Saytımızı qiymətləndirin


 
 

İlham Əliyev: "İçərişəhərin tarixi simasının qorunması şəxsən nəzarətimdədir"
Tarix: 03-03-2022 | Saat: 13:08
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər

 

İlham Əliyev: İçərişəhərin tarixi simasının qorunması şəxsən nəzarətimdədir

"İçərişəhər Bakı şəhərinin özəyidir. Bakı şəhərini İçərişəhərsiz təsəvvür etmək mümkün deyil. Ancaq inzibati bölgü nöqteyi-nəzərdən mənim sərəncamımla bir neçə il bundan əvvəl İçərişəhərdə xüsusi idarəetmə mexanizmi yaradılmışdır, idarə yaradılmışdır".

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 3-də Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib.

"İnzibati nöqteyi-nəzərdən İçərişəhər müstəqil inzibati vahiddir, ancaq Bakı şəhərinin bir hissəsidir. Bakı şəhərinin gözəlliyi bu gün heç kimə sirr deyil və Bakıya gələn hər bir xarici qonaq Bakıya heyran olur. Əminəm ki, hər gələn, xüsusilə ilk dəfə Bakıya gələn xarici qonaq mütləq İçərişəhərə baş çəkir, İçərişəhərlə, orada yerləşən abidələrlə tanış olur və bir daha görür ki, Azərbaycan xalqı böyük xalqdır, qədim xalqdır, istedadlı xalqdır. Ancaq böyük və istedadlı xalq belə möhtəşəm, dünya əhəmiyyətli abidə yarada bilər. Bir daha demək istəyirəm ki, İçərişəhərin hər bir hissəsi, hər bir guşəsi əhəmiyyətlidir və eyni zamanda, İçərişəhər sadəcə olaraq açıq səma altında muzey deyil. İçərişəhərdə insanlar yaşayır, əsrlərboyu yaşayıb. Hamımız yaxşı bilirik ki, Bakının təməli məhz İçərişəhərdə qoyulubdur və qədim dövrlərdə Qala divarlarının kənarında heç bir tikili yox idi. Bu gün də İçərişəhərdə insanlar yaşayır və onların rahatlığı üçün əlbəttə ki, böyük işlər görülür və görüləcəkdir. Eyni zamanda, bir daha demək istəyirəm ki, İçərişəhər həm Bakı sakinləri, həm bütün Azərbaycan vətəndaşları, xarici qonaqlar üçün çox cəlbedici yerdir və məhz buna görə İçərişəhərə hər gün böyük axın var. Bütün bunları nəzərə alaraq işlər elə qurulmalıdır ki, orada yaşayan insanlar əziyyət çəkməsinlər, eyni zamanda, turistlər, qonaqlar üçün də lazımi şərait yaradılsın. Son illər ərzində bu istiqamətdə böyük işlər görülübdür. İçərişəhərin tarixi simasının qorunması şəxsən mənim nəzarətimdədir və əminəm ki, sizin rəhbərliyinizlə İdarə qarşıda duran yeni vəzifələri uğurla icra edəcək. İçərişəhər əbədi yaşayacaq və yaşamalıdır. Biz də, bizdən sonra gələn nəsillər də haqlı olaraq İçərişəhərlə fəxr edəcəklər", - deyə dövlət başçısı vurğulayıb.



Xəbəri paylaş

1303 dəfə oxunub.

Digər xəbərlər