Saytımızı qiymətləndirin


 
 

Gənclərin gənc biznesi: startaplar sərmayə gözləyir
Tarix: 23-03-2021 | Saat: 19:24
Bölmə:Karusel / Multimedia | çapa göndər

 

Gənclərin gənc biznesi: startaplar sərmayə gözləyir

İqtisadiyyatda son illər ortaya çıxmış startap layihələri Azərbaycanda dövlətdən dəstəklənmələrinə baxmayaraq uzun müddətdir ciddi münasibət görmürdü. Əslində startapların davamlı bir işə başlanğıc olmalarına misallar da hələ də azdır. Amma xarici ölkələrdə startaplar özünü bütövlükdə doğrultduğu üçün Azərbaycan hökuməti də yenilikçi təşəbbüslərin ölkə iqtisadiyyatına daha çox töhfə verməsi üçün onlara dəstəyini artırmaq qərarına gəldi.

Startaplara ögey münasibət

Hərfi mənası “başlamaq” olan startap (start up) sözü bir neçə mənada işlədilir. Onlardan daha çox rast gələni hər hansı işgüzar fəaliyyətin başlanğıcıdır. Bu, adi dükan açmaq da ola bilər. Daha dar mənada isə startap İKT sahəsində yeni, yəni iki yaşa qədər işgüzar təşəbbüsdür. Ölkəmizdə elə bu sonuncu variant qəbul olunub.

Ekspertlərin qənaətincə, startaplar yenilikçiliyin, kreativ təşəbbüslərin ön plana çıxacağı gələcək iqtisadiyyatının əsasını təşkil edəcək. Kiçik və orta sahibkarlığın əvvəlki layihələrindən startapların başlıca fərqi də iddialı olmaları, bazarda yeni guşələrin, texnologiya, məhsul və xidmət növlərinin tətbiqinə yönəlmələridir.

“Global Startup Ecosystem 2020” hesabatına görə, dünyada startapların başlıca məkanı məşhur Silikon Vadisidir. Sonrakı yerləri ardıcıl olaraq Nyu York, London, Pekin, Boston tutur. Startapların dünya boyu məcmu dəyəri 2016-cı ildən bu yana davamlı artaraq pandemiyanın başlaması ərəfəsində 3 trilyon ABŞ dolları təşkil etdi. Lakin karantinin ilk dövründə startap bazarında xeyli ziyan yetirdi, çünki bir çox potensial sərmayədarlar yeni layihələrə ehtiyatlı yanaşmağa başladı.

Adıçəkilən hesabata əsasən hazırda startaplar yardıma möhtacdır, siyasi dəstək göstərilməsə iqtisadi fəsadlar çox ağır ola bilər. Bir çox hökumətlərin pandemiya dövründə müəssisələrə kömək olduğu, startapların isə diqqətdən kənarda qaldığı qeyd olunur: “Dövlətin startaplara dəstək və yardım proqramları adətən vəsait ayırmağla bağlı sərt şərtləri irəli sürür, yaxşı mənfəət gətirən, əmlak ehtiyatına malik şirkətlərə üstünlük verir. Nəticədə bir çox startaplar kənarda qalır”.

Halbuki məhz bu cür tutumlu, yeniliyə yönələn layihələr böhran dövrünün çətinliklərinə daha çevik cavab verərək bazarda əmələ gələn boşluqları doldurmaq iqtidarındadır.

Dövlətin dəstəyi

Azərbaycanda startaplar sektoru daha çox dövlətin dəstəyi sayəsində artır. Təəssüf ki, ölkədəki sərmayədarlar bu cür layihələrə elə də maraq göstərmir. Həmçinin xaricdə yenilikçi layihələrə maliyyə dəstəyi sahəsində başlıca yeri olan təşəbbüs fondları (venture fund) bizdə lazımınca inkişaf etməyib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “startaplarla bağlı bizim siyasətimiz əlbəttə ki, müsbətdir. Ancaq bu istedadlı gənclərlə görüşlər əsnasında aydın oldu ki, onların bir çoxları xaricdə fəaliyyət göstərirlər və Azərbaycana gəlirlər, gedirlər. Biz elə bir şərait yaratmalıyıq ki, istedadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər, öz biliklərini burada tam realizə edə bilsinlər və ölkə iqtisadiyyatına, ölkəmizin güclənməsinə xidmət etsinlər”.

Həmçinin “Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” ölkə prezidentinin fərmanı çərçivəsində də müasir şərtlərə uyğun gələn yenilikçi təşəbbüslərlə bağlı strategiya hazırlanır. Ümumiyyətlə son addımlara nəzər yetirsək, hökumət startap sektorunun inkişafı ilə artıq ciddi məşğul olmağa başlayıb. Belə ki, bu günlərdə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”-dəki hesabından bildirib ki, startap sertifikarı əldə etmiş kiçik və orta sahibkarlıq subyektləri innovatif fəaliyyətləri ilə bağlı mənfəət vergisi və gəlir vergisi ödəməyəcəklər. Bu, yenilikçi təşəbbüslər üçün xeyli səmərəli stimuldur.

Maliyyə imkanları

Qeyd olunduğu kimi, dövlətdən dəstək alan startaplar İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Gənclər Fondu, Sahibkarlığın İnkişafı Fondu kimi müxtəlif rəsmi qurumlar yanında fəaliyyət göstərən fondlardan maliyyə əldə edir. Həmçinin bir sıra dövlət qurumları gənclərin işgüzar sahədəki yaradıcılıq fikirlərinə rəvac vermək məqsədilə vaxtaşırı olaraq qrant müsabiqələri elan edirlər. Pandemiya dövründə də mövcud şəraitə daha çox uyğun gələn layihələrə yönələn bu cür təşəbbüslər olub. Məsələn, Gənclər Fondu tərəfindən sosial şəbəkələrdə multimedia məhsulları və layihələr yaradılmasına dair təşəbbüsləri dəstəkləyən “Evdə qal, ideyanı reasllaşdır” adlı müsabiqə elan edib. Həmçinin Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyi də BMT İnkişaf Proqramı ilə birgə yaratdığı evdeqal.az saytında həm də pandemiya dövründəki çətinliklərlə bağlı müxtəlif xidmətlər yerləşdirilir.

Bütövlükdə hazırkı şəraitdə ölkəmizdəki startap layihələri daha çox təhsil (onlayn məşğələlər), onlayn ticarət və sosial şəbəkələrlə bağlıdır. Elə bir böyük maliyyə tələb olunmayan bu cür layihələrin uğur qazanması daha çox komandanın düzgün seçilməsindən asılıdır.

NRYTN nəzdindəki innovasiya agentliyi də xarici bazarların iri oyunçularını Azərbaycanın startap sektoruna cəlb etmək üçün səylər göstərir. Fondun iştirakı ilə ölkədə 5 milyon dollar həcmində ilk müştərək təşəbbüs fondu da yaradılıb. Həmçinin ötən ilin sonunda agentliklə ABŞ-ın “500 Startups” təşəbbüskarlıq və böyüdücü şirkəti arasında imzalanmış sahibkarlığın inkişafına dair anlaşma memorandumu və birgə fəaliyyət müqaviləsi çərçivəsində şirkət Azərbaycanın startap sektorunun inkişafına yönələn xidmətlər göstərəcək, agentliklə birgə təkanverici və sərmayə proqramlar həyata keçirəcək.

Bununla yanaşı, İqtisadi İslahatların Təhlili və Komunikasiyalar Mərkəzi tərəfindən sərmayə layihələri, startaplar və s. ilə bağlı məlumat mənbəyi kimi yaradılmış enterpriseazerbaijan.com saytı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi də müstəqil məşğulluq proqramı çərçivəsində startaplara dəstək üçün və sair ayırıb. Bu barədə İİTKM icraçı direktoru Vüsal Qasımlı bu günlərdə bildirib.

Eyni zamanda, enterpriseazerbaijan.com saytı ABB ilə birgə startapların xarici bazarlara çıxmasını asanlaşdırmaq üçün birgə layihə həyata keçirir. Saytın meneceri Pərvin Məmmədzadə bildirib ki, yaxın vaxtlarda layihələrə maliyyə ayrılması məsələsilə bağlı potensial sərmayədarların ölkə startapçıları ilə Azərbaycan Banklar Assosiasiyasının iştirakı ilə görüşünü keçirmək nəzərdə tutulur.

Startapların daha bir problemi olan dayanıqlı ola və genişlənə bilmələri məsələsi zamanın tələbatlarını tutaraq bazarın uzunmüddətli ehtiyaclarına yönələn layihələr irəli sürə bilmələrindən asılıdır. Bu mənada işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirməyə başlanan geniş quruculuq proqramı mühüm təkan ola bilər. Həmin torpaqlarda yaradılması nəzərdə tutulan “ağıllı” yaşayış məntəqələri yaradıcı, yenilikçi təşəbbüslərə intəhasız üfüqlər aça bilər. Odur ki, startaplar yeni fikirlərin, təşəbbüslərin bumuna müvafiq şəkildə zehni hazırlıq görməyin vaxtı gəlib. (Report)

Qulu Nuruyev - ekspert



Xəbəri paylaş

1339 dəfə oxunub.

Digər xəbərlər