“Vaqner” muzdlu döyüşçüləri Belarus Prezidenti Aleksandr Lukaşenkonun təklif etdiyi düşərgələrə gəlməyib.
Qarabaginfo.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi rəhbərinin müşaviri Leonid Kasinski bildirib.
Onun sözlərinə görə, “Vaqner” döyüşçüləri təklifə müsbət cavab verməyiblər.
Qeyd edək ki, Aleksandr Lukaşenko KİV nümayəndələri ilə görüşdə “Vaqner”in rəhbəri Yevgeni Priqojinin Belarusda olmadığını bəyan edib.
Xatırladaq ki, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib.
Rəsmi məlumata görə, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Priqojinə qarşı açılmış cinayət işinə xitam veriləcəyini, onun Belarus ərazisinə məskunlaşacağını deyib.