Saytımızı qiymətləndirin


 
 

Bulvarda 3 milyonluq "kupça"lı obyekti sökdülər - 1 manat da ödəmədilər  - FOTO
Tarix: 18-01-2021 | Saat: 12:50
Bölmə:Karusel / Sosial | çapa göndər

Bulvarda 3 milyonluq "kupça"lı obyekti sökdülər - 1 manat da ödəmədilər - FOTO


Bakı sakini Elmir Novruzova məxsus qeyri-yaşayış sahəsi Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədova məxsus “AZ İmport” MMC tərəfindən sökülüb və vətəndaşa bununla bağlı təzminat verilməyib.

 

Qarabaginfo.az xəbər verir ki, E. Novruzovun oğlu Faiq Novruzov “Qafqazinfo”ya müraciətində iddia edib ki, Səbail rayonu, Ə.Yaqubov küçəsi 35 ünvanında yerləşən 925 kv.m-lik qeyri-yaşayış sahəsinin söküntüsünə görə 2014-cü ildən bəri sahibinə dəyən zərər ödənilməyib.

 

Şikayətçi dəfələrlə aidiyyatı qurumlara müraciət etdiyini, amma nəticənin olmadığını deyir:

 

“2014-cü ildə bizə xəbər verdilər ki, həmin obyekti sökürlər. Doğrusu, əvvəlcə buna inanmadıq. Necə ola bilər ki, mülkiyyətçiyə xəbər vermədən, onunla razılıq əldə etmədən, kompensasiya ödəmədən əmlakı sökürlər? Sonradan bizim tərəfimizdən aparılan araşdırma zamanı və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdikdən sonra Bakı şəhər İcra Hakimiyyətinin həmin məhkəmə orqanına ünvanladığı məktubundan məlum oldu ki, Birinci Avropa Oyunları ərəfəsində həmin qeyri-yaşayış sahəsi sökülüb və yerində park salınıb.

 

Bu ərazi də əvvəllər “Azərmetal”a aid olub, sonra atam tərəfindən özəlləşdirilib. 2004-cü ildən 10 il ərzində bizdə olub. Bir müddət kafe kimi işlətmişik, sonra təyinatını dəyişmək istəyirdik və istifadəsiz qalmışdı. Rayondan gələn qohumlar xəbər verdilər ki, sizin obyekt yoxdur. Əlimizdə texniki pasport, “Çıxarış” var. O vaxtdan da araşdırırıq, heç söküntünü kimin apardığını bilmirik ki, gedib ona müraciət edərdik. Ancaq şifahi şəkildə bildirilib ki, tikinti işlərinin sifarişçisi ARDNŞ-nin Sosial İnkişaf İdarəsi və podratçı isə adı ancaq vətəndaşlara məxsus əmlakı söküb, vətəndaşlara dəyən zərəri ödəməyən və buna görə dəfələrlə məhkəməyə verilmiş “AZ İmport” MMC-dir”.

 

F. Novruzovun sözlərinə görə, həmin qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə atası Novruzov Elmir Qaçay oğluna məxsusdur. Bu barədə Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən 01.12.2004-cü il tarixli, “Mülkiyyət hüququ haqqında şəhadətnamə” verilib və 6 saylı reyestr kitabının 41-ci səhifəsində müvafiq qeydiyyat aparılıb.

 

Novruzovlar ailəsi 2014-cü ildən başlayaraq bu işin qanuni araşdırılması və kompensasiyanın ödənilməsi üçün müxtəlif aidiyyatı qurumlara müraciətlər ünvanlayıb:

 

“Azərbaycan Konstitusiyasının 29-cu maddəsinin IV-cü hissəsində göstərilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Dövlət ehtiyacı”nın mahiyyətini və sərhədlərini isə Mülki Məcəllənin 157.9-cu maddəsi müəyyən edir. Park-bağ kompleksinin-istirahət zonasının yaradılması dövlət ehtiyacları kateqoriyasına aid edilmir və istənilən halda qanunvericiliklə dövlət ehtiyaclarının müəyyən edilməsi və həmin ehtiyaclara görə mülkiyyətdən məhrum edilməyə yönələn səlahiyyətlər Bakı şəhər İH Başçısına verilməyib. Mülki Məcəlləsinin 157.9.-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər”.

 

Şikayətlə bağlı Səbail rayon İcra Hakimiyyətinə və SOCAR-a müraciət etdik. Hər iki qurumdan şikayətin müvafiq şöbədə araşdırıldığını və tezliklə cavab veriləcəyini dedilər.

 

Qeyd edək ki, bu, sözügedən şirkətlə bağlı ilk şikayət deyil. Zərərçəkmiş şəxslər tərəfindən dəfələrlə mediada Rəşad Məmmədova məxsus “AZ İmport” MMC haqda şikayət materialları yer alıb.

 

"Bakupost.az"un əldə etdiyi məlumata görə, mülk sahibi zərərin ödənilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə cavabdeh şəxsin tapılmadığını "əsas" gətirərək iddianı rədd edib. Hazırda iş Bakı Apellyasiya Məhkəməsindədir. Həmin mülk 3 milyon manat qiymətində dəyərləndirilir.

 



Xəbəri paylaş

422 dəfə oxunub.

Digər xəbərlər