Saytımızı qiymətləndirin


 
 

" Maşına oturanda qaynanama yalnız bir cümlə dedim!-: “Mən şəhid olsam, Kamrandan (oğlu), muğayat olun!"
Tarix: 30-09-2022 | Saat: 12:55
Bölmə:Yazar | çapa göndər

 No description available. 

Müharibə mələkləri
Müharibə adını eşidəndə elə insan tapılmaz ki, tükləri biz-biz olmasın! İnsan olan kəsin saçının tükü qabarır, əti ürpəşir.Dünyanın ən acı, ən faciəli hadisələri gəlir gözümüzün qarşısına. Dağıntı, fəlakət, işgəncə, ağrı-acılar, dayanmadan axan sel kimi göz yaşları, od, alov saçan silahlar, mərmilər, toplar, vahimə yaradaraq torpağın bağrını dələn tanklar, səmanı lərzəyə gətirən qırıcılar...insan itkiləri, parça-parça olmuş talelər, başsız qalan ailələr, atasız, anasız qalan uşaqlar, yarıcan olmuş yaralılar ...Sonu görünməyən iztirablar. Bütün bu qorxunc vəzyyətdə müharibənin içində əzabları, ağrı-acıları azaltmağa çalışan, qan-qadanı kəsməyə çalışan valıqlar çirkin mühiti dəyişir, yumşaldır, həlimləşdirir, bəlkə də gözəlləşdirir desək, yanılmarıq. Özləri mərhəmət, şəfqət saçan varlıqlar bu mühitə məlhəm olurlar. Kimdirlər, nəçidirlər bunlar? Sualın üzərində çox düşünmədən cavabı yubatmayaq. Siz də bildiniz! Bunlar tibb bacılardı-müharibə mələkləridirlər! Niyə mələklər? Çünki yaralıların qayğısına qalıb, ağrıları azltmağa, həbləriylə bərabər onlara məlhəm olmağa, yaralarını sarıyır, ana, bacı, yaxın olmağa çalışırlar, can qoyurlar.
“Aslanın erkəyi, dişisi olmaz!” Əgər sən döyüş meydanındasansa, ön cəbhədəsənsə, demək, heç bir kəsdən fərqlənməməlisən! Yerişin, duruşun, cəsarətin, iradən də igidcəsinə, kişi kimi olmalıdı.
Mənim həmsöhbətim cəsarəti qarşısında baş əyiləcək bir qəhrəmandır! Heç bir tərifə, mübaliğəyə, pafosa gərəyi olmayan qəhrəmalardan biri!
Babayeva Gülşad Müdafiə Nazirliyi Silahlı Qüvvələrinin anestezi-reanimasiya tibb bacısıdır. Çox məsuliyyətli, çətin, ciddi, şərəfli, gözəl bir peşənin sahibidir.
Atasının gözündə problem olduğu üçün balaca vaxtından tibb işçisi olmağı qarşısına məqsəd qoyur. Böyüyəndə atasına öz əlləri ilə şəfa verəcəyinə söz verir. Verdiyi sözə də əməl edib, arzusuna çatır. Tibb bacısı- sevdiyi bir peşənin sahibi olur.
Bu peşənin yolunda bir əsgər kimi mətincəsinə addımlamağa başlayır. Öz üzərində işləmək ilk vaxtlar çətin olsa da öhdəsindən gəlir. Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin anestezi-reanimasiya tibb bacısı kimi təkmilləşmə kurslarını keçir, dəfələrlə imtahan verir. Adından göründüyü kimi olduqca çətin bir yola qədəm qoyur. Bir müddət sevdiyi peşəsindən ayrılaraq ondan uzaq düşməsi belə inadına mane olmur. Əksinə, indi daha inamla addımlarını atır. Axı o, bir anadır! Böyütdüyü tək oğul övladı var!
Suallar o qədər çoxdur ki, hardan başlayacağımı bilmirəm. Amma ilk sual bu oldu:
—Necə oldu ki, cəbhəyə getdiniz?
Mən tibb sahəsini seçəndə mənə ailəm hərbi tibb bacısı olmağımı tövsiyə etdilər. “Bu istiqamət daha yaxşıdır!” dedilər. Xüsusən də atam, anam! Belə çətin olduğunu bilmirdim! Mən bu yolu seçəndə sakitlik idi. Heç bir müharibə yox idi. Mən, müharibə başlayandan bir neçə gün sonra cəbhəyə yollandım, evdə, ailədə hamıya fikrimi bildirmişdim, onları buna hazırlamışdım. Təbii, nə vaxt gedəcəyim bəlli deyildi. Əlbəttə, atamla anam razı deyildilər. “Sən qadın xeylağısan! Sənə çətin olacaq kişilərin içində. Həm də qorxulu, təhlükəlidr. Necə gedəcəksən? Nə edəcəksən orda?” dedilər. Məni hərb yoluna istiqamətləndirənlər indi mənə “çətin olacaq deyirdilər”. Mən qərarımı vermişdim. Mənə elə bir güclü istək gəldi ki, mən özümü yalnlz orda-ön cəbhədə görürdüm. Bəzi qadınlar çox incə olurlar. Bəziləri isə incə görünsələr də daxillərində bir mətinlik olur, duruşlarında bir kişi duruşu olur. Mənim qardaşım yoxdur. Atama həmişə oğulu əvəz etməyə çalışmışam. İndi məqamı çatmışdı. Ona görə də fikirləşdim ki, niyə də getməyim?
Həmin gün artıq ön cəbhəyə ezam olunduğumu bilirdim. Heç kimə-anama, bacıma, atama belə heç nə demədən maşına minib getdim. Vəziyyətin necə ağır olduğunu hamı bilirdi. Maşına oturanda qaynanama yalnız bir cümlə dedim!-: “Mən şəhid olsam, Kamrandan (oğlu), muğayat olun!
—Cəbhədə ilk gününüzü necə xatırlayırsınız?
—Müdafiə Nazirliyindən gələn siyahıda mənim də adım vardı. Məni Ağdamın Sarcalı hospitalına ezam etdlər. Təcili Tibbi Yardım maşını ilə Sarcalıya getdikcə səslər yaxınlaşırdı. Yollar çox bərbad idi. Eyni zamanda maşında yaralılar da vardı. Buradakı yaralıları Sarcalı hospitalına qaytarırdıq. Yol boyu mərmilərin partlayışları yeri titrədirdi. Maşın silkələnir və silkələndikcə vəziyyətin nə qədər ciddi olduğu artlq məlum olurdu. İlk vaxtlar özümü itirmişdim. Əlacsız, carəsiz qalmışdım. Biz gedənədək Sarcalını vurmuşdular. Hospitalı vurmaq istəyəndə mərmi çox yaxınına düşmüşdü. Şüşələr çilik-çilik olmuşdu. Biz ədyalla pəncərələri tutmuşduq. Gecələr işıqları yandırmırdıq. Mən tək deyildim. Dörd qızla bizim şöbədən anestez və Cərrahiyə şöbəsindən də bir neçə qızla birgə yollanırdıq. Bəzən dayanmadan davam edən döyüşlərdə əməliyyat olmazdısa zirzəmidə oturmağa məcbur olurduq. Soyuq, nəmişlik, kif iyi, qaranlıq, siçovullar. Sonralar isə artıq buna öyrəşdik. Bombaların səsinə, yerin titrəyişinə, güllələrin, qəlpələrin yağış kimi yağmasına. Sonralar israr edirdik, düşmürdük. “Nə olacaqsa olsun!” deyirdik. Həm də əməliyyat blokunda oksigen balonları vardı. Bomba düşsəydi, onsuz da partlayışdan hamı öləcəkdi. Geri dönüş yox idi. Bunu dərk və qəbul edirdik.
—Müharibənin tam mərkəzində dəfələrlə olan bir insan kimi sizə müharibə uzaqan və yaxından necə görünür?
—Müharibə uzaqdan nə qədər acınacaqlı, fəlakətli, dəhşətli görünürsə, yaxından qat-qat daha fəlakətli və dəhşətlidir. Hər an nə qədər yaralı, qan görürsən! Əzablar, iztirablar, ağrılar, iniltilər, bədən əzalarını itirmiş gənclər, oğullar görürsən. Onlarln can verməsinin şahidi olub, gözlərini bağlayırsan. Mərmilər, bombalar, güllə yağışı, partlayışlar. Bu qədər dəhşətləri gözünlə görüb, yaşayırsan. Hər şeyə rəğmən işini görməlisən. İnsanların həyatını qurtarmalısan. Bütün bunlar sözlə ifadə olunmazdır.
—Uşaq vaxtı müharibə haqda eşidəndə, oxuyanda, filmlərə baxanda fikirləşərdinizmi ki, nə vaxtsa müharibənin iştirakçısı olacaqsınız? Hərbçi olacaqsınız?
— Uşaq yaşlarımda 1990-cı ildə Bakıda 20 yanvar faciəsi baş verəndə mən də şahid olmuşam. Çox qorxmuşdum, mənə pis təsir eləmişdi. Stres keçirdib, depresiyaya düşmüşdüm. Sabahı gün çörək növbəsinə gedəndə küçədə boş patronları da gözlərimlə görmüşdüm. Divarlar dəlik-deşik idi.
Balaca olanda hərbçilərdən və polislərdən, onların geyimlərindən, zəhmlərindən qorxurdum. Ağlıma da gəlməzdi ki, özüm hərb yolunu seçib, hərbçi olacağam. Müharibəni öz gözümlə görüb, yaxından iştirak edəcəyəm.
—Çətinliklərdən necə çıxış yolu tapırdınız?
—Çıxış yolu ancaq vəziyyəti olduğu kimi dərk etməyimiz olurdu. Çarəsiz qalan vaxtlarımız da çox olurdu. Sonra qəbul etdik ki, hər an hər şey ola bilər. Şəhid ola bilərik. Şəhidliyə bir addım var! Şəhidlik isə ən ali zirvədi! Əgər hərb yolunu seçmisənsə, hazır olmalısan!
Bilirsiniz, bu hiss də birdən-birə gəlmir. Biz xüsusi təkmilləşdirmə kurslarında dərs keçən zaman təzə qızlar gəlmişdilər. General:—“ Sizin bu gündən sonra ailəniz, övladınız, hətta öz canınız, həyatınız belə Vətəndir, Hərbdir! Vətən ən birincidir! İlkdir! “ dedi. Təzə gələn qızlar deyirdilər, “Axı, necə? Mən iki aydır, üç aydır uşağımı görmürəm! Hər şeydən əvvəl mənim ailəm, övladımdır! Birinci ailəm, atam, anamdır!” Mən də yanımda oturan qıza eyni sözü dedim. Mən bütün həyatımı övladımı böyütməyə, onun tərbiyəsinə, təhsilinə verib, onun üçün yaşayıram.
Vaxt keçdikcə həqiqətən də “Hər şeydən öncə Vətəndir!” deyirsən. Bu yolda olduğundan qürur duyub, fəxr edirsən! İndi mənim ailəm də, balam da, ata-anam da Vətəndir! Hərb, vətən sevgisi səni elə nöqtəyə gətirib çıxardır ki, həqiqətən də sənin ailən məhz vətən, hərb olur. Onu demədən, dilə gətirmədən dərk eləyirsən, yaşayırsan. Müharibənin dəhşətləri qadınları dəyişir. Daha o zəriflikdən əsər-əlamət qalmır. Bərkiyirsən! Mənim oğlum əlini kəsəndə mən ona:—“Oğlum, plastrı götür, yaranı bağla”- deyirəm. Uşaq mənə qəribə baxır. “Ay ana, heç demirsən, əlini niyə kəsmisən? Ağrıyırmı? Axı sən anasan!” Deyirəm ki, oğlum, bilsən, mən necə oğullar itirmiş analar görmüşəm? Bəs, onlar necə eləsin? Sənin yaran da sağalacaq.
Gülşad xanım, qorxu hissi vardımı? Vardısa, necə dəf edirdiniz?
—Qorxu hissi əlbəttə var. Hər bir normal insanda var bu hiss. İnsan var, onu dilə gətirir, insan da var dilə gətirmir. Deyir, ki, mən qorxmuram, mən çox güclüyəm. Mən heç vaxt dilə gətirməmişəm qorxunu. Hər güclü görünən insanın daxili zəif, gücsüz olur. Onlar məcburdular ki, güclü aparsınlar özlərini, güclü görünsünlər. Onun yaxınları, əzizləri var. Onların adı var. Həyatda bir duruşun var, kənardan ona baxan var! Ayaq üstə dayanmaq, möhkəm olmaq lazımdır.
Sentyabrın 12-dən 13- nə keçən gecə də qorxu hissi oldu. Mən yeni qayıtmışam ezamiyyətdən. Öz həyatın üçün deyil, oğulları itirmək qorxusu ürəyində baş qaldırır. Hər dəfə ezam olanda qarşı-qarşıya gəlirsən, təkrarlanır qorxu hissi. Mən, heç vaxt biruzə verməmişəm qorxunu.
Qorxunu qorxuya qalib gələrək dəf etmişəm. Əgər mən bu yolu qəbul etmişəmsə, odan o yana heç nə yoxdur. Hər dəfə döyüş bölgəsinə ezam olunanda saniyəbəsaniyə, addımbaaddım ölümə yaxınlaşırsan. İndi sizə hər şeyi danışdıqca, yenidən xatırladıqca düşünürəm, bəlkə bu bir işarədir. Sabah mən yenə ön cəbhəyə gedə bilərəm. Bəlkə də şəhid olacağam. Onda bu söylədiklərim qalacaq!
—Müharibənin hər anı, hər saniyəsi, hər günü ağırdır. Amma ən ağır, ən təsirli hansı hadisə var ki, heç zaman unudub, xatirinizdən silinə bilməyərək ömürlük yaddaşınıza həkk olunub?
—Belə hadisələr çoxdur. Danışmaqla bitməz! 44 günlük müharibədə mən həm ön cəbhədə həm də arxa cəbhədə hospitalda işləmişəm. Hospitalda işləyəndə yaralılarımızın valideyinləri saatlarla, günlərlə gəlib otururdular həyətdə. Adamın ürəyi parçalanırdı.Başlarında qara kəlağayı, qapqara paltar. Hər dəqiqə bizdən onlar haqda xəbər gözləyirdilər. Bizim hamımızı üzdən tanıyırdılar. Hətta reanimasiyada işlədiyimizi də bilirdilər. Növbəmizi belə dəyişməyimizə qədər. Bizdən oğullarını soruşan analara deyə bilmirdik ki, oğlun şəhid oldu, gözlərini əbədi yumdu. Və...və mən öz əllərimlə onun gözlərini bağladım.
Bir dəfə bizə tankda yanaraq həlak olmuş şəhidlərimizi gətirmişdilər. Üzləri görünmür, bir əlamət, nişanə belə yox idi ki, tanınsınlar. Bir ana oğlundan xəbər bilmək üçün hər gün gəlirdi. Onu oğlunu tanımaq üçün çağırdılar. Gəldi. Amma “Mənim oğlum deyil!” - dedi. Çox cüssəli, boy-buxunlu, cəngavər kimi olduğu bəlli idi. Ananı bir də çağırdılar. Gəldi. “Ayağında xalı var”, dedi. Baxdılar, heç bir əlamət yox idi. “Kürəyində ləkə xalı var”, dedi. Yenə mümkün olmadı. Yanıqdan heç bir əlamət qalmamışdı. Hətta geyimin üstündəki xüsusi kod da yanmışdı. Ana bəlkə qoxusundan tanıyar balasını deyə yaxınlaşdı. Tanınmaz halda idi. Ana huşunu itirdi. Ürəyi gedib yerə yıxıldı. Bütün şöbə ağlayırdı. Təsəvvür edin, biz nə vəziyyətdə idik! Onda mən müharibəyə, bizə bunları edənlərə, səbəbkarlara qarğış yağdırıb, lənət oxuyurdum. Ana öz balasını tanıya, iyini ala bilmirdi. Bu faciəni, dəhşəti necə unutmaq olar?
—Ən böyük arzunz nədir?
—Ən böyük arzum odur ki, övladım sağlam böyüsün! Ona elə bir ana olmaq istəyirəm ki, hara getsə anasıyla fəxr eləsin! Çox kişinin etmədiyini anası etdiyini bilsin! Mənim qardaşım yoxdur. Evin böyük qızıyam. Ata-anama həmişə oğulu əvəz etməyə çalışmışam ki, onlar oğulları olmadğını heç vaxt özlərinə dərd etməsinlər. Ona görə istəyirəm ki, atam, anam mənimlə fəxr eləsinlər! Bu həmişə belə olub. Bundan sonra da elə olmağını istəyirəm.
Mən istəyirəm ki, seçdiyim peşədə alnım açıq olsun! Daha da irəli gedim. Getdiyim yerlərdə yaxşı ad qazanım. Mən necəyəmsə, məni elə də qəbul etsinlər. Xanımlığıma, duruşuma görə mənə hörmət etsinlər. Qorxaq deyil, mərd kimi qiymət versinlər. Mənə süni şəkildə “Gülşad xanım” deyə müraciət etməsinlər! Gülşad xanımın öz duruşu, öz mövqeyi, öz şəxsiyyəti varsa, ona görə qiymət versinlər. Bu nöqtəyə köklənmişəm, bu mövqedə, bu amalda olmuşam.
Müharibə bitsin! Heç vaxt müharibə olmasın! Hərə öz işində işləsin! Övladının, ailəsin yanında olsun! Onlardan aylarla uzaq düşməsin! Darıxmasın! Mənim də oğlum var!
—Darıxırsınız? Darıxanda nə edirsiniz?
—Əlbəttə, çox darıxıram. Cəbhədə sakitlik pozulanda daha çox darıxıram. Kaş müharibə olmasın! Axı mən də oğul anasıyam. Anaların oğulları cəbhədə, hərbi xidmətdədirlər. Gözləri yollardadır. Heç bir ana oğulsuz qalmasın! (hönkürüb ağlayır).
Yenidən söhbətə davam edir, səsi titrətir.
—Kövrəlirəm, çünki mən daha çox oğlum üçün darıxıram. Atam, anam, bacım, ailəm üçün darıxıram. Necə darıxmaya bilərsən? Kövrəldiyim üçün üzr istəyirəm! Sualları eşitdikcə yenidən hadisələrin içinə girirəm. Elə an olur ki, kövrəlməmək olmur. Mən ezamiyyətdən təzə gəlmişəm. Hələ mənim yaşadığım hislər, sonuncu hadisələr – 12-13 sentyabr unudulmayıb. Yenə yaralılarımız, şəhidlərimiz var. Hər an beynimdədir. Yaralılar, xəstələr, onların vəziyyəti, onlara necə kömək etməyə çalışmağımız. Bəzən iş çox olanda isə darıxmağa vaxt olmur. Qarşımıza elə xəstə çıxır, ona təcili tibbi yardım etməlisən ki, an belə itkiyə getməsin, onun anası gözü yaşlı qalmasın. Həmişə xəstə, yaralı gələndə fikirləşirsən, elə vaxt olar mənim oğlum da bu vəziyyətə düşə bilər. O valideyinlərin yerinə özümü qoyuram. Həm öz işimi görürəm həm də o an xəstəyə, yaralıya həm yardım edirəm, həm də öz anesteziliyimlə, vəzifəmlə bərabər onlara ana olmağa çalışıram. Bir insan kimi yanaşıram. Axı, əməliyyat otağına heç vaxt ana və ya atanı sala bilməzsən. Amma onları əvəz etməyə çalışarsan. Mən hər bir xəstəmə “qardaşım”, “balam” deyə müraciət eləyirəm. “Qurbanın olum”, “qadanı alım”, “başına dönüm” deyirəm. Hər birinə eyni münasibət bəsləyirəm. İnsan xəsrə olanda kimi görürsə, onda çarə axtarır. Bizim neçə övladımız olsa, hər birinə eyni baxırıq, fərq qoymuruq, eyni cür sevirik. Yaralılarımıza da eyni ilə.
Darıxanda da təsəllim o olur ki, mənim arxa cəbhədə ailəm mənimlə fəxr edir. Mənə nəsə olarsa, ya şəhid olaramsa mənimlə qürur duyacaqlar. Mən buna əminəm!
Bu, bir şəfqət bacısının gördüklərinin balaca hissəsidir. Yaşadıqlarının, gördüklərinin bir fraqmentidir. Bir insan beyninin, təfəkkürünün qavrayıb qəbul edəcəyinin bir zərrəsidir. Düşünün, danışıb ifadə edə bilmədiyi nələr var?
Biz, bizim borclu olduğumuz pərdə arxasında qalan insanları bəzən nəzərdən qaçırırıq. Hansı ki, onların əməyi o qədərdi ki, saya-hesaba gəlməz. Həkimlərimizlə çiyin-çiyinə işləyən, onların sağ əli olan müharibə mələklərinin Zəfər tariximizdən qoy izləri heç vaxt silinməsin! O izlər ki, həm Qarabağ torpaqlarına, həm də yaralılarımıza həqiqi məlhəm olublar. Nur üzlü şəhidlərimizin çoxlarının sonuncu dəfə başları üstündə gördükləri mələk simalı bu üzlər olublar. Daxilən, zahirən möhkəm əqidəyə, iradəyə sahib hərb və tibb amalını özlərində zireh ediblər. Yazılan Yeni Tarixin Zəfər mələklərinə çevriliblər. Mələk kimi şəhid Ahəstə olublar. Dünyamız müharibəsiz, qan-qadasız, şəhidsiz olsun! Oğullarımız yaşasın, min budaq olsun! Düşmənə göz dağı olsun! Şəfqətli, şəfalı əlləriniz var olsun! Vəzifəniz, etdikləriniz qarşısında baş əyirik!

No description available.No description available.No description available.No description available.



Xəbəri paylaş

1650 dəfə oxunub.

Digər xəbərlər
20-01-2022, 11:59 Sabah qar yağacaq