Saytımızı qiymətləndirin


 
 

Prezident İlham Əliyev “Baku Steel Company” MMC-nin Sumqayıt boruyayma zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib
Tarix: 15-12-2017 | Saat: 15:01
Bölmə:Manşet / Karusel / İqtisadiyyat | çapa göndər

 

"Qarabaginfo" AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də “Baku Steel Company” MMC-nin Sumqayıt boruyayma zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Dünyada maliyyə və iqtisadi böhranın davam etdiyi bir dövrdə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və sənayenin əsaslı şəkildə inkişafı başlıca prioritetlərdəndir. Qarşıya qoyulan əsas məqsədlərdən biri də ölkəmizin bütün regionlarında sənayeni daha da inkişaf etdirməkdir. Ölkənin qeyri-neft sektoruna yönəldilən investisiyalar Azərbaycan iqtisadiyyatının daha da inkişafına və keyfiyyətli yerli məhsullar istehsalının genişləndirilməsinə hərtərəfli təkan verir. Bu baxımdan “Baku Steel Company” MMC-nin Sumqayıt boruyayma zavodu ölkə iqtisadiyyatına mühüm töhfədir. Bu cür zavodların fəaliyyəti ölkə iqtisadiyyatının sənayeləşdirilməsinin sürətləndirilməsinə, yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşməsinə, rəqabətqabiliyyətli müasir və prioritet istehsal sahələrinin yaradılmasına, sənayenin innovasiyalar əsasında inkişafının və yeni iş yerlərinin açılmasının təmin edilməsinə xidmət edir. Hazırda enerjidən səmərəli istifadə edilən, yüksək əlavə dəyər yaradan və ən son elmi-texniki yeniliklərə əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi üçün respublikamızda yenidənqurma tədbirləri ardıcıl xarakter daşıyır. “Baku Steel Company” MMC-nin Sumqayıt boruyayma zavodunda da bu istiqamətdə tədbirlər davam etdirilir.

AZƏRTAC xəbər verir ki, “Baku Steel Company” MMC-nin müşahidə şurasının sədri Rasim Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verdi.

Bildirildi ki, Azərbaycan boruyayma zavodu 1947-ci ildə yaradılıb, tam gücü ilə istehsal fəaliyyətinə isə 1952-ci ilin dekabrında başlayıb. Keçmiş SSRİ ərazisində tikişsiz boru istehsal edən 26 müəssisədən biri olan bu zavodda çalışanların sayı 12 min nəfər, onun illik istehsal gücü isə 1 milyon ton məhsul təşkil edib. 1979-cu ildə ulu öndər Heydər Əliyevin tapşırığına əsasən zavodun ərazisində neft sənayesi üçün qazma borularının istehsalı sahəsi yaradılıb. Bununla da zavod keçmiş SSRİ məkanında qazma borusu istehsal edən 3 müəssisədən birinə çevrilib. Zavodda istehsal olunan qazma, qoruyucu, nasos-kompressor, neft-qaz boruları, həmçinin ümumi təyinatlı borular neft və maşınqayırma sənayesində geniş istifadə edilib. 1995-ci ildə zavod fəaliyyətini tamamilə dayandırıb. İstehsal sahələri və qurğuları texniki cəhətdən yararsız hala düşüb. 2016-cı ilin oktyabr ayında “Baku Steel Company” MMC-nin oksigen zavodunun açılışı zamanı Prezident İlham Əliyev Sumqayıt boruyayma zavodunun əsaslı yenidən qurulması və fəaliyyətə başlaması barədə tapşırıqlar verib. Həmin tapşırıqlar əsasında zavod qısa müddət ərzində yenidən qurulub və fəaliyyətə başlaması üçün tam hazır vəziyyətə gətirilib.

Dövlətimizin başçısı zavodu işə saldı.

Məlumat verildi ki, yenidənqurmadan sonra zavodun illik istehsal gücü 90 min tondan 200 min tona çatdırılıb. Müəssisədə quraşdırılan müasir avadanlıq keyfiyyətli məhsul əldə etməyə imkan verir. Quraşdırılan avadanlıq dünyanın bu sahədə aparıcı şirkətlərinin məhsuludur. Müəssisədə 531 nəfər daimi işlə təmin edilib ki, onların da orta aylıq əməkhaqqı 1500 manatdır. Zavodda 3 növbə üzrə 24 saatlıq rejimdə fəaliyyət göstərən 180 yerlik yeməkxana inşa edilib.

Müəssisənin mərkəzi sınaq laboratoriyası ABŞ, Avropa, Çin və Tayvanda istehsal olunan müasir avadanlıqlarla təchiz edilib. Laboratoriyada metalın bərkliyini, möhkəmliyini, axma həddini və nisbi uzanmasını təyin edən avadanlıq quraşdırılıb, mikro və makrostruktur analizlər üçün hər növ mikroskoplar, metalın kimyəvi tərkibini təyin etmək üçün spektrometr qoyulub. Azərbaycan istehsalı olan borular daxili bazarda satılmaqla yanaşı, xarici ölkələrə də ixrac ediləcək. Müəssisənin məhsullarının Almaniya, Hollandiya, Belçika, İtaliya, Avstriya, Türkiyə, Rusiya, Qazaxıstan, Litva və Ukraynaya ixracı nəzərdə tutulur.

Zavodun ərazisində geniş abadlıq işləri aparılıb, 38 min kvadratmetr sahədə yaşıllıq sahəsi salınıb.

Sonda xatirə şəkli çəkdirildi.



Xəbəri paylaş

741 dəfə oxunub.

Digər xəbərlər