Saytımızı qiymətləndirin


 
 

Şəhid Fazil Mehdiyev - Rəna İbrahimova yazır
Tarix: 24-09-2022 | Saat: 10:36
Bölmə:Yazar / Cəmiyyət / Karusel | çapa göndər

Fazil Mehdiyev » www.vetendas.az

Yollar bizi bəzən bizdən alır, bəzən tale yazımız olur, bəzən də o tale yazısını dəyişib bizi öz ardınca aparır. Mənim qəhrəmanım kimi.

  Mehdiyev Fazil Umud oğlu 20 avqust 1966-cı ildə Laçın rayonunun Ələkçi kəndində doğulur. Dağların qoynunda, dünyanın cənnətə bənzər bir yerində. Lakin o körpə ikən ailəsi Ağdam rayonunun Abdal-Gülablı kəndinə köçür. Yolu, məkanı, taleyi də onunla  dəyişir. Orta məktəbi də elə orada bitirir. 1984-1986-cı illərdə hərbi xidmətə yollanır. Elindən, obasından, doğmalarından ayırıb tale onu başqa bir səmtə aparır. Evindən iki il ayrı düşür. Bu həsrətin də sonu gəlir. O, gəncdir! Həyatı qarşıdadır!

  Fazil Mehdiyevin gənclik illəri Azərbaycanın ən çətin, keşməkeşli, mürəkkəb dövrünə düşür. Milli oyanış, sovet rejiminin süqutu, torpaqlarımıza qarşı iddialar, meydan hərəkatları, 20 yanvar faciəsi. Bütün bunlar bir gəncin heysiyyatı, qanıyla oynamaya, bilməzdi.

  Fazil Mehdiyev Ağdam rayonunda yaradılmış Daxili İşlər Şöbəsinin polis batalyonuna yazılır. Ailəsi bu barədə heç nə bilmir. O, özü çox qorxmaz, riskli insan olduğundan ən riskli döyüşlərə gedərək, ən çətin tapşırıqların öhdəsindən gəlirdi. Öz mərdlikləri, cəsurluqları ilə bir döyüşçü olaraq hamının diqqətini özünə cəlb edirdi. Döyüşlərdən birində  yaralansa da yaxınlarınadan, doğmalarından bunu məharətlə gizlədir! Qardaşı pəncərənin qabağında yod və pambığı görən anda başa düşür, amma Fazil valideyinlərinə heç bir söz deməməsinə qardaşını inandıra bilir. Əgər onlar bilsəydilər, ona yenidən cəbhəyə gedəcəynə icazə verməyəcək, onu yolundan, amalından dönməyə məcbur edəcəkdilər. Fazil isə geri dönən deyildi. Darda qalan dostları, silahdaşları vardı.

  Fazil döyüşlərə gedərkən cibində özü üçün patron saxlayırdı. Onu hər zaman döyüş paltarının qolunun üstündəki cibinə qoyurdu. “Bu, mənim özümündür!” deyirdi. Qarışıq düşməməsi üçün qırmızı rəngli qələmlə nişanələmişdi.

  Ağdamın Abdal-Gülablı kəndi ermənilərin göz dağı idi. Olduqca strateji əhəmiyətə malik idi.

Çünki yüksəklikdə yerləşirdi. Ermənilər dəfələrlə kəndə hücüm etmələrinə baxmayarq, Fazil kimi oğulların sayəsində qorunb, müdafiə olunurdu. Yeni hücum planını həyata keçirən düşmənlər Abdal-Gülablıya növbəti dəfə basqın edir. Ağdam Polis bölməsi kəndin müdafiəsi üçün yeni qruplar yaradırdı. Fazil də qrup üzvləri arasında idi. Bu döyüş ağır döyüş olur. Bir neçə saat davam edir. Fazil onarın döyüşə gəldikləri maşınlarını qənimət götürür. Döyüşlərin qızğın yerində o, yaralanır. Onu xilas etmək mümkün olmur. Fazili Ağdamın Qarağacı kəndində dəfn edirlər.

  Qismətinə Laçında, dağlar qoynunda doğulmaq, şəhid olanda da Ağdamda torağa tapşırılmaq düşmüşdü. Torpağın hər qarışı Vətəndir! Bu hisdən üstün, ali hiss yoxdur! Qanda, candadır Vətən! Fazilin igidliyi gendən gəlirdi. Soltan bəyin nəslindən olan bu gənc elə lap uşaqlığından qoçaqlığı, çevikliyi, cəsur və qorxmazlığı, fərasəti ilə seçilirdi, fərqlənirdi. Yaşlı, dünya görmüş  ağsaqqallar hər zaman “Nəsildə yeganə uşaqdı ki, belə qoçaqdı, mərddi! Soltan bəyə oxşasa, bu uşaq oxşayacaq!” deyirdilər.

  Fazil Mehdiyev Ağdam rayonunun ikinci şəhididir. Deməli, şəhidliyin yolu da Fazildən başlayıb. Ali məqamın, uca zirvənin aparıcı qüvvəsi olub. Onun həm doğulduğu, həm uyuduğu torpaqlar 28 il ərzində düşmən tapdağı altında qaldı. Əzildi, tapdandı, tarmar oldu, viranəyə çevrildi. Daşını daş üstündə qoymadı yağı düşmən. Fazilin özü də o torpaqda uyudu, ruhu o torpaqlarda gəzib dolaşdı-nisgillə, nigarancasına, həm də incik! Bizə nə vaxtsa  əlçatmaz olan Qarabağ bu gün azaddır! İnanılmazdır, Fazil, amma bu həqiqətdir! Sənin kimi minlərlə şəhidimizin ruhu indi asudə dolaşır o yerlərdə, Laçının səfalı meşələrində, cənnətməkan Ələkçidə, Ağdamın canını qoyduğun, özünü  fəda etdiyin Abdal-Gülablıda, torpağında uyuduğun Qarağacıda. Sən, dağ vüqarlı dağlar oğlusan! Sənə, sənin adına da dağ əzəməti yaraşır, ruhuna da şiş dağların zirvəsi!

  44 günlük müharibəyə vətənimizin sənin kimi davamçıları-mərd, qorxmaz, çevik, vətənini canından artıq sevən minlərlə gənclər qoşuldular. Sizin qəhrəmanlıqlarınızdan bəhrələnərək, sizin adınız, andınız, amalınız uğurunda müharibəyə yollandılar! Qalib gəldilər! Tarixi ədalətin bərqərar olmasını, bərpa olunmasını, Birinci Qarabağ müharibəsində sizin tökülən qanlarınızın, Xocalı soy qırımının, Ballı qaya faciəsinin, əsir, girov götürülmüş günahsız mülki əhalimizin, heysiyyatı tapdanmış qız-gəlinlərimizin qanlarını yerdə qoymadılar. Addım-addım, qarış-qarış irəliləyərək, hər çığırdan başlanan müqəddəs Vətən torpaqlarımızı geri aldılar. Müharibə bitmədi! Bitə də bilməz! Neçə ki, tarixi torpaqlarımız-1918-ci ildə Sovet İttifaqının kəsilmiş qara əlləri xəritəmizə, ərazi bütövlüyümüzə müdaxilə edərək torpaqlarımızı pay verərək, çirkin niyyətli erməni qonşularımıza peşkəş etdiyi Qərbi Azərbaycanımızı da bərpa etməyənədək! Bu gün yenə də şəhidlərimiz var! Sentyabrın 11-dən 12-nə keçən gecədən rahatlığımız pozulub. Xain düşmən yenə nadancasına hər zaman olduğu kimi qorxudan gecə hücuma keçib. Amma “Qisas qiyamətə qalmaz!” Qərbi Azərbaycanın da bağlı qapıları üzümüzə açılacaq! İlk görüşə gedən siz, sizin ruhlarınız olacaq! Çünki, uğurunda fəda etdiyiniz canlara can borcunu verənlər, onların ruhları heç bir dünyəvi çərçivəyə sığmayan gücə-qüvvəyə malikdirlər! Sizin ruhlarınız daima bütün döyüşlərdə bir bələdçi olub! Ruhunuz qarşısında baş əyirik!

  Mehdiyev Fazil Umud oğlu 1991-ci il 24 sentyabrda Ağdamın Qarağacı kəndində dəfn olunub.

  Azərbaycan Respublikası Prezidentinin  8 oktyabr 1992-ci il tarixli  264 saylı fərmanı ilə ölümündən sonra Milli Qəhrəman adı verilmişdir.

 Bakının Nərimanov rayonunda büstü qoyulub.

 Səbail rayonunda adına küçə var.

Xətai prospekti 126 ünvanında Milli Qəhrəman Fazil Mehdiyevin şərəfinə kiçik park salınmış, onun büstü qoyulmuşdu.

Allah rəhmət eləsin!

 

 

Rəna İbrahimova



Xəbəri paylaş

1287 dəfə oxunub.

Digər xəbərlər