Saytımızı qiymətləndirin


 
 

Prezidentin sərt tənqidi - Yunanıstan nəticə çıxaracaqmı?
Tarix: 03-09-2020 | Saat: 14:13
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

 

Prezidentin sərt tənqidi - Yunanıstan nəticə çıxaracaqmı?

Son bir neçə ayda Türkiyəyə qarşı yeni ittifaqlar yaradılır. Bu Cümhuriyyətə qarşı düşmənlik cildlər dəyişdirilərək davam edir. Türkiyənin Liviyadakı beynəlxalq ictimaiyyət tərəfindən tanınan hakimiyyətlə əməkdaşlığı dinindən asılı olmayaraq bir çox qüvvələr üçün tikana dönüb. Xüsusilə rəsmi Ankara Aralıq dənizinin şərqində geoloji kəşfiyyat işləri aparmağa başlayandan sonra həmin dövlətlər və Avropa İttifaqı içi üzünü göstərdi. Əlüstü Türkiyə ittiham olundu, bölgədə yeni sövdələşmələr əldə edildi. Hətta ABŞ uzun müddətdən bəri Kiprin yunan hissəsinə tətbiq etdiyi embarqonu zəiflətdi. Düzdür, bəziləri bunu Türkiyədəki hakimiyyətlə bağlamağa çalışır. Guya hakimiyyətdə Ədalət və İnkişaf Partiyası (AKP) olmasa idi, bu hadisələr baş verməzdi kimi məntiqsiz iddialara irəli sürür. Ancaq bu düşmənliyin əsası əsrlərdir. Sirr deyil ki, bu gün Türkiyəyə qarşı olanlar Osmanlı dövlətinə qarşı da olublar.

Deməli, Cümhuriyyət hərbi çevrilişlərdən xilas olduqdan sonra müstəqil dövlət olmaq xəttini tutdu. Bu siyasət davam edir, ona qarşı müxtəlif maneələr yaradılır. Azərbaycan və Türkiyə bir-birinin dostunu dost, düşmənini düşmən olaraq çoxdandır qəbul edib. Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında əsası qoyulan bu prinsip indi də davam edir. Bu ittifaqı daxildən və xaricdən pozmaq istəyənləri “ətlə dırnaq arasındakı tikan”ın aqibətini yaşayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edən zaman Türkiyə-Azərbaycan münasibətlərinə, Yunanıstan-Kipr-Ermənistan ittifaqına toxunub.

 

 

Yunanıstan Azərbaycanla əlaqələrini son illər zəiflədib. Prezident bu məsələyə toxunuraq bildirib: “Bildiyiniz kimi, mən sizin ölkənizə rəsmi səfər etmişəm, Yunanıstanın iki prezidenti Azərbaycanda rəsmi səfərdə olub, baş nazir gəlib. Lakin Yunanıstanın əvvəlki hökuməti hakimiyyətə gələndən sonra bu təmaslar dayanıb və bu, Yunanıstan hökumətinin təşəbbüsü olub. Beləliklə, hazırda bizim faktiki olaraq aktiv təmaslarımız, nümayəndə heyətlərinin mübadiləsi yoxdur. Bizim gələcəkdə əməkdaşlığımızı necə planlaşdırmaq barədə düşünməyə ehtiyacımız var”.

İlham Əlyevin yeni təyin olunan yunanıstanlı səfirlə açıq danışması iki ölkə arasındakı münasibətlərin göstəricisi də sayıla bilər: “Zənnimcə, yaxşı olar ki, harada olduğumuz, nə istədiyimiz və necə irəli getməyimizlə bağlı aydın anlayışa sahib olmaq üçün bir-birimizin mövqelərimizi bilək”.

Prezident iki ölkə arasındakı əməkdaşlığa mənfi təsir edən məsələlərdən bəhs edib: “Onlardan biri kimi Yunanıstanın qaz şirkəti “DESFA” ilə əlaqədardır. . Deyə bilərəm ki, bizim enerji şirkətimiz SOCAR Yunanıstan hökumətinin müraciəti əsasında “DESFA”nı almaq üçün tenderə qoşuldu. SOCAR-ın tender prosedurunda iştirak etməsini Yunanıstanın sabiq baş naziri cənab Samaras şəxsən məndən xahiş etdi. Açıq tender proseduru nəticəsində SOCAR ən yaxşı təklifi etdi və “DESFA”ya sahib olmaq hüququnu qazandı. Bu, bizim Cənub Qaz Dəhlizinin tikintisi ilə bağlı planlarımız baxımından da mühüm əhəmiyyət kəsb edirdi. Bu, təxminən 6 il bundan əvvəl olub. Həmin vaxt əlbəttə ki, biz Azərbaycanla Avropa arasında bağlantı inşa etməyi, sadəcə olaraq, planlaşdırırdıq və düşündük ki, əgər Azərbaycan Yunanıstanı qazla təchiz edəcəksə, bu qazı paylaşdıran şirkətə sahib olmaq da yaxşı olar. İstənilən halda biz qiymətin 10 faizini təşkil edən 40 milyon avro məbləğində avans ödənişi etdik və 4 il ərzində - 2014-cü ildən 2018-ci ilədək həmin vəsait Yunanıstan hökumətinin ixtiyarında olub. Lakin əfsuslar olsun ki, Yunanıstanın əvvəlki hökuməti SOCAR-ın bu hüququ itirməsi üçün hər şeyi etdi”.

 

 

İlham Əliyev bu məsələni Yunanıstanın əvvəlki siyasi hökumətinin Azərbaycana mənfi münasibətini də vurğulayıb. İki ölkə arasında əməkdaşlığa bu amilin mənfi təsir göstərdiyini bildirib: “Biz etimadı necə gücləndirə bilərik, əgər bizim şirkətimiz tenderdə qalib gələrək Avropa İttifaqına üzv ölkənin, Yunanıstanın şirkətini satın alır, sonra Yunanıstan hökuməti addımlar atır. Bu addım sizin parlamentdə yeni qanunun qəbulu sayəsində atıldı. Bu da həmin məsələni mümkünsüz etdi və sonra Avropa Komissiyası da 4 il ərzində bu sövdələşməni təsdiq etmədi. Mən dedim, bizə “yox” deyin, bizə “sizi istəmirik” deyin. Lakin bizi 4 il müddətində bu vəziyyətdə saxlamaq tərəfdaşlıq əlaməti deyil”.

Prezident Azərbaycan təbii qazının nəqli üçün TAP-ın yeganə vaiant olmadağını, Türkiyə ərazisinə çatandan sonra nəql olunması üçün bir neçə variantın olduğunu səfirin diqqətinə çatıdırıb.

İlham Əliyevin çıxışında Yunanıstanın Azərbaycana qarşı başqa məsələlərdə xoş davranmadığı qeyd edilib. Ermənistanın işğalçı mövqeyi, Xocalı soyqırımı, Azərbaycanla dövlət sərhədində təxribat törətməsi və başqa məsələlərdən danışan dövlət başçısı Yunanıstanın belə bir dövlətlə hərbi, siyasi, iqtisadi və sahələr üzrə əməkdaşlıq edib regionda təcavüzkarla ittifaq yaratmasından narahatlığını dilə gətirib.

Prezident Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginliyə toxunaraq deyib: “Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.

Əslində, bu, Azərbaycanın problemlərinin həllinə yardım edənlər və problemlər yaradanlar üçün də ismarışdır.  Yunanıstan əvvəllər Azərbaycanla əməkdaşlıq etdiyindən bunun müsbət nəticələri də olub. Rəsmi Afina Azərbaycana Türkiyə ilə eyni münasibət göstərdiyindən cavabın fərqli olacağını düşünənlər yanılırlar. 2020-ci ilin ilk 7 ayında Azərbaycanla Yunanıstan arasında xarici ticarət dövriyyəsi 323,5 mln ABŞ dolları təşkil edib. Cari ilin yanvar-iyul aylarında Yunansıtan Azərbaycandan 318,8 mln ABŞ dolları həcmində məhsul idxal edib. 2019-cu ildə Ermənistanla Yunanıstan arasında ticarət dövriyyəsi 18 mln 27 min 700 ABŞ dolları təşkil edib. Cari ilin göstəriciləri isə yayılmayıb. Bu o deməkdir ki, 2020-ci ildə bu iki ölkə arasında ticarət dövriyyəsi ya olmayıb, ya da o qədər az olub ki, tərəflər onu ictimaiyyətə açıqlamaqdan utanırlar. 

 

 

Rəqəmlərdən də göründüyü kimi, işğalçı Ermənistan Yunanıstan üçün güclü ticarət tərəfdaşı sayılmır. Onda belə bir sual meydana çıxır: kasıb və yoxsul Ermənistan Afinanın nəyinə lazımdır? Bunun bir başlıca cavabı var: hər ikisi türkü özünə düşmən sayır. Bu mövqe onların illər uzunu birgə fəaliyyətinə səbəb olub. Yunanların EOKA və ermənilərin ASALA adlı terror təşkilatlarının hədəfi türklər olub. Yoxsa Yunanıstan - Cənubi Kipr - Ermənistandakı hökumətlər bu təşkilatın ideyasını ittifaq yaratmaqla siyasi müstəvidə həyata keçirirlər? Bütün hallarda düşmənlər dəyişmədiyi kimi, dostlar da dəyişmir. Çünki mövqelər oxşardır. Azərbaycanla Türkiyə təkcə dost və qardaş deyil, həm də ortaq mövqeləri var. Ancaq bu ittifaqdan Yunanıstana heç bir ziyan yoxdur. Bu baxımdan xoflanıb Ermənistandan Azərbaycan və Türkiyəyə qarşı istifadə etmək cəhdi Afinanı xain göstərir. Odur ki, düşmənlik etmək, dostluğa və əməkdaşlığa zərbə vurur. Yunanıstandakı hökumət böhranlardan çıxmaq üçün Almaniyanın, Ermənistandakı hakimiyyət isə Rusiyanın qapısını kəsdirir. Bu vəziyyətdən xilas olmağın yolu isə əməkdaşlıqdır. Təəssüf ki, ASALA və EOKA düşüncəsi buna mane olur. "Report"



Xəbəri paylaş

530 dəfə oxunub.

Digər xəbərlər