Tarix: 23-09-2017 | Saat: 11:54
Bölmə:Cəmiyyət | çapa göndər
Bu gün Milli Şura mitinq keçirəcək. Saat 15.00-dan 17.00-dək "İnşaatçılar” metrostansiyası yaxınlığındakı keçmiş "Məhsul” stadionunda keçirilməsi planlaşdırılan mitinqə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) razılıq verib.
"Qafqazinfo” xəbər verir ki, mitinqə icazə verilsə də, mitinqçilərə qarşı artıq cəza tədbirləri başlayıb. Hüquq-mühafizə orqanlarından verilən xəbərə görə, aksiya ilə bağlı xüsusi fəallıq göstərən 9 nəfər saxlanılıb. Onların barəsində 10-15 gün müddətinə saxlanma qərarı qəbul edilib. Saxlanılan şəxslərin vətəndaşları mitinqdə iştiraka təhrik etdiyi, qalmaqal yaratmağa cəhd göstərdiyi və digər hüquqazidd əməllər törətdiyi bildirilir. Həmçinin o da qeyd edilib ki, qanunun tələblərini pozan hər bir şəxs barədə müvafiq ölçü götürüləcək.
Qeyd edək ki, mediada hakimiyyətin xüsusi tapşırığı əsasında universitet, orta məktəb, səhiyyə sistemi və bütün kateqoriyadan olan büdcə təşkilatlarında Milli Şuranın mitinqinə qatılma ehtimalı və potensialı olan hər kəsin bəri başdan siyahılaşdırıldığı barədə məlumat verilmişdi.
Xəbərə görə, mitinq keçiriləcək meydana – Məhsul stadionuna xüsusi kameralar quraşdırılıb. Əsasən giriş-çıxış nöqtələrinə quraşdırılan kameralar üztanıma proqramlarına qoşulub. Bütün bu fəaliyyət nəticəsində mitinqdən dərhal sonra cəza tədbirləri işə düşəcək. Bununla da hakimiyyət Mili Şuranı və bütövlükdə müxalif düşərgənin elektoratını zəiflətməyi, mitinqlərə qatılan, yaxud da gələcəkdə də qatılmağı düşünən vətəndaşları qorxudaraq, çəkindirməyi hədəfləyir. Məlumatda deyilir ki, müxalifətin indiki zəif halında bütün bunları etmək isə heç də ciddi problem yaratmır. Çünki onun elektoral bazası çox zəifdir, mitinqə çıxanların sayı azdır. Bu səbəbdən də cəmi bir neçə günlük fəaliyyətlə bütün mitinq iştirakçılarının kimliyini təsbit etmək mümkün olur.
Xatırladaq ki, Milli Şuranın 8 aprel mitinqindən sonra da iştirakçılara qarşı cəza tədbirləri görülmüşdü və bir sıra şəxslər işlədikləri yerlərdən kənarlaşdırılmışdı.
Digər xəbərlər