“Laçın rayonunun konkret hansı məntəqələri “sülhməramlı”ların nəzarətindədir?.."
Tarix: 20-06-2023 | Saat: 14:08
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1268 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 20-06-2023 | Saat: 14:08
Bölmə:Karusel / Qarabağ | çapa göndər
“Nə buna, nə də 16-cı gündür Laçın şəhərinin virtual olaraq Rusiya hərbçilərinin “işğalı”nda qalmasına rəsmi izahat verilir?..”
“İctimaiyyət 44 günlük müharibədən sonra Laçın rayonunun ərazisinin niyə 1835 deyil, 1800 kv.km göstərilməsinə də rəsmi izahat gözləyir...”
44 günlük müzəffər(!) savaşımızın sonunda imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan keçən 2 il 7 aylıq bir dövrdə işğaldan azad edilmiş və hələ də haykların məskunlaşdığı ərazilərdə geniş ictimaiyyət üçün qaranlıq qalan bir çox olay və proseslər baş verməkdədir. İşğaldan azad edilmiş ərazilərdə baş verənlər haqda növbəti yazılarımızda bəhs edərik... Bu gün daha çox müəmmalar, əlbəttə ki, Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinin nəzarəti altında qalan ərazilərdə baş verməkdədir. Və bu haqda mediada, o cümlədən bu sətirlərin müəllifi tərəfindən çox danışılıb, yazılıb. Söhbət “sülhməramlı”ların həm siyasi, həm tarixi, həm humanitar, həm də iqtisadi-sosial baxımdan öz funksiyalarından kənar işlər görməsindən, o cümlədən öz dislokasiya xəritələrində Azərbaycan Respublikası ərazisindəki toponim, hidronimlərin və s. separatçı rejimin maraqlarına cavab verən şəkildə təhrif edilməsindən və s. gedir...
Xəritə təhrifləri baxımından ən düyünlü ərazi “Laçın dəhlizi” adlanan məkandır. Burada Rusiya Müdafiə Nazirliyi virtual olaraq ağlına gələni edir. Bu haqda da çox danışıb yazmışıq. Amma bir məqamı xüsusi vurğulamaq yerinə düşər. “Sülhməramlı”ların dəhlizə, yəni Azərbaycan Respublikasının suveren ərazisinin bir hissəsinə daxil olduğu ilk günlərdən Rusiya MN öz rəsmi saytında nəzarətdə saxladığı “Laçın dəhlizi”nin xəritəsini versə də, Azərbaycan vətəndaşı, həmçinin Laçın rayonu sakinləri üçün konkret olaraq hansı məntəqələrin, kəndlərin, yüksəkliklərin və s. “sülhməramlı”ların nəzarətində olması müəmmalı qaldı. Və üstəlik, Laçın rayonunun bəhs edilən “dəhliz” istisna olmaqla Azərbaycan dövlətinin, ordusunun nəzarətinə qaytarılmış olduğu 1 dekabr 2020-ci il tarixində bir sıra rəsmi qurumlar Laçın rayonunun ərazisinin sovet dövründə, həmçinin 29 illik müstəqillik dövründə əzbər bildiyimiz 1835 kvadrat kilometr yox, 1800 kvadrat kilometr olduğunu açıqladı. Bəs qalan 35 kvadrat kilometr hara qeyb oldu?.. Bəndəniz bu haqda da material hazırlayıb sual etsə də, müvafiq qurumlar tərəfindən heç bir rəsmi izahat verilmədi. Lakin Laçın rayonunun sahəsi haqqındakı sözügedən təhrif olunmuş rəsmi məlumatlar bəzi qurumların saytlarından silindi...
Sonradan apardığımız araşdırmadan bəlli oldu ki, Laçın rayonunun Rusiya hərbi kontingentinin nəzarətinə verilən ərazinin sahəsi elə təxminən 35 kvadrat kilometrdir... Bu, nə deməkdir? Yoxsa kimlərsə Laçın rayonunun bəhs edilən ərazisini əbədi olaraq “dəhliz”kimi Rusiyanın və dolayısıyla işğalçı Ermənistanın və Qarabağdakı separatçı-terrorçu rejimin nəzarətinə verməyi hesablayır?..
Rusiya tərəfi ilə anlaşmaya görə(bax: //ordu.az/az/news/232775/rusiya-xin--lacin-dehlizine-alternativ-yol-2023-cu-il-aprelin-1-den-fealiyyete-baslayacaq), 2023-cü il aprelin 1-dən “sülhməramlı”lar şələ-şülələrini yığışdırıb tamamilə yeni Laçın yoluna keçəcəkdilər. Yəni artıq “köhnə” Zabux-Laçın-Xankəndi yolunun Şuşa ərazisinədək olan hissəsinə, həmçinin Laçın rayonunun rayon mərkəzinə yaxın Ağanus, Kəravuz, Fətəlipəyə və s. kəndlərinə nəzarət etməkdən əl çəkəcəkdilər. Ancaq bu gün artıq 2 ay yarımdan çox vaxt keçməsinə rəğmən xəritələrdən bəlli olur ki, Rusiya hərbi kontingenti hələ də Laçın şəhərinin “qulağının dibinə”dək nəzarət həyata keçirir. Hazırda reallıq budur ki, Azərbaycanın istər mülki, istərsə də hərbi avtomobillərinin Qubadlı istiqamətindən gələn yolla əvvəlki kimi Laçın rayonunun Qayğı qəsəbəsi, Fətəlipəyə və Ağanus(Turşsu) kəndlərindən keçməklə hərəkət etmələrinə imkan verilmir. Və belə bir şəraitdə “sülhməramlı”ların xəritələrindən bəlli olur ki, onlar mütəmadi olaraq bəhs edilən yol vasitəsi ilə Laçın şəhəri və Zabux kəndlərinin yaxınlığınadək ya yerüstü, yəni avtomobillər, yaxud PUA-lar dronlar vasitəsilə patrul xidməti həyata keçirirlər... Üstəlik, öncəki yazılarımızda qeyd etdiyimiz kimi, artıq təxminən 16 gündür ki, yəni 2023-cü il mayın 31-dən başlayaraq “sülhməramlı”lar cəmi 5 günü çıxmaq şərti ilə Laçın şəhərini yenidən virtual olaraq öz məsuliyyət və nəzarət zonalarına daxil ediblər. Dünən, yəni iyunun 19-da da Laçın şəhəri sözügedən xəritənin daxilində qeyd olunub... Özü də maraqlıdır ki, bu “işğal” Azərbaycan Prezidentinin Laçın şəhərinə ilk köçürülən ailələrə evlərinin açarlarını təqdim etməsi, yəni şəhərin məskunlaşdırılmağa(!) başlanmasından iki gün sonra və Azərbaycan və Ermənistan liderlərinin Kişinyov görüşündən bir gün öncə başlayıb...
Laçındakı mənbələrimizdən əldə etdiyimiz qeyri-rəsmi məlumatlara görə, Qayğı qəsəbəsi-Fətəlipəyə-Ağanus kəndləri marşrutundan keçən köhnə Qubadlı-Laçın yolunu Qayğı qəsəbəsi sahəsində Azərbaycan hərbçiləri bağlayıb ki, Rusiya hərbçiləri həmin istiqamətdə hərəkət edə bilməsin. Bəs elədirsə, bu, niyə “sülhməramlı”ların dislokasiya xəritələrində əks olunmur?.. Əksinə, sözügedən ərazinin daim Rusiya MN-in nəzarətində olduğu göstərilir?..
Araşdırmalarımızdan o da bəlli olur ki, Laçın rayon mərkəzindən yerüstü quru yolla cəmi 9-10 km, hava xətti ilə isə cəmi 2-2,5 km məsafədə yerləşən eyni rayonun Ağanus kəndi 2022-ci ilin sentyabrından əvvəl “sülhməramlı”ların xəritəsində 27 saylı müşahidə-nəzarət məntəqəsi kimi qeyd olunurdusa, sözügedən tarixdən bu günədək isə “sülhməramlı”ların 2 saylı məntəqə kimi qeyd olunur... Digər tərəfdən, əgər yeni yolda da “dəhliz”dən söhbət gedirsə, o halda belə çıxır ki, Laçın rayonunun Unannovu, Ərəb, Dəyhan, Mığıdərə, Dəyirmanyanı, Məlikpəyə, Malxələf və s. kəndləri, eləcə də Qayğı qəsəbəsi Rusiya “sülhməramlı”larının nəzarətində qalır...
Xülasə, bu minvalla Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında təqdim edilən gündəlik xəbər və xəritələrin təhlilindən bəlli olur ki, Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingenti hazırda Laçın rayonu ərazisində artıq əvvəlki kimi hava xətti ilə 5 kilometr enində deyil, iki dəfə çox, yəni 10 km enindəki “dəhliz”ə nəzarət edir... Quru xətti ilə hesablasaq, azı 20-30 km-lik... Belə ki, bu gün “sülhməramlı”ların məsulliyyət zonalarına daxil edilən Laçın rayon mərkəzindən alternativ Xankəndi-Ermənistan yolunun solundakı Mığıdərə və Dəyhan kəndlərinə hava xətti ilə məsafə müvafiq olaraq təxminən 9 və 10 kilometrdir... Bu da o deməkdir ki, Laçın rayonunun əvvəlki kimi təxminən 35 kv. km deyil, 60-70 kv. km-lik ərazisi Rusiyanın nəzarətində qalır...
Və öncəki yazılarımızda qeyd etdiyimiz sualı bir daha təkrarlamağa məcburuq: “Əgər “sülhməramlı”lar yeni “dəhliz”ə keçiblərsə, köhnə “dəhliz”dən niyə əl çəkmirlər?.. Niyə razılaşmanı pozurlar?..”
Xülasə, əgər Rusiyanın “sülhməramlı” kimi sırınan hərbi kontingenti doğrudan da gerçəklikdə Laçın rayonunun köhnə “dəhliz” ərazisində Laçın şəhəri, Zabux, Ağanus, Kəravuz, Fətəlipəyə kəndləri, Qayğı qəsəbəsi ərazilərinə nə yerüstü, nə də havadan, PUA-lar, dronlar vasitəsilə nəzarət etmirlərsə, yəni bu yalnız Rusiya Müdafiə Nazirliyinin tərtib etdiyi xəritələrdə virtual olaraq əks olunursa, o halda əvvəla, müvafiq dövlət qurumları Rusiya MN-ə qəti etiraz bildirərək o xəritələrin razılaşma və anlaşmalara uyğun olaraq düzgün tərtib edilməsini tələb etməli, ikincisi də həmin qurumların kartoqrafları Laçın rayonunun Rusiya hərbi kontingentinin məsuliyyət zonası olan hissəsinin xəritəsini tərtib edərək ictimaiyyətə və dünyaya təqdim etməlidir...
İctimaiyyət 44 günlük müharibədən sonra Laçın rayonunun ərazisinin niyə əvvəlki kimi 1835 deyil, 1800 kv.km göstərilməsinə də rəsmi izahat gözləyir...
Xəbəri paylaş
Digər xəbərlər
7-04-2021, 10:20
Koronavirusa yoluxanlar sağalandan sonra bu xəstəliyə tutulurlar
24-06-2023, 14:46
Kadırovdan Putinə TAM DƏSTƏK - Çeçenlər “Vaqner”lə döyüşə yollandı
18-10-2024, 10:00
Ruben Vardanyanın həbs müddəti uzadılıb
22-06-2022, 11:38
Öz evini bərpa etmək istəyən köçkünlərə dövlətdən ŞAD XƏBƏR
29-03-2022, 23:15
Azərbaycan səfirliyi avstriyalı iş adamları ilə görüş keçirib
25-02-2023, 11:43
Qəbələdə qanunsuz kömür quyuları aşkarlandı
12-09-2022, 10:31
Ermənilər mövqelərimizi yenidən ATƏŞƏ TUTDULAR
16-01-2022, 13:35
İranda fəhlələr etiraza qalxdı