Saytımızı qiymətləndirin


 
 

Cavanşir Feyziyev haqqında ŞOK YAZI - Jurnalistikanın üzünə tüpürən OLİQARX
Tarix: 06-02-2022 | Saat: 23:59
Bölmə:Karusel / Yazar | çapa göndər

Yenə jurnalistikanın üzünə tüpürdülər. Bu dəfə iş təkcə tüpürməklə bitmədi. Bir az da qabağa gedib jurnalistikanın ataba-atasına od qoydular. Bakılılar demiş, “nəgi var” jurnalistikaya yamadılar, yapışdırdılar…

Bu dəfə Şeyx Nəsrullah rolunda alimi-biələmlik edənsə heç də sıradan biri deyildi. Bu dəfə jurnalistikanın fatihəsini oxumağa cəhd edən 2010-cu ildən parlamentdə lövbər salan, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun doktorantı, Mətbuat Şurasının üzvü və “Avromed” Holdinqin sahibi Cavanşir Əyyub oğlu Feyziyev oldu.

Bəri başdan deyim ki, Cavanşir Feyziyevin məlum müraciətini oxuyanda heç də təəccüblənmədim. Düşündüm ki, “əcəb eləyib mətbuatı söyür, “Nənəsi gülüm olanın, başına külüm olar”. Çünki bizim cəmiyyətimizdə mətbuata həqiqəti göstərən güzgü kimi baxılması çoxdan unudulub. Bu gün mətbuatımız daha çox məmurların və kapitalistlərin pul kisəsindən asılı bir zavallıya bənzəyir. Öz missiyasından uzaq düşən və gündəlik dolanışıq yerinə çevrilən mətbuatımız sahibsiz gəmini xatırladır. Sahibsiz gəmilərə isə dəryada təkcə dəniz quldurları deyil, balinalar və akulalar da hücum edir. Necə deyərlər, “arxasız köpəyi qurd basar”. Ona görə də Cavanşir Feyziyevin mətbuatımız və onun yaxşı-pis təmsilçiləri haqqında dediklərini mən emosiyasız qarşıladım.

Amma bir-neçə kəlmə deməyi özümə borc bildim. Əvvəla, Cavanşir Feyziyevin heç bir etik normalara sığmayan ifadələrinin ilham mənbəyi haqqında fikrimi deyim. Çox təəssüf ki, istər məmurlarımızın, istərsə də kapitalistlərimizin cəmiyyətimizə patoloji nifrəti var. Bu nifrətin səbəblərinin izahı uzun söhbətin mövzusudur. Bir onu deyə bilərəm ki, addımbaşı rəzilliklə üzləşən bu adamlar zaman-zaman o rəzilliklərin içində əriyib gedib, sonradan isə onun bir parçasına çevriliblər. Eynən Cavanşir Feyziyev kimi…

Cavanşir Feyziyev elə bir zavallıdır ki, o ancaq mətbuat haqqında belə ifadələr işlədə bilər. Duxu var, polis haqqında bir kəlmə desin. Həmən ona deputat həmkarı Səlimov kimi “həyatı başa salarlar”. Hünəri var, xalqın və sahibkarların başına min-bir oyun açan DGK haqqında bir söz söyləsin. Anındaca Nehrəmin qoçu gömrükçüləri Cavanşir Feyziyevin krantını bağlayarlar. O da 5 gündə olar sıradan bir nuxalı. Hələ vergi xidmətini, digər güc strukturlarını demirəm. Və yaxud Səhiyyə Nazirliyi haqqında güldən ağır söz demək heç Feyziyevin yatanda yuxusundan belə keçməz. Çünki belə bir yanlışlığa yol versə, Cavanşir Feyziyev aşağı keyfiyyətli dərmanları qaranlıq yollarla Azərbaycana gətirə bilməz.

Bu yerdə qeyd edim ki, dünyada iki ən gəlirli sahə var. Bunlardan biri qadın alveridirsə, digəri narkotika və dərman biznesidir. Və nə yazıq ki, bu gün Azərbaycanda dərman biznesinin başında duranlardan biri də Cavanşir Feyziyevdir. Burda bir məqamı da xatırladım. Bir dəfə Almaniyalı iş adamı ilə söhbət edirdim. O mənə qandonduran bir fakt söylədi. Dedi ki, azərbaycanlı iş adamları Almaniyaya gələrək burda dərman istehsal edən müəssisələrin sahibləri ilə çirkin iş birliyi qururlar. Məsələn, azərbaycanlıların təklifləri ən çox bu olur ki, “nə edirsinizsə edin, qiymət aşağı olsun”. Bu məqsədlə bəzən hazırlanan dərmanlara lazımı səviyyədə inqiridientlər və kompenentlərin vurulmaması belə təklif olunur. Bu hesaba da dərmanların qiymətini aşağı salırlar. Nəhayətdə isə ölkəmizə gətirilən dərmanların heç bir şəfaverici təsiri olmur. Və nəticədə kasıblar şəfa dalınca İrana, ortabablar Rusiya və Türkiyəyə, varlılar isə Qərbə üz tutur. Bütün bu Allahsız əməllərdən sonra isə Cavanşir Feyziyev özünü ləyaqətli vətəndaş və vicdanlı biznesmen adlandırır.

Yenə deyirəm, Cavanşir Feyziyev kimiləri ancaq mətbuatın üstünə gələ bilər. Çünki mətbuatımız Əli Həsənov-Ramiz Mehdiyev tandeminin mənfur fəaliyyəti sayəsində öz şərəfli taxtından salındı. İndi mətbuatımız nəinki dördüncü hakimiyyət, heç arabanın beşinci təkəri də deyil. Bu gün mətbuatımız dəryada sal ağacı sındırılmış bir gəmidir. Və bu gəmini hər an dalğalar sərt qayalıqlara çırpa bilər.

Və əfsuslar olsun ki, həmin dalğaları yaradan da Cavanşir Feyziyev kimi milyarderlərdir.

Ən qəribəsi odur ki, bu gün medianın üzünə tüpürən Feyziyev Mətbuat şurasının üzvüdür. Normalda bu tip çıxışdan sonra Feyziyev həmən Şuradan qovulmalı idi. Ən azı Milli Məclis səviyyəsində tənbeh olmalıydı. Amma təcrübə göstərir ki, bunların heç biri olmayacaq. Ona görə də mətbuata “dördüncü hakimiyyət”ə hələ çox təpiklər dəyəcək.

Ta o vaxtadək ki, Cavanşir Feyziyev kimilər mətbuat tərəfindən olduğu kimi xalqa təqdim olunacaq. “Avromed”in və Cavanşir Feyziyevin digər qaranlıq biznes fəaliyyətinə obyektiv işıq salınacaq. Bax, onda feyziyevlər öz yerlərini və dedikləri sözün məsuliyyətini dərk edəcək.

12 ildir deputat mandatı hesabına kapitalını ilbəil artıran Feyziyev heç öz statusunu belə bilmir. O elə bilir ki, onun deputat kimi vəzifəsi xarici ölkələri gəzmək və sonra da 200 dollar verib televiziyalarda istənilən məsələyə politoloji yanaşma etməkdir. Ona görə də Feyziyevə xatırladıram ki, deputatın əsas vəzifəsi qanunvericilik təşəbbüsü ilə çıxış etməkdir. Gəlin bir anlığa yada salaq. Son 12 ildə Cavanşir bəy hansı qanunvericilik təşəbbüsü ilə çıxış edib. Qətiyyətlə deyə bilərəm ki, heç bir təşəbbüs olmayıb. Heç xalqın “ürəyindən tikan çıxaran” çıxışı belə olmayıb. Və bütün bunları bilən mətbuatımız heç zaman Feyziyevin yaxasından yapışıb soruşmayıb ki, “niyə yatırsan, niyə işləmirsən?

Sonda onu demək istəyirəm ki, Feyziyevin müraciəti bir çox məqamları ilə hüquqi məsuliyyət yaradır. O öz “bəyanatında” konkret adamları hətta Vətən xaini kimi “xarakterizə” edib. Hansı ki, adları çəkilən həmkarlarımızın bir çoxunun mətbuatımızda xüsusi yeri var. Ən azı o kəslər 44 günlük müharibədə müsəlləh əsgər oldular, Ali Baş Komandana sədaqət andı içdilər. Halbuki 44 günlük müharibədə Cavanşir Feyziyev şıdırğı dərman alveri edirdi. Ona görə deyirlər ki, “oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”…

Surxay Atakişiyev,



Xəbəri paylaş

1255 dəfə oxunub.

Digər xəbərlər