticarət əlaqələri deməkdir.
İtaliya uzun müddətdir Azərbaycanın əsas ticarət tərəfdaşı və onun enerji resurslarının başlıca alıcısıdır. Xüsusilə Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə daşınan qaz İtaliyanın enerji balansında mühüm rol oynayır və ölkənin qaz tələbatının əhəmiyyətli hissəsini təmin edir.
Bundan əlavə, Azərbaycan qazının İtaliya üzərindən Avstriya və Almaniya kimi ölkələrə nəqli Romanın Avropanın enerji habına çevrilməsi prosesini gücləndirir.
Xarici KİV-lər yazır ki, iki ölkə arasındakı əlaqələr yalnız enerji ilə məhdudlaşmır. İtaliyanın iri şirkətləri – məsələn, “Eni”, “Snam” və “Leonardo” – Azərbaycanda enerji, infrastruktur və texnologiya sahələrində aktiv fəaliyyət göstərir.
Bu əməkdaşlıq modeli Azərbaycanı İtaliya üçün sadəcə xammal mənbəyi deyil, həm də sənaye və texnoloji iştirak platformasına çevirir.
Beləliklə, Ciorcia Meloninin regiona səfəri iki fərqli məqsədi əks etdirir:
İrəvanda – siyasi və diplomatik dəstək mesajı;
Bakıda – real iqtisadi və strateji maraqların möhkəmləndirilməsi.
Bu yanaşma göstərir ki, İtaliyanın Cənubi Qafqaz siyasətində əsas prioritet enerji təhlükəsizliyi və geoiqtisadi maraqlardır, və bu baxımdan Azərbaycan həlledici tərəfdaş kimi çıxış edir.
Digər xəbərlər


















