Tarix: 23-04-2026 | Saat: 12:09
Bölmə:Karusel / Təhsil | çapa göndər
Bu həftəsonu keçiriləcək buraxılış imtahanları ərəfəsində artıq əvvəlki mərhələlərin nəticələri müəyyən tendensiyaları üzə çıxarıb. Xüsusilə son imtahanların statistikası göstərir ki, əvvəlki illərlə müqayisədə sualların çətinlik səviyyəsində artım müşahidə olunur və bu da ümumi nəticələrə birbaşa təsir edir.
Qarabaginfo.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyevin də qeyd edib ki, yüksək bal toplayan abituriyentlərin sayında ciddi azalma var ki, bu da ümumi bal diapazonunun aşağı düşəcəyini deməyə əsas verir:
"Ümumilikdə aparılan müşahidələr göstərir ki, buraxılış imtahanlarında çətinliyin artması nəticəsində abituriyentlərin topladığı ballarda enmə tendensiyası formalaşıb. Məsələn, ötən il birinci zona üzrə 300 maksimal bal toplayanların sayı 23 nəfər olduğu halda, bu il həmin göstərici cəmi 2 nəfərdir. Bu fərq yalnız ən yüksək nəticələrdə deyil, 250-280 bal aralığında da özünü göstərir və ümumi statistik paylanmanın aşağı doğru dəyişdiyini göstərir".
Onun sözlərinə görə, bu kontekstdə V qrup üzrə də balların azalması ehtimalı kifayət qədər yüksək qiymətləndirilir:
"Nəzərə alsaq ki, V qrupda qəbul nəticələri əsasən buraxılış və qabiliyyət imtahanlarına əsaslanır, buraxılış mərhələsindəki çətinlik birbaşa yekun nəticələrə təsir edir. Əgər blok imtahanlarının çətinlik səviyyəsi də ötən illə eyni qalarsa, ümumi bal göstəricilərində təxminən 20-50 bal arasında azalma müşahidə oluna bilər".
"Bununla belə, yekun nəticələrə təsir edən digər mühüm faktorlar da var. Məsələn plan yerlərinin sayı və abituriyentlərin ümumi göstəriciləri də nəzərə alınmalıdır. Daha dəqiq proqnoz vermək üçün isə Dövlət İmtahan Mərkəzinin rəsmi statistik məlumatlarının açıqlanması həlledici rol oynayacaq. Hazırkı mənzərə isə onu deməyə əsas verir ki, bu il qəbul ballarında müəyyən qədər enmə qaçılmaz görünür" - o açqılamasında bildirib.
Digər xəbərlər

















